DYP “Pikap”ların saxlanılmasına aydınlıq gətirdi

  22 Sentyabr 2020    Oxunub : 11327
 DYP “Pikap”ların saxlanılmasına aydınlıq gətirdi
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi “pikap” tipli avtomobillərin yol patrul xidməti postlarında saxlanılmasının səbəbləri barədə məlumat yayıb.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları”na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə DİN-in dövlət yol polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.

“Pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyənləşdirilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir”, - deyə məlumatda qeyd edilib.

Azvision.az

Teqlər: Pikap   DYP