Deputat sosial şəbəkələrlə bağlı təklifini belə əsaslandırdı

 Deputat sosial şəbəkələrlə bağlı təklifini belə əsaslandırdı
  17 Sentyabr 2020    Oxunub:4410
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Jalə Əhmədova sosial şəbəkələrdən istifadə zamanı şəxsiyyət vəsiqəsindən istifadənin vacibliyini önə çəkib.
Millət vəkili yenidən gündəmə gətirilən sözügedən təkliflə bağlı Azvision.az -a verdiyi açıqlamada deyib ki, sosial şəbəkələrə nəzarət mexanizmi olmasa da, günbəgün artan təhqirlərin yaratdığı acı nəticələr və müəyyən hüquqi boşluqlar nə vaxtsa bunu zəruri edəcək:

“Fikir azadlığının mövcudluğunu anlayıram və dəstəkləyirəm. Lakin bu heç kimə digər bir şəxsi istər sosial mediada, istərsə də canlı həyatda alçaltmaq, onun ləyaqətinə toxunmaq və təhqir etmək üçün bəhanə olmamalıdır. Real həyatda kimisə təhqir edəndə buna hüquqi qiymət verilir. Virtual şəkildə, sosial şəbəkələrdə bu baş verəndə niyə cəzasızlıq mühiti yaranmalıdır? Son zamanlar sosial şəbəkələrdə saxta hesablar vasitəsi ilə insanları təhqiretmə halları çoxalıb və təbii ki, bu öncə bir vətəndaş kimi məni də narahat edir. Bu cür nalayiq hərəkətlərə yol verən şəxslər qarşısındakı insanın hislərini də nəzərə almalıdır. Hər təhqir edilmiş şəxs bunu asanlıqla unutmur. Bəlkə də çox ciddi psixoloji zərbə alır. Tənqidlə təhqir tamam ayrı anlayışlardır. Əfsuslar olsun ki, bəzən bir çoxları bunu anlamır”.



Millət vəkili qeyd edib ki, o, bu kimi ilbəil çoxalan mənfi elementlərin aradan qaldırılmasına zərurət yaranacağı üçün belə təklifi irəli sürüb. Təklif isə çox sadədir - ən çox istifadə edilən sosial şəbəkələrdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan keçməlisən: “Beləliklə öz şəxsi məlumatları ilə hesab açan şəxsdə məsuliyyət hissi yaranacaq və zəruri olduğu halda hüquq-mühafizə orqanları hesabın sahibini asanlıqla tapıb məsuliyyətə cəlb edə biləcək.

Düşünürəm ki, bu təşəbbüs həyata keçərsə, hazırda sosial mediada daha çox yayılan yalan məlumatlar, ictimai fikrin mənfi istiqamətdə yönləndirilməsi halları, yersiz təhqirlər və bu kimi mənfi elementlər kəskin şəkildə azalacaq. Məncə, bu nə zamansa baş verəcək. Ya təklif olunan FİN koddan istifadə forması, ya da hansısa uyğun bir variant tapılacaqdır ki, sosial aləmdə yaranmış xaotik vəziyyətə son qoyulsun. Əks təqdirdə illərlə sosial şəbəkələrdən öz çirkin məqsədləri üçün yararlananlar bundan sonra da müəyyən mənada cəzasızlıq mühitini görüb saxta ad altında insanlarımızı söyüş, təhqir və ya təhdidləri ilə narahat edəcəklər”.

Qeyd edək ki, deputatın “sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır” fikri müzakirələrə səbəb olub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Sosial-şəbəkə  





Xəbər lenti