Pandemiya sınağında Azərbaycan örnəyi

 Pandemiya sınağında Azərbaycan örnəyi
  08 Avqust 2020    Oxunub:2979
"Koronavirus pandemiyası elan edildikdən sonra indiyədək yaranmış şəraitdən az itki ilə çıxan ölkələrdən birinin Azərbaycan olduğu şəksizdir. Məlum olduğu kimi, ilk gündən belə bir sual yaranmışdı: insanların sağlamlığı əsas götürülməlidir, yoxsa insan üçün olan, lakin insansız da hərəkətə gəlməyən iqtisadiyyatın qorunması? Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birmənalı olaraq bildirdi ki, hər şeydən vacib vətəndaşın salamat qalması, sağlamlığıdır. Çünki insan olmasa, iqtisadiyyat da dirçələ bilməz".
Bunu Azvision.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu strategiya müəyyənləşdirildikdən sonra dövlət bütün yükü öz üzərinə götürüb və qısa müddətdə həyata keçirilən tədbirlər bir örnək təşkil edib: "Həmin tədbirlərdən yalnız bir neçəsinin xatırlanması gerçək mənzərəni göstərir: dünyada neftin qiymətinin aşağı düşməsi fonunda ölkəmizin gəlirləri azalsa da, pandemiya şəraitində iqtisadi sabitlik, əhalinin məşğulluğu və pandemiyanın sahibkarlara mənfi təsirini azaltmaq məqsədi ilə böyük maliyyə vəsaiti ayrıldı; işsiz vətəndaşlara birdəfəlik pul ödənişləri edildi; ictimai iş yerləri açıldı; aztəminatlı ailələrə ərzaq yardımı edildi; tibbi spirt və maska istehsal edən zavod və fabrik açıldı; xarici ölkələrdən laboratoriyalar alınıb gətirildi; koronovirus xəstələri üçün klinika və modul tipli xəstəxanalar açıldı; koronovirus əleyhinə mübarizədə Azərbaycan dövləti heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədi, əksinə özü bəzi ölkələrə yardımlar etdi".



Deputat xatırladıb ki, bütün bunlarla yanaşı son bir neçə ayda ölkə ərazisində içməli su probleminin həlli, bəzi rayonlarda məktəb binalarının, yolların və körpülərin tikintisi üçün vəsait ayrılıb, ASAN xidmət kompleksi açılıb, şəhid ailələrinə, müharibə əlillərinə mənzillər və avtomobillər verilib və s. Dildə söylənməsi asan olsa da, bu qədər işin yerinə yetirilməsi üçün təkcə maliyyə vəsaiti deyil, həmçinin zaman, yüksək idarəçilik və təşkilatçılıq bacarığı da tələb olunur.

"Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Tovuz rayonunda təcavüzkar Ermənistanın vurduğu ziyanların aradan qaldırılması məqsədi ilə maliyyə vəsaiti ayrıldı. Bu addım həm də ona əminlik yaradır ki, Azərbaycan dövləti işğaldan azad ediləcək bütün əraziləri qısa müddətdə bərpa etməyə qadirdir.

Soruşulur: bəs bütün bunlara necə nail olunub? Əlbəttə, dövlətimizin maliyyə imkanları olmasaydı sadalananları etmək mümkün olmazdı. Bəs maliyyə imkanları nəyin nəticəsində qazanılıb? Heç şübhəsiz, düzgün dövlət idarəçilyi və iqtisadi siyasətin sayəsində.

Görülən tədbirlər bir daha təsdiq edir ki, cənab Prezidentin siyasətinin təməlində Azərbaycan vətəndaşlarının məmnun qalacağı şəraitin təmin edilməsi üçün bərabər imkanların yaradılması, sosial ədalətin bərqərar edilməsi, bir sözlə, gücünü aldığı Azərbaycan xalqı dayanır. Belə bir güc isə sarsılmazdır və daim qalib gələcəkdir...", - deyə M.Qasımlı vurğulayıb.

Azvision.az


Teqlər: Musa-Qasımlı  





Xəbər lenti