“Milli Məclisdə ciddi casusluq hadisəsi olub”

“Milli Məclisdə ciddi casusluq hadisəsi olub”
  25 Yanvar 2014    Oxunub:994
“Kəşfiyyat spamları, informasiya casusluğu müxtəlif hüquq mühafizə orqanlarını hərəkətə gətirib”.

Milli Məclisə smartfon və android sistemli telefonlarla yanaşı notbukla daxil olmağa da qadağan edilib. Fevralın 3-də parlamentin baş tutacaq iclasında jurnalistlər notbuklardan istifadə edə bilməyəcəklər. Qadağa jurnalistlər tərəfindən birmənalı qarşılanmayıb.

Məsələyə millət vəkili Zahid Oruc reaksiya verib. Deputat AzVision.az-a açıqlamasında bildirib ki, jurnalistlərin narazılığı haqlıdır:

“Jurnalistlərin narazılığı haqlıdır.Çünki müasir komunikassiya vasitələri olmadan informasiyanın keyfiyyətli və operativ ötürülməsi mümkün deyil. Parlamentin yalnız kompüterlər yerləşən otağından və təkcə bu kompüterlər vasitəsilə məlumatın çatdırılması o qədər də effektli olmayacaq. Ona görə də son qadağa rejimlərinin medianın işinə necə təsir göstərməsini dərindən təhlil etmək lazımdır”.

Z.Orucun sözlərinə görə, parlamentdə tətbiq ediləcək bu qadağa yaz sessiyasında müzakirə olunacaq:

“Əslində parlament tamam fərqli iş prinsiplərinə malik olan hakimiyyət orqanıdır.Qədim Roma Senatından bu yana qanunçuluq və hüquq sistemini yaradan bu təsisatın əlçatanlığı,açıqlığı,şəffaflığı ümdə şərtdir.Lakin ictimai fikirdə tam aydınlıq yaratmaq və sualların hamısını cavablandırmaq üçün indiki şəraitdə bəzi problemlər var.İş ondadır ki,ötən əsrin ortalarında kəşfiyyat orqanları tamam ayrı silahlarla işləyirdi.İndi isə müasir kommunikasiya vasitələri ən etibarlı casus mənbələrə çevriliblər.Söhbət insanlarımızı şübhə altına almaqdan getmir.Ancaq onların üzərlərində daşıdıqları mobil vasitələr yeriyən antenlərə çevriliblər.Ona görə çoxları birtərəfli qaydada məlum qadağa qarşı çıxarkən qarşı tərəf bəlli konfidensiallıq şərtlərindən bütün məlumatları təqdim edib mövqeyinin əsaslı olduğunu ortaya qoya bilmir”.

Z.Oruc hesab edir ki, Milli Məclisdə müxtəlif cihazlara qarşı səlib yürüşü elan etməkdənsə, “Dövlət sirri haqqında” qanunun tələblərinə söykənərək, hərəkət etmək gərəkdir.

“Belə bir qadağa düşünmürəm ki, istənilən nəticənin əldə olunmasına tam şərait yaratsın. Hər halda bir neçə aydan sonra ilkin mənzərəni görəcəyik. Bu məsələnin düyün nöqtələri çoxdur. Söhbət təkcə ayrılıqda bir jurnalistə, parlementariyə, yaxud da Milli Məclis aparatında çalışan insana casus damğası vurmaq, onun potensial kəşfiyyatçı kimi görməkdən getmir. Müasir dövrdə beyinlərimizi ona kökləməliyik ki, hər bir mobil rabitə daşıyıcısı özündən daha çox çevrəsindəki informasiya kütləsinin çıxarılmasına səbəb ola bilər. Yəni bir smartfon hansısa bir otaqda, yaxud da konkret ünvanda digər kompüterlərin məlumat bazasına daxil olmağa şərait yaradır. Bunun üçün əvvəlcədən xüsusi çiplərin yerləşdirilməsinə bir ehtiyac da yoxdur.Smartfonlar kompüterlərə, digər cihazlara qoşulmağa sinxron olaraq şərait yaradır. Ona görə də informasiya sızmaları baş verir. Etiraf etmək lazımdır ki, bu qərarın meydana çıxmasını doğuran səbəblər olub. İddia edə bilmərəm ki, onu kimlər və necə ələ keçiriblər.

Parlamentarilərdən bir çoxu mövqelərini dilə gətiriblər ki, hər bir təhlükəsizlik qadağası hüquqi çərçivədə və əsaslandırılmış olmalıdır. Əlbəttə,hökumət strukturlarında yasaq rejiminin səbələri başa düşüləndir.Və əgər qanunverici qurumda da müxtəlif məxfi diplomatik sənədlər varsa, bəzi tədbirlərə ehtiyac duyulur. Lakin bunları necə etməli ki,demokratik idaərəçilik normaları ilə dövlət sirrinin zəruri qorunması prinsipi toqquşmasın və faəliyyət azadlığı məhdudlaşdırılmasın.”.

Deputatın sözlərinə görə, parlametarilərə hələ ki bu qadağa aid edilməyib: “Keçmiş zamandakı kimi millət vəkilləri kəskin çərçivəyə alınmayıblar.Düşünürəm ki, bu məsələnin səbəbini biz qəbul etməliyik, söhbət heç bir halda parlamentin üzərinə əl qoymaq, onu daha zəif bir struktura çevirmək və səlahiyyətlərini məhdudlaşdırmaqdan getmir. Bir daha qəbul etmək lazımdır ki, görünür, çox ciddi casusluq hadisəsi baş verib. Məxfi informasiyaların açılması və fors major hal törənib.Yəni,kəşfiyyat spamları, informasiya casusluğu müxtəlif hüquq mühafizə orqanlarını hərəkətə gətirib”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti