İlham Əliyev Ermənistanın təxribatlarının səbəbini açıqladı

  25 Sentyabr 2020    Oxunub : 6830
 İlham Əliyev Ermənistanın təxribatlarının səbəbini açıqladı
Keçən dəfə fevral ayındakı görüşümüzdən bəri regionumuzda bir çox şey dəyişib. Əfsuslar olsun ki, region daha təhlükəsiz bir məkana çevrilməyib. Təəssüf ki, vəziyyət mənfi məcraya doğru gedir. Bu da əsasən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə baş verir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Prezident bildirib ki, ən təcavüzkar addım Ermənistan tərəfindən iyulun 12-də atılıb: "Onlar bizim hərbi mövqeləri və kəndlərimizi atəşə tutmaq üçün artilleriyadan istifadə etmişlər. Bunun nəticəsində hərbi qulluqçular arasında itkilər olmuşdur və bir mülki şəxs də öldürülmüşdür. Ermənistanla dövlət sərhədinə yaxın kəndlərdə bir çox evlər darmadağın edilmişdir. Bundan əvvəl yenə də Ermənistan və Azərbaycan arasında dövlət sərhədində Ermənistanın hərbi təxribatları müntəzəm xarakter daşıyırdı. Lakin budəfəki kimi təcavüzkar formada olmamışdır.

Bildiyiniz kimi, bir müddət əvvəl sərhəddən ordumuz çıxarılmışdır və indi Ermənistanla dövlət sərhədinin böyük bir hissəsi sərhəd xidməti tərəfindən mühafizə olunur. Bu, bizim Ermənistanla dövlət sərhədində heç bir hərbi niyyətlərimizin olmadığını göstərir. Ola bilsin ki, bu, onlara yanlış bir mesaj idi. Onlar bizə hücum edə biləcəklərini, dövlət sərhədini keçə biləcəklərini və yeni əraziləri işğal edə biləcəklərini düşündülər. Bu, Ermənistanın müdafiə nazirinin bəyanatına müvafiqdir. O, bu bəyanatı Amerika Birləşmiş Ştatlarında olarkən vermişdir və demişdir ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. Bu, Ermənistanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirir".

Dövlət başçısı əlavə edib ki, iyulda hücumların məqsədi, əsasən Azərbaycanın yeni ərazilərini işğal etmək və sonra danışıqlar masasında daha güclü mövqeyə malik olmaq idi.
“Ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızdayıq” - Prezidentə yazırlar

"İkinci səbəb Ermənistan əhalisinin diqqətini daxili problem və çətinliklərdən yayındırmaq idi. Növbəti səbəb, zənnimcə, onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirdilər. Məğlub olduqdan dərhal sonra onlar yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdilər.

Səbəblərdən biri də danışıqlar prosesini pozmaq idi. Bəlkə də başqa səbəblər var idi, lakin düşünürəm ki, bunlar əsas səbəblər idi. Onlar məqsədlərinə nail ola bilmədilər. Onlar yalnız bir məqsədə nail oldular, bu da danışıqların dayanmasıdır. Bütün məsuliyyət Ermənistanın üzərindədir. Onlar danışıqları aparmaq istəmədiklərini nümayiş etdirdilər. İşğal olunmuş ərazilərdə, Xankəndidə Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı faktiki olaraq Ermənistanın danışıqları tərk etməsini nümayiş etdirirdi. Çünki əks halda o, bu qəbuledilməz və yanlış bəyanatı səsləndirməkdən çəkinərdi".

Azvision.az

Teqlər: İlham-Əliyev   Qarabağ   Avropa