Cənab kapitan şəhidliyin mübarək!

Cənab kapitan şəhidliyin mübarək!
  29 Yanvar 2014    Oxunub:2374
Şəhid leytenant Elnur Cəfərova…
Heç vaxt torpaq uğrunda canını fəda edən bir şəhidimiz haqqında yazmamışam. Hətta iki doğma insanımı şəhid verəndə belə. Düşünmüşəm ki, bu onların vətən borcudur. Birdə axı şəhid haqqında nə yazım ki, onun əməlindən uca olsun?! O torpaq üzərinə tökdüyü qanı ilə özü haqda hər şeyi demiş olur. Amma, illər keçdi və elə bir an gəldi ki, biz şou insanı olduq. Hansısa müğəninin maşını, kəsdirdiyi burnu, dizindən yuxarı ətəyi bizim başımızı da elə o ətək səviyyəsində saxladı.

Milli qəhrəmanlarımızdan, şəhidlərimizdən yazmadıqca, tanıtmadıqca, hələ də “20 yanvarın” Qubadlıda baş verdiyini deyən gənclər tapıldı. Biz qələm tutanlar isə o gəncləri qınadıq…Ona görə də qərara gəldim ki, bacardığım qədər və mənə bu imkanı yaradan xəbər portal, qəzet, jurnal olduqca şəhidlərdən yazacam. Bəlkə oxunma sayı o sayta reytinq gətirməyəcək, amma zamanla dəyişəcək. Çünki təbliğat və media hər şeyə qadirdir…

Son günlər cəbhə xəttində fəallaşma var. Bu müddət ərzində İki şəhidimiz olub. Kapitan Elnur Cəfərov və leytenant Sahib Əzizov…Bu gün Elnur Cəfərovdan yazacam. Onun yarım qalmış, amma şərəflə keçdiyi ömründən. Biz onun haqqında iki dəfə danışdıq. Bir şəhid olanda, bir də dəfn olunanda. Amma, onu tanımadıq. Bəlkə, bəzilərimiz Elnurun şəhidliyinə təsadüf kimi də baxdıq. Elnurun ailə üzvlərindən biri – dayısı oğlu Samir Cəfərovla danışdım. Onun haqqında bilgi almaq, şəhidliyə qədərki həyat tərzini bilmək istədim. Bir daha anladım ki, qəhrəmanlar, cəsur ürəkli insanalar sonradan yaradıla bilməz. Onlar doğuşdan cəsurdular.

Kapitan Elnur Cəfərov. 1978-ci ildə Naxçıvanın MR-nın Şərur rayonun Axamməd kənində dünyaya göz açıb. Zəhmətkeş ailənin övladı kimi böyüyüb və orta məktəbi 8-ci sinfə qədər bu kənnddə oxuyub. Orta məktəbdə oxuyanda Sədi adlı kəndlisi şəhid olub. Elnurda deyib ki, mən də Sədi kimi hərbçi, sonra isə olacam. Öz taleyini hələ məktəbdə oxuyanda müəyyənləşdirib. Daha sonra onun hərbi həyatı başlayıb. Elnur Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunub. Liseyi bitidikdən sonra isə təhsilini Silahlı Qüvvələrin hərbi Akademiyasında davam etdirib. Akademiyanı bitirəndən sonra o cəbhə xəttinə Ağdama gedib. Ağdamda xidəmət edib, sonra Fizuli rayonuna ön xəttə təynat alıb. Oardan yenə təkrar Ağdama, Tovuza təkarar Fizuliyə…Hərbi məktəbi bitirdikdən sonra Elnur bir gün belə arxa cəbhədə xidmət etməyib…



Ailəsi bir neçə dəfə israr edib ki, heç olmasa imkan olsa bir az arxa cəbhəyə keç. Ən azından bizim ürəyimiz azda olsa rahatlansın. Elnurun cavabı belə olub: “Arxa cəbhədə yazı yazmaq üçün hərbi sistemə gəlmək gülüncdür. Torpaqlar işğalda mən arxa cəbhədə hansı vətənə xidmətdən danışa bilərəm”. Anası deyir ki, həmişə oğlunun şəhid olmasından qorxub. Şəhid xəbərləri gələndə oğlunun adı çıxmasın deyə dua edib. Amma cəbhədən bir gün qara xəbər alacağını da bilib. Çünki Elnur dəfələrlə deyib ki, “bir ermənidən belə şəhidlərimizin qanın alıb ölsəm xoşbəxt olaram”. Ailəsi isə oğlanlarının ölüm yox toy günün görmək istəyirdilər. Elnur Turanə adlı xanımla ailə qurdu. Amma ailə bağı belə onu cəbhə xəttində xidmətini əngəlləyə bilmədi. Məhəmməd adlı oğlu, Nuray adlı qızı dünyaya gəldi. İndi oğlunun 5, qızının 3 yaşı var. Onlar atalarını itirib, bir şəhid qazandılar. Elnur övladını, gözü yolda qalan gənc həyat yoldaşını, ağ saçlı anasını deyil “xoşbəxt ölümü” seçdi və elə arzuladığı kimi də şəhid oldu…Bizə isə sadəcə bunu demək qalar “şəhidliyin mübarək”...

Məhsəti Şərif, İstanbul


Teqlər:  





Xəbər lenti