Eldar Həsənovun həbsinə qərar verildi - YENİLƏNİB

  14 Avqust 2020    Oxunub : 5922
Eldar Həsənovun həbsinə qərar verildi -  YENİLƏNİB
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan səfir Eldar Həsənov məhkəmə qarşısına çıxarılıb.

Azvision.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanının E.Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatına baxılıb.
Məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, DTX-nin ötən gün yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Azvision.az

Teqlər: Eldar-Həsənov   Məhkəmə