15 sentyabr: Qardaşlığın əbədilik rəmzi

  15 sentyabr:  Qardaşlığın əbədilik rəmzi
  15 Sentyabr 2020    Oxunub:7548
Bu gün Bakının işğaldan azad edilməsindən 102 il ötür. 15 sentyabr Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədilik, sarsılmazlıq rəmzi kimi tarixə düşüb.
102 il əvvəl Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə göndərilib. Həmin dövrdə bolşevik-daşnak silahlı birləşmələri ölkəmizin ayrı-ayrı bölgələrində azərbaycanlıları türk-müsəlman deyərək kütləvi şəkildə öldürür, amansız işgəncələrə məruz qoyurdular. Çıxılmaz vəziyyətlə üzləşən Azərbaycanın bir neçə yerə parçalanması təhlükəsi yaranmışdı.

Azərbaycanın işğalçı və soyqırım törədən silahlı dəstələrdən azad olunması Qafqaz İslam Ordusu və yeni təşkil olunan Milli Ordu birləşmələrinin birgə səyi nəticəsində baş verdi. Bir neçə istiqamətdə, o cümlədən Göyçay yaxınlığında bolşevik-daşnak birləşmələrini ağır məğlubiyyətə uğradaraq Bakıya doğru irəliləyən Nuru Paşanın rəhbərlik etdiyi ordu Şamaxı, Kürdəmir və digər yaşayış məntəqələrini də işğaldan azad etməyi bacardı. Sentyabrın 15-də günorta saatlarına kimi davam edən döyüşlərdən sonra Bakı şəhəri işğaldan azad edildi. Bu münasibətlə sentyabrın 16-da indiki Sahil bağında Qafqaz İslam Ordusu və Azərbaycan qoşunlarının rəsmi paradı keçirildi. Həmçinin bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçürüldü və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edildi.



Tarixçilərin də qeyd etdiyi kimi Qafqaz İslam Ordusu və Milli Ordu birləşmələri 1918-ci ildə Bakıda uğurlu hərbi əməliyyatlar apararaq strateji əhəmiyyətli şəhəri azad etməsəydi, çox güman ki, indi Azərbaycan tarixi fərqli istiqamətdə yazılmışdı.

Əbədi qardaşlıq nümunəsi...

Zamanında əlindən gələn dəstəyi əsirgəməyən türk ordusu, qardaş ölkə bir əsrə yaxın Sovet əsarətindən sonra da Azərbaycanın səsinə səs verdi, müstəqilliyimizi tanıyan ilk dövlət kimi tarixə düşdü. Təsadüfi deyil ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkə məhz Türkiyə oldu. 90-cı illərin əvvəllərində ölkəmizdə yaranmış siyasi-iqtisadi xaosdan istifadə edən mənfur qonşumuzun, Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi zamanı da Türkiyə azərbaycanlı qardaşlarının yanında olduğunu bir neçə jesti ilə sübut etdi. Ermənistanla sərhədlərini bağlayan rəsmi Ankara işğal faktoru aradan qalxmayana qədər gediş-gəlişin açılmayacağını bəyan etdi. Bununla işğalçı ölkəylə iqtisadi bağlantılarını sıfır səviyyəsinə endirən Türkiyə əvəzində Azərbaycanla bir sıra mühüm regional və beynəlxalq layihələrə qol qoydu.



Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı–Tbilisi–Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr buna ən gözəl nümunə ola bilər. Türkiyə ilə birgə həyata keçirilən bu kimi nəqliyyat və digər tarixi əhəmiyyətə malik beynəlxalq layihələr hazırda yalnız bizə deyil, ümumilikdə bütün regiona töhfə verir. Bu gün iki qardaş ölkə arasında iqtisadi bağlar o qədər möhkəmdir ki, Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biri sayılır. Hətta bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci ölkə yoxdur.

Türk ordusu yenidən Bakıda...

Azərbaycan özünün ikinci müstəqilliyini əldə edərkən onu qoruyub saxlaması üçün xeyli qurbanlar verib. Bu gün ölkəmizin iqtisadi və siyasi cəhətdən güclü qalması, onun güclü orduya malik olması müstəqilliyin qarantı sayıla bilər.



102 il əvvəl Bakıya zəfər yürüşü ilə daxil olan türk ordusu son illər paytaxtımıza ordu bayramlarımızı təbrik etmək və qardaş ölkənin daim yanında olduqlarını göstərmək üçün təşrif buyurur.

Xatırlayırsınızsa, 2018-ci ildə Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş tarixi parad keçirildi. Həmin paradda Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə yanaşı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdi. Parad diqqət çəkən maraqlı məqamlarla yaddaşlara həkk olundu.



Bütün dünyada öz peşəkarlığından və adından söz açdırmağı bacaran Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları, səmada Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli çəkmələri qardaşlıq sevgisi üçün ən gözəl nümunələrdən sayıla bilər.



Həmçinin paradda Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil olması da müəyyən bir mesaj xarakteri daşıyan məqamlardan oldu. Bakının azad olunmasının 100 illiyi ilə bağlı təntənəli paraddan sonra Prezident İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Qız qalasının qarşısında əsgərlərlə görüşüb, onlarla xatirə şəkilləri çəkdirmələri həmin tarixi günün xoş xatirəsi kimi yadda qaldı.



Türkiyə ilə Azərbaycan arasında olan hərbi əməkdaşlıq iki qardaş ölkənin ordu quruculuğunun bir-birinə dəstək formasında aparılması siyasəti bu gün də uğurla davam etdirilir. Hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə hərbi təlimlər keçirilir.



Bu xüsusda Azərbaycana qarşı olacaq istənilən hərbi təhdidin qarşısında yenidən türk ordusunun duracağı mesajı işğalçı Ermənistanı və onun himayədarlarını ciddi narahat edən məqamlardandır.



Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu yaxınlarda Prezident İlham Əliyevlə görüşündə Tovuz hadisələrinə toxunaraq bildirdi ki, Türkiyədə 83 milyonluq xalqın nəbzi Azərbaycan ilə döyünür: “Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik”.

Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri elə bir səviyyəyə çatıb ki, artıq bu gün ötən əsrin əvvəllərində Bakının işğaldan azad olunmasında böyük rol oynamış türk ordusu ilə Azərbaycan ordusu arasında heç bir fərq qoyulmur. Hər iki ölkənin ordu tarixinə şanlı və tarixi əhəmiyyətli qələbə kimi yazılan 15 sentyabr isə ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini aydın əks etdirir.



Bu gün Prezident İlham Əliyevin qardaş ölkə lideri Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda qeyd edildiyi ki, Azərbaycan-Türkiyə qardaşlığı dünya üçün nümunədir.

"Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Sizin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarınızı Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir", - deyə vurğulayan dövlət başçısı bildirib ki, həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir.



Bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan xalqı Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun tarixi köməyini heç vaxt unutmur, şəhidlərin əziz xatirəsini hər zaman uca tutur.

Tural Tağıyev


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti