“Həyatda cadu da var, fal da...” – Nizami Cəfərov

“Həyatda cadu da var, fal da...” – Nizami Cəfərov
  23 Yanvar 2014    Oxunub:1485
“Falçılıq, cadugərlik həmişə parlamentin müzakirəsində olub, amma bununla bağlı verilişlərin yerli telekanallarda qadağan olunması qeyri-mümkündür”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

Deputat hesab edir ki, televiziyaların bir nömrəli mövzusuna çevrilən cadügərliyin qarşısını almaq mümkün deyil:

“Cadugərliklə bağlı bəlkə də ən az verilişlər bizim televiziya kanallarında gedir. Həyatda da cadu, fal var. Həyatda varsa, bu, televiziyaya, mətbuata gəlməlidir. Burada söhbət cadugərliyin təbliğ olunmasından getmir. Əgər bir televiziya təbliğat aparırsa,bir cadugəri də efirə çıxarırsa, gəlin bu adam hər şeyi həll edə bilir və nə dərdiniz var, gəlin həll etsin. Bu, ümumi televiziya, veriliş, mətbuat siyasəti, metedologiyası baxımından doğru deyil. Amma biz bilirik ki, bu gun dünyanın hər yerində,o cümlədən, Azərbaycanda da müəyyən bizim görə bilmədiklərimizi görən insanlar var. Bu insanlar bəzən xidmət edirlər qara magiyaya, yəni psixoloji gərginlik yaradırlar. Amma elələri də var ki, onlar loğman, həkimdirlər”.

N.Cəfərov qeyd edib ki, televiziyalardakı cadu məsələsinə analitik baxmaq lazımdır. “Əgər kor-koranə cadugəri reklam edirsə, bu, olmaz. Həyatda falçılarla hər addımda qarşılaşırıq. Belə şeylərdən imtina etmək, kənara çəkilmək, onu görməməzliyə vurmaq və onu mətbuatda gizləmək, yaxud da ki, mətbuata qanunla qadağan etmək ki, bu məsələlərə müraciət etməyin , bu, alınası iş deyil. Bu, demokratiyaya da ziddir. Belə verilişləri qadağan etmək olmaz, sadəcə bu verilişlər reklam olunmamalıdır”,- deyə komitə sədri vurğulayıb.

Qeyd edək ki, Rusiya telekanallarda və internetdə yayımlanan magiya ilə bağlı proqramlara qadağa qoya bilər. Bununla əlaqədar hazırlanan qanun layihəsi artıq Rusiya Dumasına təqdim olunub. Qanun layihəsində həmçinin astroloji proqnozlar verən, fal, cadu, ruh çağırmaq seansları və insanların ruhi sağlamlığına mənfi təsir edən bu kimi proqramların gündüz saatlarında efirə verilməsinin və reklamının qadağan olunması nəzərdə tutulur. Layihədə bildirilir ki, bu cür verilişlər yalnız saat 23:00 və 04:00 saatları arasında efirə verilə bilər.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti