Qənirə Paşayeva: “Biz onları intihara sürükləmişik”

Qənirə Paşayeva: “Biz onları intihara sürükləmişik”
  22 Yanvar 2014    Oxunub:985
“Onlar niyə intihar edir”
Millət vəkili Qənirə Paşayeva son günlərdə ölkəmizdə ardıcıl olaraq yaşanan intihar halları ilə bağlı “Onlar niyə intihar edir” adlı yazı yazıb. O bu yazısında bir sıra maraqlı məqamlara toxunub.

Millət vəkili bildirib ki, intihar edən bir neçə gənc qızların intihar olayı yaxından maraqlanıb. Həmin yazını təqdim edirik:

“2014-cü ilə daxil olduq. Artıq yeni ilin ilk ayının 3-cü ongünlüyündəyik. Yeni ilin ilk günündən başlayaraq məni ən çox üzən, hər gün eşitdiyim intihar xəbərləri oldu və mən düşünürəm ki, hər bir intihar olayı ilgili qurumlarımız tərəfindən ciddi araşdırılmalı, səbəblər öyrənilməlidir. Bu, bizə dövlət və cəmiyyət olaraq belə halların artmasının qarşısını ala bilmək üçün çox önəmlidir. Özəlliklə, gənclər arasında bu kimi hallar rahatsızlıq doğurmalıdır. Qərb ölkələrinin bir çoxunda bununla bağlı özəl plan və proqramlar olur. “Qaynar xətlər”, “böhran mərkəzləri” ilə yanaşı, dövlət qurumları, QHT-lər, KİV-lər geniş maarifləndirmə işləri aparır. Bizdə də bu istiqamətdə araşdırmalarla yanaşı, maarifləndirmə işlərinin genişlənməsinə və işlərin görülməsinə ciddi ehtiyac var. Bəli, hər bir intihar olayı ayrı-ayrılıqda (və ciddi!) araşdırılmalıdır. Bir müddət öncə Tovuz rayonunda özünü asaraq intihar edən gənc bir qızın yas mərasimindən sonra 2-3 gün özümə gələ bilməmişdim. Yasda dinlədiklərim bizim bir cəmiyyət olaraq da ciddi düşünməmiz gərəkdiyini bir daha ortaya qoydu və yasdan evə dönərkən yolda maşında iş dəftərimə bunları yazmışdım: “Biz nə zamandan belə qəddarlaşdıq.?! Biz nə zamandan sevgini anlamaz olduq… Biz nə zamandan sevəni, sevənləri anlamaz olduq.?! Leyli-Məcnuna gözyaşı tökən, onları ayıranlara lənət oxuyan, gerçək sevgini anlayan insanlar niyə azalır axı!?”

Son dövrlər bir neçə gənc qızın intihar olayı ilə yaxından maraqlandım, yasında iştirak etdim. Sevdiyi ilə qovuşa bilməmək, toplumun qınaqları, ittiham dolu baxışlar, anlayış əskikliyi (!) onları intihara sürükləyib... Deməli, biz onları intihara sürükləmişik... Hələ bir arxalarınca dedi-qodular danışmaqdan da çəkinməmişik... Günah olduğunu bilə-bilə…

Onların günaha batdığını demişik amma özümüzün nə qədər günah içində olduğumuzu düşünməmişik. Tovuzda intihar edən 20 yaşlı qızın yas mərasimində “burda özünü asıb” deyə göstərdikləri yerə baxa bilmədim. Məni qəribə bir üşütmə tutmuşdu. Sanki intihar edən qız o yerdə durub “mən də yaşamaq, xoşbəxt olmaq istəyirdim. Tək suçum birini dəli kimi sevmək, inanmaq oldu. Qovuşa bilmədik. İmkan vermədilər. Sevdiyim də gərəkən fədakarlığı etmədi. Sonra hər kəs mənim haqqımda pis şeylər danışmağa başladı. Bilmədən, anlamadan, günahdan qorxmadan… Ölüm ən yaxşı çıxış yolu oldu” deyirdi… Sanki mənimlə danışırdı... “Yox, intihar doğru yol deyil” sözümə qızın anası yaşlı gözləri ilə “...o da hər zaman belə deyərdi” dedi... Oruc tutan, namaz qılan bir qız olub. Allahı sevən, inanan, intiharın böyük günah olduğunu bilən, anlayan bir qız! Öləndən sonra da bir çoxları arxasınca danışdı, amma çoxları onu belə bir çarəsizliyə sürükləyən səbəblərdən, baxışlardan, ittihamlardan, yanlış stereotiplərdən danışmadı. Onu bu çarəsizliyə sürükləyənlər o qədər də yada düşmədi...

Bir neçə gün öncə rayon getmişdim. Bir ailəyə baş çəkəcəkdim və o qızgilin qapısından keçirdim... Bağlı idi... Anası da Rusiyada işləyən atasının yanına getdi dedilər. Mənə elə gəldi ki, o qız qapı ağzında dayanıb və hər kəsə “mənim intiharımı unutmayın!” deyir... İnsanların bir çoxu məhz onlara zamanında əl uzatmadığımız üçün... bəlkə çarəsizlikdən, bəlkə doğru anlamayacağımızdan, hamımızın ittiham edəcəyimizdən qorxaraq intihar yolunu seçir. Bəli, intihar günahdır... amma “mən heç zaman belə etmərəm” deyə yenə anlamamağa cəhd etməyin. Hər kəsin psixoloji və mənəvi durumu, təhsili, xarakteri eyni olmur. Gəlin intiharlar barədə ciddi düşünək. İntiharlara səbəb olan səbəblər barədə ciddi düşünək. Məncə onların arasında bizim biganəliyimiz, anlamaq deyil, ittiham etməyə daha çox meylli olmamız da əsas faktorlardan biridir. Onlar bizim biganəliyimizdən öz canlarına qıymaqla acıq alırlar. Bizi incitmək, ağrıtmaq, düşündürmək, peşmançılıq yaşamamızı istəyirlər. Həqiqət bundan ibarətdir ki, bir çox insan onların acılarının hiss edildiyini və kiminsə kömək etmək istədiyini görəndə rahatlayır. Gəlin hər birimiz özümüzdən başlayaq. Hər bir intiharda intihar edənlə yanaşı biz də günaha batırıq, bunu unutmamalıyıq... İntihar haqqında danışan insanlara hər yerdə - çevrəmizdə, sosial şəbəkələrdə diqqətli olaq.

İntihar! İntihar qərarına gələnlər! Bəlkə də, bu onların kömək istəmək üçün yeganə yollarıdır. Risk faktorlarını, xəbərdarlıq siqnallarını bilmək və həmin insanla danışmaq intiharın qarşısını almaqda ən əsas faktordur. İntihar haqqında düşünən bir çox insan QƏRARSIZ – hər iki tərəfə meylli olur. Çox insan ölmək istəmir, onlar acılarının dayanmasını istəyirlər. Bir dəfə intihara cəhd etmiş insana dəstək olunmalıdır çünki intihar etməyə çalışan yenidən bu addıma əl ata bilər. İntihar riskini artıran faktorlarla bağlı insanlarımız bilgili olmalıdır. Ruhi, psixi sağlamlıq problemləri, zorakılıq, itkilər (ailə, dostlar, iş, maliyyə və s.), imkansızlıq, seksual oriyentasiya ilə bağlı çətinliklərin olması, müəyyən xəstəliklər, ailə problemləri, boşanmaq və s. - bu insanları müəyyən əlamətlərlə hiss edə bilərsiniz. Özünü ümidsiz və köməksiz hiss edən birini gördükdə, birinin ailədən, dostlardan, sosial tədbirlərdən uzaqda durduğunu, davranışlarında dəyişiklik hiss etdiyinizi, depressiyaya düşdüyünü gördüyünüzdə, məktəblidirsə, davamiyyətinin aşağı düşdüyünü gördükdə, iştahda dəyişiklik, yuxu pozuntuları, görünüşdə dəyişiklik gördüyünüzdə, depressiyadan sonra qəfildən gülərüz gördükdə, yazılarında, sosial şəbəkələrdə paylaşmalarındakı yazılarında, rəsmlərdə ölüm, özünü məhv etmə mövzularına davamlı müraciət gördükdə bir sözlə, sizə çarəsiz görünən bir insan olduqda onun bu cür hallara əl ata biləcəyini düşünün və mütləq əl uzadın! Sonra ömür boyu vicdan əzabı çəkmək istəmiriksə...

Tədqiqatlar onu göstərir ki, zamanında edilən dəstək bir çoxlarını intihar addımından çəkindirir. Unutmamalıyıq ki, bir çox hallarda insanlar intihar haqqında ona görə düşünürlər ki, onlar başqa çıxış yollarının qalmadıqlarını, həyatları üzərində nəzarətlərinin olmadıqlarını, heç kimin onları nəzərə almadığını hiss edirlər. Bu məsələ ilə bağlı ciddi araşdırmaları oxuyuram və məncə bizim hamımızın bu istiqamətdə maariflənməsinə ciddi ehtiyac var. Amma təkcə maariflənməsinə yox! Artıq “SOS” siqnalı zamanıdır və biz qanunverici orqan, əlaqədar dövlət qurumları, QHT-ləri, KİV-i, bir sözlə, bir cəmiyyət olaraq bu istiqamətdə ciddi addımlara əl atmalıyıq. Əgər hər gün ürək ağrıdan intihar xəbərləri eşitmək istəmiriksə...

P.S. İntihar düşüncəsində olan insanlara (Tanrı qıymasın!) isə bir daha səslənmək istərdim: Bütün ağrılara-acılara baxmayaraq özünüzə, həyatınıza qıymayın! Onu Sizə Tanrı verib və yalnız o ala bilər!


Teqlər:  





Xəbər lenti