Taksi və üzük əhvalatı - Murad Köhnəqalanın yazısı

   Taksi və üzük əhvalatı -    Murad Köhnəqalanın yazısı
  04 Sentyabr 2020    Oxunub:27283
(Taksi şirkətləri olmayan vaxtlarda cütlüyün başına gələn yol hekayəti)

Toydan sonra həyat yoldaşımla bir həftəlik Gürcüstana səyahət etməyi qərara aldıq. Qatara bilet götürüb, Tiflisə yola düşdük. Nə fərqi, azərbaycanlı üçün ora da bir Avrapa ölkəsidir. Oteldə qaldıq, yaxşı gəzdik, bir-birimizə daha dərindən vurulduq. Ona çoxlu paltar və hədiyyə almaqda xəsisliyimi bir tərəfə qoydum. Yoldaşım dedi, “Sevgilim, ömrümdə uçağa minməmişəm, gəl, Bakıya uçaqla qayıdaq”. Kim öz sevgilisinin sözünü yerə salar? Baxdım ki, pulumuz da rahat çatır. Bilet alıb uçduq Bakıya.
Hava limanında düşüb, yük götürülən yerdə gözlədik. Bezənə qədər gözlədikdən sonra yükləri götürə bildik. Bayıra çıxan kimi qərara aldım ki, avtobusa-zada minməyək, yalnız taksi! Sən demə, heç buradan şəhərə avtobus işləmirmiş. Tiflisdə hava limanına gəldiyimiz o gözəl avtobus yadıma düşdü. Yenicə kövrəlmək istəyirdim ki, bir sürü taksi sürücüsü üstümüzü kəsdirdi. Onlar bir müddət öz aralarında dartışdıqdan sonra bir çopur kişinin taksisinə oturmalı olduq...

- Hara gedirsiniz? – arxaya çevrilib nəzakətlə soruşdu.
- Kömürçü bazarı tərəfə gedəcəyik , – dedim.
Xeyli gedəndən sonra fikirləşdim, görəsən, taksi bizi neçəyə aparır? Yolpulunun nə qədər olmasını təxmini bilirdim, ancaq yenə də sürücüdən soruşmaq qərarına gəldim.
- Əmi, nə qədər verəcəyik? - deyə arxadan sürücü tərəfə əyildim. Çopur kişi yumşaq səslə:
- Ayıb döyülmü, oğul, istəyirsən lap pulsuz aparım sizi. Baxıram, bir-birinizə də yaraşırsınız.
Dedim:
- Yox, əmi, əziyyət çəkirsiniz, zəhmət haqqı mütləq olmalıdı.
Kişi arxaya çönüb:
- Oğul, pul nədi ki? Pul boş şeydi, əsas insanın mənəviyyatıdı! - deyə səsləndi.

Onun, haçansa çiçək xəstəliyindən yadigar qalmış çopur üzü mənim gözümdə xeyli gözəlləşdi. Baxdım, kişi, həqiqətən, mənəviyyat adamıdı. Ehtiyac üzündən hər işdə çalışan ziyalılarımız azmı olur? Fikirləşdim, zəhmətkeş adamdı, istədiyindən bir az da artıq verərəm.
Onunla başqa bir söhbətə körpü salmaq üçün soruşdum ki, əmi, heç kitab-zad oxuyursunuzmu? Dedi, nə danışırsan, kitab oxumasam bir gün durammaram. Yenə sevindim. Elə bil çoxdan itirdiyim doğma adamımı tapmışdım. Ədəbi zövqünü yoxlamaq üçün:
- Kimləri oxumusunuz? - soruşdum.
Dedi:
- Sən bir soruş, kimləri oxumamışam?
Düşündüm, pah, nə gözəl! Təzədən soruşdum:
- Əmi, Tolstoynan aran nətəridi?
Dedi:
- A kişi, Tolstoy demiş, bir kök qonşum var, məndən köhnə paltaryuyan maşını almışdı, 80 manatını hələ də gətirib çatdırmayib...
Gördüm, bu, kitab adamına oxşamır.
Dedim:
- Dayı, hər halda, nə qədər verəcəm?
Kişi arxaya çevrilib:
- Oğul, yanında da gözəl xanım var, mən səndən necə pul ala bilərəm? Ayıb deyilmi, qonaq olarsınız! – dedi.

Kişiyə təzədən hörmətim artdı. Bəli, sadə insanlar həmişə mərifətli olur. Deməyinə baxma, bunun pulunu mütləq artıqlamasıyla vermək lazımdır. Qoy, həyat yoldaşım da bilsin ki, xəsis adamlardan deyiləm.
Ta, mən utandığımdan pul söhbətini yığışdırdım. Kişi yenə bizə tərəf çönüb:
- Oğul, var-dövlət dünyada qalacaq, heç kim qəbrə pul aparmır, - deyib əllərini bir anlıq sükandan üzərək, dua eləyirmiş kimi, yuxarı qaldırdı. Bir az getdikdən sonra sol əlini başına çəkib söhbətə başladı:
- Deyirlər, bir gün birinin evinə qonaq gəlir. Qonaq ev yiyəsinə deyir, mən Allah qonağıyam. Ev yiyəsi deyir, Allaha da qurban olum, onun qonağına da! Kişinin də bircə dənə dəvəsi varmış. Zarafat döyül, qonaq Allahın adını çəkib. Evin dalına keçib, dəvəni kəsir. Arvadı deyir, a kişi, sən neylədin? Kişi deyir, arvad, narahat olma, Allah qonağını razı salanın ruzisi göydən töküləcək. Nə isə, kişi dəvənin axırıncı tikəsinə qədər yedirtməmiş qonağı buraxmır. Bir aydan sonra qonaq ev yiyəsi ilə halallaşıb yoluna davam eləyir. Qonaq gedəndən sonra arvadı deyir, a kişi, bə, biz neyləyəcəyik? Kişi deyir, arvad, səbr elə, Allahın qonağı bizdən razı getdisə, Allah da bizi razı salacaq. Arvad bir az darqursaqlıq eləyir, deyir, a kişi, sən nə danışırsan, bir dəvəmiz vardı, onu da yoldan keçənin birinə kəsdin, belə iş olar? Söz arvadın ağzından çıxan kimi yuxarıdan baca açılır, qızıl pullar düz arvadın başına tökülür. Kişi deyir, gördün, arvad, di get, nə qədər istəyirsən dəvə al! İndi, ay oğul, adamınkını gərək Allah yetirə! Gördün, bayaq ayrıpotda hamı bir-birini qırırdı, axırda qismət mənimki oldu? Ona görə mən müştəridən pul istəmirəm, öz insafına, nə verər, Allah bərəkət versin. Müştəri də gərək hər şeyin qiymətini düzgün bilə, düzdümü, oğul? Özü də mən müştəriyə həmişə tərbiyəvi əhvalatlar danışıram. Elə taksist var boş-boş danışıb müştərinin zəhləsini tökür...
Beləcə söz-sözü çəkirdi. Baxdım ki, gəlib çatmışıq.
- Burdan ha tərəfə dönəcəyik? - soruşdu.
- Saga, zəhmət olmasa, burdan da sola, ay çox sağ olun, sağ-salamat gəlib çatdıq! – dedim.
Maşından düşməmiş:
- Borcumuz nə qədərdi? – soruşdum.
- Əşi, nə verərsən-verərsən, – dedi.
Sonuncu 50 manatlığımı ona uzadıb, “nə çıxar-çıxar” deyə, taksinin baqajından əşyaları boşaltmağa başladım. Kişi pulu o üz-bu üzünə çevirib təzədən mənə uzatdı:
- Bu nədəə?..
Fikirləşdim, yəqin xırdası yoxdu. Dedim:
- Dayı, vallah, olanım odu, xırdam yoxdu.
Məni qəribə hirslə məzəmmət elədi:
- Oğul, pulun yox idi, əvvəldən deyəydin, səni müftə gətirməyən kopayoğlu idi!
Yenə bir şey başa düşmədim. Yoldaşım əllərində çanta yanımda donub qalmışdı.
Şən səslə:
- Ay dayı, niyə hirslənirsən, bu dəqiqə gedib xırdaladaram, - deyə səsimi ucaltdım.
Kişi yerində atılıb-düşdü:
- Ayə, sən nə danışırsan, xırda-zad nədi? Cayıl oğlansan, yanında da xanım var, ayıb döyülmü? Mən sənə maşın sürmüşəm, sənsə mənə dilənçipayı atırsan!
Həyatımda bu tip qəzəbli adam görməmişdim. Yoldaşımla bir-birimizin üzünə baxdıq. Sevgilim işarə elədi ki, səhər-səhər mübahisə eləməyim. Gördüm, pulqabısını çıxarıb olan pullarını sayır. Təxminən 20 manat idi, pullarını dinməz-söyləməz kişiyə uzatdı. Artıq biz ona 70 manat verirdik. Kişi pulu yoldaşımdan alıb qışqırdı:
- İndi bu nə deməkdi, məni dolamısınız?
Mən təzədən işə qarışdım:
- A kişi, sən nə qədər istəyirsən ki?
Taksist verdiyimiz pulları bir əlində yuxarı qaldırıb silkələyərək anqırdı:
- Bilmirsən, ayrıpotdan bura ən azı min manat verməlisən?
Mən dəli olmuşdum:
- A kişi, sən nə danışırsan, min manatım olsaydı, elə, özümə təzə maşın alardım daa!
Kişi qəzəblə üstümə yeridi:
- Ayə, bilirsən nə var? Maşına mınmisən, pulunu ver, yoxsa camaatı çağırıb səni biabır eləyəcəm! Deyəsən, sən mənim balalarımın boğazını kəsmək istəyirsən!
Hirsimdən əllərim əsirdi, yoldaşımın sifəti meyit rənginə dönmüşdü. Mən də səsimi qaldırdım:
- Kişi, bilirsən nə var?
Kişi boğazımdan tutub məni danışmağa qoymadı. Həyat yoldaşım kişiyə yalvardı:
- Dayı, qurban olum, onu burax, pulunu verəcəyik!
Kişi boğazıma məngənə kimi keçirdiyi əlini buraxdı. Sevgilim boyunbağını, sırğalarını, bir də üzüyünü çıxarıb, onun ovcuna tökdü. Çopur ovcundakı qızılları bir neçə dəfə sanayaraq, bizi tərs-tərs süzüb maşına oturdu...
Handan-hana özünə gələn həyat yoldaşım:
- Heyif o üzükdən, zərgər içərisinə “Zaur+Aygün= sevgi” yazmışdı,– deyib, başını buladı.




Teqlər:





Xəbər lenti