Prezident BMT-də Ermənistanın işğalçı planlarını ifşa etdi - ŞƏRH

 Prezident BMT-də Ermənistanın işğalçı planlarını ifşa etdi -  ŞƏRH
  25 Sentyabr 2020    Oxunub:2584
Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev debatlarda videoformatda çıxış edərək bir sıra vacib məsələlərə toxunub. Bunlardan biri də Ermənistanın işğalçılıq siyasətini indi daha təhlükəli formada davam etdirməsi olub. Çıxışında rəsmi İrəvanın işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni şəkildə məskunlaşdırma aparmasını önə çəkən ölkə başçısı bura Suriya, Livan və digər ölkələrdən erməni ailələrinin gətirilməsinin müharibə cinayəti olduğunu deyib.
“Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz”- deyən Prezident erməni terrorçularının iş başında olması, ümumilikdə isə Ermənistanın müharibəyə hazırlaşmasından da söz açıb.

Siyasi ekspertlər BMT kimi dünya mətbuatının və ümumilikdə dünya ictimaiyyətinin yaxından izlədiyi nüfuzlu təşkilatın tribunasından səsləndirilən faktların, işğalçılıq siyasətinin gücləndirilməsi ilə bağlı yeni detalların ifşa edilməsinin mühüm əhəmiyyətə malik olduğunu düşünürlər.
Prezident BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış etdi

Politoloq Qabil Hüseynli Azvision.az -a şərhində dünya ictimaiyyətinə son dövrlərdə Ermənistanın ortaya qoyduğu təxribatçı əməllərin çatdırılmasının vacib olduğunu söyləyib. O, mötəbər təşkilatlardakı çıxışlarda səsləndirilən fikirlərin daha çox diqqət çəkdiyini vurğulayıb:

“Ermənistanın fürsətdən istifadə edib həm işğal altında olan təbii sərvətlərimizi talaması, həm də son zamanlar bizi daha çox narahat edən köçürmə siyasətini aktivləşdirməsini daim gündəmdə saxlamalıyıq. Belə faktların ölkə başçısının dilindən BMT-də səsləndirilməsi məsələdən hali olmayan bir çox nüfuzlu media və ya təşkilatların diqqətini bu istiqamətə çəkə bilər. Təbii ki, işğalçının bəzən qapalı, bəzən isə aşkar şəkildə beynəlxalq qanunları tapdalayan bu cür əməllərini ifşa edən çıxışların əhəmiyyəti böyükdür. BMT dünyada sülhü və əmin-amanlığı qoruyan ən mötəbər təşkilatdır. Onun tribunasından mövcud problemlərin və Ermənistanın yaratdığı yeni ciddi təhlükə və təhdidlərin ölkənin bir nömrəli şəxsi tərəfindən söylənilməsi dünya ictimai rəyinin formalaşdırılması baxımından prinsipial əhəmiyyətə malikdir”.



Politoloqun sözlərinə görə, BMT-nin özünün qəbul etdiyi məlum 4 qətnaməsi var, ölkə başçısı onları haqlı olaraq xatırlatdı və təşkilata göstərdi ki, qərar və qətnamələri qəbul etməklə kifayətlənmək yetərli deyil. İcra mexanizmləri də olmalıdır ki, sonluq belə təhlükəli tendensiyalara gətirib çıxarmasın: “Prezident haqlı olaraq onu da bildirdi ki, Ermənistan siyasi rəhbərliyi bölgədə sülhün yaranması, möhkəmlənməsi üçün səylər əvəzinə, yeni müharibə ocaqlarının yaradılması sevdasına düşüb. Ölkə başçısı bu nöqteyi-nəzərdən Qarabağ danışıqları ətrafında hər şeyin rəvan olmadığını, işğalçı ölkənin nələrəsə və ya kimlərəsə arxayın olaraq yeni təxribatlara qol qoyduğunu dünyaya çatdırdı.

Əlbəttə, mən demirəm ki, bu cür çıxışlar, ifşa edilən faktlardan sonra danışıqlar prosesində inqilabi dəyişikliklərə nail olunacaq. Hər halda, dünya ictimai rəyinə yeni-yeni bilgilər verildi ki, bunun da əhəmiyyəti böyükdür”.



Qabil Hüseynlinin fikrincə, bölgədə qeyri-qanuni məskunlaşdırma proseslərinin məhz Livan hadisələrindən sonra baş verməsi təsadüfdən yaranmayıb. Bunun özü də növbəti erməni fürsətçilliyinin nümunəsidir: “Nəinki Livan ermənilərinin Qarabağda məskunlaşdırılmasının, müəyyən qeyri-qanuni iqtisadi fəaliyyətlərin də şahidi oluruq. Artıq bu məsələləri hansısa kəşfiyyat məlumatları ilə deyil, aşkar şəkildə görürük. Livan, İraq, Suriya və digər qaynar nöqtələrdən ermənilərin, PKK dəstələrinin işğal altında olan nəzarətsiz zonalara daşınması ciddi siqnallardır. Bunun ardı gəlsə, ümumən region ölkələri üçün gələcəkdə qarşısıalınmaz faciələrə səbəb ola bilər. Zənnimcə, Azərbaycan tərəfi bu istiqamətdə dəqiq məlumatlar toplayandan sonra həm ATƏT-in faktaraşdırıcı missiyasına, həm də BMT-nin özünə müraciət edəcək. Çünki bu formada, dünyaya meydan oxuyurmuş kimi nümayişkaranə köçürmə siyasəti davam edə bilməz. Köçürmə ilə bağlı təhlükələr ilbəil daha da artır. Düşünürəm ki, bunun qarşısı alınmasa, Azərbaycan özü müəyyən addımlar atmaq məcburiyyətində qalacaq. Bu mənada belə vacib məsələlərin müzakirəsinə və ya gündəmdə saxlanmasına, Ermənistanın mötəbər təşkilatlarda davamlı şəkildə ifşasına ciddi ehtiyac yaranmışdı ki, ölkə başçısı haqlı olaraq müəyyən iradlar, tövsiyə və xəbərdarlıqlarla Azərbaycanın mövqeyini dilə gətirdi”.

Tural Tağıyev
Azvision.az


Teqlər:   BMT   Ermənistan  





Xəbər lenti