Poliklinikalar əvvəlki iş rejiminə qayıdıb

 Poliklinikalar əvvəlki iş rejiminə qayıdıb
  18 Sentyabr 2020    Oxunub:3103
Hazırda karantin qaydalarının yumşalmasından sonra poliklinikalar öz fəaliyyətlərini standart qrafik üzrə bərpa edib və bütün tibb heyət tam şəkildə iş cədvəlinə uyğun işləyir.
Azvision.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva bildirib.

Onun sözlərinə görə, indi həm böyük, həm də uşaq poliklinikalarında sahə həkimi və ya ixtisaslı həkimlərin qəbuluna rahatlıqla düşmək üçün vətəndaşlar qeydiyyat şöbəsinə müraciət edib, yazıla bilərlər.

"Pasiyentlər öncədən təyin olunmuş vaxtda qəbula gəldiklərinə görə poliklinikalarda heç bir sıxlıq yaşanmır. Pasientlərin təxirəsalınmaz tibbi yardıma ehtiyacları olan təqdirdə qəbula yazılmadan da düşmək mümkündür. Poliklinikaya daxil olan hər bir şəxs girişdə qarşılanır, onun hərarəti təmassız termometr vasitəsilə ölçülür. Poliklinikanın girişində spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələr yerləşdirilib. Poliklinikalara gələnlərin bədən temperaturu 37.100C və daha yuxarı olduğu müəyyən olunduğu halda, onların poliklinikaya daxil olmaqlarına qadağa qoyulur. Bundan sonra həmin şəxslər birbaşa poliklinikanın nəzdində olan və yaşayış yerlərinə aid olan sahə məntəqələrinə yönləndirilir. Sahə məntəqələrində onlardan test nümunələri götürülür və həmçinin, şikayətlərinə görə, həkim tərəfindən müvafiq məsləhətlər verilir”.

Esmira Hacıyeva Bakı şəhər poliklinikalarında hazırda planlı və diaqnostik tibbi müayinələrin necə aparılması haqda da danışıb: "Bu müayinələr öz standard qrafiki üzrə aparılır. Sahə həkimi öz sahəsinə aid olan poliklinikada qeydiyyatda olan xəstələri ilə əlaqə saxlayıb, vaxt təyin edib poliklinikaya planlı müalicəyə dəvət edir. Lakin xəstə COVID-19 virusuna yoluxmaq üzrə yüksək risk qrupuna daxildirsə (65 yaş və yuxarı, ürək xəstəliyi, diabet və ağciyər xəstəlikləri olan şəxlər) sahə həkimi xəstəyə evdə baş çəkir və ona müvafiq tövsiyələr verir. Hətta hamilə qadınların Səhiyyə Nazirliyinin müvafiq kliniki protokoluna uyğun olaraq mütəmadi müayinələri həyata keçirilir”.

Poliklikalarda dispanserizasiya və vaksinasiya prosesləri haqqında söhbət açan sektor müdiriqeyd edib ki, ölkədaxili sərt karantin dövründə dispanserizasiyanın həyata keçirilməsi məhdudlaşdırılib.

"Karantin qaydalarının yumşalamasından sonra dispanserizasiya prosesi yenidən bərpa olunub. Eyni vəziyyət uşaq tibb müəssisələrində uşaqların planlı peyvəndlərlə əhatə olunması prosesinə öz təsirini göstərib. Hal-hazırda peyvəndlərin aparılması, hər zaman olduğu kimi, Milli Peyvənd Təqviminə görə həyata keçirilir".

Esmira Hacıyeva imtiyazlı qruplara daxil olan xəstələrin resept üzrə dərman preparatları ilə təmin olunduqları haqqında danışıb. Onun verdiyi məlumata görə, poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti fəaliyyət göstərir və bu xidmət vasitəsilə onlar adi qaydada öz dərmanlarını alırlar.

"Eyni zamanda, yüksək risk qrupuna daxil olan xəstələrin yaxınları dərmanları müvafiq poliklikanın nəzdində fəaliyyət göstərən apteklərdən resepti təqdim etməklə ala bilərlər. Digər xəstələr sahə həkiminin qəbulundan sonra əczanəyə yaxınlaşıb, dərmanları adi qaydada əldə edirlər".

Daha sonra Bakı şəhər poliklinikalarının binalarında görülən sanitar-epidemioloji tədbirlərin təşkili haqqında məlumat verilib.

"Poliklinika binasının bütün korpuslarındakı otaqlar və koridorların pəncərələri gündə ən azı iki dəfə açılıb, mütəmadi havalandırılır. Giriş, çıxış, koridor və otaqlarda əllərlə tez-tez təmas edilən səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsi haqda danışıb".

Səhiyyə Nazirliyinin rəsmisi Esmira Hacıyeva Bakı şəhər poliklinikalarında çalışan tibbi heyətin təhlükəsizliyinin təmin olunduğunu vurğulayıb. O, koronavirusunun sürətli yayıldığı mərhələdə (Aprel-İyun aylarında) müvafiq qoruyucu geyimlərlə (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska və s.) təmin olunmuş Bakı şəhər poliklinikalarının bütün tibbi və texniki heyətinin COVID-19 testindən növbəli şəkildə keçirilməsinin təşkil olunduğunu qeyd edib.

Azvision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Koronavirus   Polklinika  





Xəbər lenti