Təbriz qəzeti 20 Yanvar faciəsi haqqında yazdı

Təbriz qəzeti 20 Yanvar faciəsi haqqında yazdı
  26 Yanvar 2014    Oxunub:5665
Təbrizdə nəşr olunan “Şəhriyar” qəzeti 20 Yanvar faciəsi barədə ətraflı məlumat yayıb.
Təbrizdə nəşr olunan nüfuzlu “Şəhriyar” qəzeti 20 Yanvar faciəsi barədə ətraflı məlumat dərc edib. AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, qəzetin elektron versiyasında da özünə yer alan məqalədə (https://azvision.az/redirect.php?url=http://shahryaronline.ir/images/PDF_Nashriye/262.pdf) deyilir ki, ötən əsrin 80-ci illərinin sonlarında sovet imperiyası dağılmaq ərəfəsində idi.

Buna baxmayaraq imperiya Azərbaycan əleyhinə müstəmləkəçilik siyasətindən əl çəkmirdi. İstər çar Rusiyası, istərsə də SSRİ dövründə həyata keçirilən Azərbaycan torpaqlarının Ermənistana verilməsi siyasəti bu dəfə Dağlıq Qarabağı hədəf almışdı.

1987-1990-cı illərdə yüz minlərlə azərbaycanlının Ermənistandakı dədə-baba yurdundan qovulduğu, Dağlıq Qarabağda Ermənistan tərəfindən himayə edilən ekstremist qrupların azərbaycanlılara qarşı qətllərlə müşahidə edilən cinayətin törədildiyi, elan edilməmiş müharibənin aparıldığı vaxtda imperiya açıq şəkildə Ermənistanı müdafiə edir, baş verən hadisələrin qarşısını almaq üçün heç bir tədbir görmürdü. İmperiyanın təbliğat maşını baş verənləri ört-basdır edir, həqiqətin mətbuatda işıqlandırılmasına imkan vermir və yalan vədlərlə öz siyasətini davam etdirirdi. Belə bir vəziyyətdə Azərbaycan əhalisi öz yurd-yuvasından qovularaq Bakıya axın etmiş ,böyük qaçqın ordusu yaranmışdır. Mərkəzi hökumət isə problemləri həll edə bilməmiş xalq arasında nüfuzunu itirmişdir. Beləliklə, Bakıda sivil yolla bəzi etirazlar da özünü göstərməyə başlamışdır. Etiraz edən xalq qaçqınların yurd-yuvalarına qayıtmasını, ekstremist qrupların qarşısının alınmasını, cinayətkarların cəzalandırılmasını tələb edirdilər. Onların bir qismi imperiyanın müstəmləkəçilik siyasətini başa düşsə də, əhalinin böyük bir qismi hələ də imperiyanın “ədaləti”nə inanırdı. Ancaq imperiya nə öz yalan vədlərinə əməl etmək, nə də xalqın haqlı tələblərinə qulaq asmaq fikrində deyildi. İmperiyanın güclü təbliğat maşını bu haqlı tələbləri radikal millətçilik, dini radikalizm kimi qələmə verir və xalqın oyanışının qarşısını almaq üçün heç bir addımdan çəkinmirdi. 1989-cu ilin sonu-1990-cı ilin əvvəllərində Bakıda etiraz dalğası daha da böyümüş və imperiyanın hərbi müdaxiləsi üçün bir fürsətə çevrildi.
Məqalədə bildirilib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə ermənilərin də böyük sayda qatıldığı 20 mindən çox ordu Bakıya hücum etmişdir. Sovet ordusunun mülki əhaliyə qarşı silah işlədəcəyini təsəvvür belə etməyən insanlar həmin gecə Bakı şəhərinin dinc sakinlərinin bu ordu tərəfindən necə qəddarlıqla məhv edilməsinin şahidi oldular. Qoşunun Bakıya yeridilməsi barədə qabaqcadan xəbər verilməməsi, yeganə məlumat qaynağı olan dövlət televiziyasının enerji blokunun partladılması ilə fəaliyyətinin dayandırılması, bir qayda olaraq mitinqlərdə istifadə olunan gözyaşardıcı qaz və rezin güllələr əvəzinə ağır döyüş silahlarından istifadə olunması, tankların, pulemyotların, avtomatların bir paytaxt şəhərini müharibə meydanına çevirməsi, qadınlara, uşaqlara və qocalara rəhm etmədən qətllər törədilməsi, təcili yardım maşınlarının və həkimlərin güllələnməsi, yalnız küçədəki insanların deyil, hətta çoxmərtəbəli binaların da gülləyə tutularaq öz evinin içərisində adamların öldürülməsi həm ölkə qanunları, həm də beynəlxalq hüquqa zidd idi. Son məlumatlara görə, Qanlı 20 Yanvar faciəsində 147 nəfər dinc sakin öldürülüb, 841 nəfər qeyri-qanuni həbs olunub, 744 nəfər yaralanıb. Cinayətləri gizlətmək üçün öldürülənlərin bir qismi dənizə atılmış, sonrakı istintaq materialları Moskvaya aparılaraq yox edildi.
Materialda bildirilib ki, həmin dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev imperiyanın mərkəzi Moskvada özünün və ailəsinin həyatını təhlükədə qoyaraq Azərbaycanın nümayəndəliyində yerli və beynəlxalq kütləvi informasiya vasitələri qarşısına çıxaraq, xalqına qarşı törədilən qırğınlara, günahsız insanların öldürülməsinə etirazını bildirmiş və günahkarların cəzalandırılmasını tələb etmişdir. Hadisələrdən sonra kommunist partiyası sıralarını tərk etdiyini elan edən Heydər Əliyev xalqının dar günündə Azərbaycana qayıtmışdır. Sonralar da məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamentində 20 Yanvar hadisələrinə tam hüquqi-siyasi qiymət verən qərar qəbul olunub.
20 Yanvar hadisəsi imperiyanın müstəmləkəçilik siyasətinin ortaya çıxarmışdır. 20 Yanvar nə qədər ağır bir faciə olsa da, imperiya bununla xalqı öz iradəsindən döndərməyə müvəffəq olmadı.

Məqalədə vurğulanıb ki, Azərbaycan xalqı 24 il əvvəl haqq yolunda qurban verdiyi şəhidlərini heç bir zaman unutmamışdır. Hər il yüz minlərlə insan Şəhidlər Xiyabanına axışır və şəhidlərin xatirəsini ehtiramla yad olunur.

Öz azadlığı, ərazi bütövlüyü uğrunda minlərlə şəhid vermiş İran xalqı şəhid adının müqəddəsliyini, Azərbaycan xalqının bu hisslərini ən yaxşı duyur. Allah bütün şəhidlərə rəhmət eləsin.


Teqlər:





Xəbər lenti