Paşinyanın “HARDTalk” biabırçılığı - ŞƏRH

  15 Avqust 2020    Oxunub : 8567
   Paşinyanın “HARDTalk” biabırçılığı -    ŞƏRH
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən özünü biabır edib. Dəfələrlə beynəlxalq arenalarda rəzil duruma düşməsi ilə erməni xalqını məyus edən baş nazir dünən BBC-nin “HARDTalk” verilişində də eyni aqibəti yaşayıb.
Aparıcının suallarından yayınmağa çalışan və heç bir tarixi faktoloji əsasa söykənmədən çıxışlar edən Paşinyan hələ də küçə streotiplərindən çıxmadığını və səriştəsiz siyasətçi olduğunu növbəti dəfə nümayiş etdirib

Erməni baş nazirin “HARDTalk” biabırçılığını Azvision.az -a şərh edən politoloq Qabil Hüseynli deyib ki, Ermənistanda Nikola olan rəğbət getdikcə azalmaqdadır. Devrilən siyasi-kriminal idarəetmənin zamanından daha yaxşı yaşayacağını düşünən Ermənistan xalqı nəinki iqtisadi-sosial problemlərinin həllində müsbət dəyişikliklər görmədi, əvəzində beynəlxalq aləmdə ələ salınan liderlə baş-başa qaldı.



Politoloq qeyd edib ki, “HARDTalk” verilişi Paşinyanın onsuz da zəifləyən reytinqini xeyli aşağı salacaq: “Paşinyanın bu proqramda iştirakı onu yerlə yeksan etdi. Əvvəla, bu adam bəzi elementar suallara cavab verməkdən imtina etdi ki, bu da anormal yanaşma idi. Onun cavabları elə formada ortaya qoyuldu ki, bu fikirlər həmin sualın heç bir faizini əhatə etmirdi. İkincisi isə, intellektual kasadlıq, bəsit cavablar, tarixi faktlarda həddindən çox səhvlərə yol verməsi, ən yaxın tarixə bələd olmaması onu çətin duruma saldı. Belə situasiyanın yaranması onun ümumi hazırlıq və intellektual səviyyəsinin çox aşağı, informasiya dairəsinin isə məhdud olduğunu, demək olar ki, yaxşı təhsil görməmiş yarımçıq bir adam olduğunu ortaya çıxardı. Paşinyan siyasi məsələlərdə populist olmasına baxmayaraq, adi piyadadır, siyasi proseslərin bir çoxundan xəbərdar deyil, bu səbəbdən jurnalistlə normal dialoq apara bilmədi, dialoq mədəniyyətinə sahib olmadığı aşkar göründü. Beləliklə, bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətdə təsadüfi adamdır, onun haqqında əvvəllər səsləndirilən “küçədən gəlmiş siyasətçi” ifadəsi get-gedə özünü doğrultmaqdadır və bütövlükdə Ermənistan siyasi hakimiyyətinin hansı “peşəkarlar”a tapşırıldığı göz önündə oldu”.

Qabil Hüseynli Münhendə keçirilən debatı xatırladaraq deyib ki, Nikolun beynəlxalq aləmdə, diplomatiyada məğlub duruma düşməsini artıq erməni cəmiyyəti qəbul edib: “Münhendə Azərbaycan Prezidenti İlham Əliyev cənabları ilə keçirilən debatda sözün həqiqi mənasında ölkə başçısının sərrast və məntiqli cavabları fonunda Paşinyanın məntiqsiz, rabitəsiz fikirlərinin şahidi olduq. Nikolun tarixi faktlarda saxtakarlığa yuvarlanması, uydurma faktlarla bəzi məsələləri izah etməyə çalışması və sonradan həmin tarixi faktlardan hamının gözü önündə imtina etməsi onu çox miskin bir vəziyyətə salmışdı. Ermənistan cəmiyyəti gördü ki, bu adama həqiqətən də bir şəxsiyyət, rəhbər, peşəkar siyasətçi kimi natiqlik mədəniyyəti yaddır. Yaranmış münbit siyasi situasiyadan istifadə edərək inqilabla hakimiyyətə yiyələnən Paşinyan həm xarici dilləri çox zəif bilməsini, özünü təkmilləşdirməməsini və üstəgəl nitq mədəniyyətinin kifayət qədər pis olmasını göstərdi. Bu cür rəzil durum həm də onu sübut etdi ki, Paşinyan ümumiyyətlə tutduğu vəzifəyə uyğun adam deyil”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Paşinyan