“Azərbaycan ilk gündən virus böhranını idarə edə bildi”

   “Azərbaycan ilk gündən virus böhranını idarə edə bildi”
  07 Avqust 2020    Oxunub:3991
Artıq bir neçə aydır ki, pandemiya qlobal bəla kimi insanların sağlamlığına təhdid yaratmaqla yanaşı, həm də ölkələrin iqtisadiyyatına böyük zərbə vurur. Bir çox ölkələrdə hökumətlər koronavirusa qarşı mübarizədə siyasi iradə sərgiləyə bilmir, bəzi inkişaf etmiş dövlətlər belə idarəetmədə ciddi problemlərlə üz-üzə qalırlar. Azərbaycanda isə hazırda durum həqiqətən də fərqlidir, son günlər virusla mübarizədə müsbət dinamikanın olması proseslərə düzgün yanaşmanın məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.
Mütəxəssislər bildirirlər ki, zamanında düzgün addımlar atılmasaydı, səhiyyə sistemi çökər bilər, bir çox ölkələrdə olduğu kimi kütləvi yayılma faciəvi hala gələrdi. Hazırda pandemiyanın qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət davam etdirilir.

Millət vəkili Ceyhun Məmmədov Azvision.az -a açıqlamasında deyib ki, hələ virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımların atılması, yoluxucu xəstəliklə bağlı vəziyyətin bu gün də ciddi nəzarət altında saxlanılması idarəetmədə mükəmməl işin təşkilindən xəbər verir:

“Azərbaycan bu sahədə ilk adekvat və operativ qərar qəbul edən ölkələrdən oldu. Yəni vaxtında virusun yayılmasının qarşısının alınması üçün atılan addımlar düzgün seçim idi. Operativ Qərargahın yaradılması, təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasından tutmuş, sonrakı dönəmdə digər izolyasiya tədbirləri, elektron icazə sisteminin müəyyənləşdirilməsi və başqa məsələlər zamanında verilən qərarlar idi. Bu bir böhrandır və onu idarə etmək lazımdır. Hesab edirəm ki, Azərbaycan ilk gündən bu böhranı idarə edə bildi. Biz dünyanın bir çox ölkələrində insanların nəinki xəstəxanaların dəhlizlərində müalicə almasını gördük, tibb müəssisələrində yer olmadığı üçün hətta küçələrdə belə qalan virusa yoluxmuş insanlar oldu. Amma bizim ölkədə qısa zamanda bu istiqamətdə böyük işlər görüldü. Yeni xəstəxanaların istifadəyə verilməsi, tibbi və gigiyenik vasitələr istehsal edən müəssisələrin yaradılması buna əyani misal ola bilər. Bu sahədə olan bütün məsələlər ciddi nəzarətdə saxlanıldı”.



Sərt karantin rejimi dövründən sonra virusun yayılmasında xeyli azalmanın müşahidə edildiyini deyən deputat pandemiyaya ilə mübarizənin həssas və çətin olduğunu bildirib.

“Azərbaycanda bir müddət əvvəlki artım dinamikası 500-600 idisə, sonuncu sərt karantin rejiminin tətbiqindən sonra müşahidə etdik ki, yoluxmaların sayında ciddi azalma var. Sağalaraq evə buraxılanların sayı xeyli artıb. Dünən cənab Prezident vurğuladı ki, hər bir vətəndaş məsuliyyətli və diqqətli olmağa çalışmalıdır. Hazırda müəyyən araşdırmalar aparılır, ola bilsin ki, bir neçə fəaliyyət sahəsində yumşalmalar və icazələr olsun. Bununla bağlı cəmiyyətimizin gözləntiləri var. Ayın 5-dən sonra müşahidə etdik ki, insanların çoxu küçə və parklara axışdı, izdiham yaşandı. Hər kəs bunu bilməlidir ki, hələlik virusla bağlı tam arxayınlığa gərək yoxdur. Prezident dünənki çıxışında bu məqamı xüsusi olaraq vurğuladı ki, əgər biz görsək xəstəliyin yayılma tempində artım var, yenidən sərt karantin rejiminə qayıda bilərik. Burada vətəndaşlarımızın üzərinə çox ciddi məsuliyyət düşür. Hamı məlum qaydalara tam əməl etməlidir. Ümumi müşahidələr isə göstərir ki, bəzi insanlarda sanki arxayınlıq yaranıb, sanki hər şey bitib”.

Ceyhun Məmmədov, həmçinin vurğulayıb ki, qarşıdakı aylarda sosial məsafə amilindən tutmuş tibbi maska və digər gigiyenik vasitələrdən istifadəyədək dövlətin vətəndaşlara etdiyi tövsiyələrə mütləq qaydada əməl edilməlidir. Çünki bu qaydalar hələ bir müddət bizim həyatımızda olacaq. Əgər karantin rejiminin yenidən sərtləşdirilməsini istəmiriksə, bu tövsiyələrə mütləq qaydada əməl etməliyik:

“Artıq Türkiyənin bəzi bölgələrində sərtləşdirilmə istiqamətində addımların atılmasına başlanılıb. Ona görə də arxayın olmaq olmaz və virusun yayılma tempi hələ aktualdır. Hətta bir sıra ölkələrdə ikinci dalğa ehtimalı çoxalıb. Amma Azərbaycanda vəziyyətin nəzarət altında olması bizim xeyrimizə işləyən amildir. Çünki biz həm virusla, həm də onun yaratdığı fəsadlarla bütün sahələrdə mübarizə metodunu seçmişik. Dünən cənab Prezidentin müşavirədə qeyd etdiyi iqtisadi məsələlər təqdir olunmalıdır. Vətəndaşlara 190 manatın yenidən verilməsi, sahibkarlara dəstəyin davam etdirilməsi göstərdi ki, dövlət bütün sahələri nəzarətdə saxlamağa, mütəmadi dəstəklər göstərməyə çalışır. Neftin qiyməti düşüb, səhiyyə isə büdcədən xeyli vəsait tələb edir. Amma bütün bu çətinliklərin öhdəsindən həyata keçirilən uğurlu siyasət nəticəsində gələ bilirik. Dövlət çalışır ki, bütün vətəndaşlara lazım olan diqqət və qayğı göstərilsin. Biz də anlayırıq ki, vətəndaşların çoxu istirahət etmək istəyir, bütün sahələrin fəaliyyətinin bərpasını arzulayır. Amma burada mütləq balansı gözləməliyik. Ciddi araşdırma getməlidir ki, hansı sahələrdə əlavə yumşalma gedə bilər. Bu cür addımlar yəqin ki, yaxın günlərdə atılacaq. Bir daha qeyd edirəm ki, hələlik tam arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Bunu tək biz yox, bütün dünya ölkələri deyir. Çox böyük dövlətlər bu xəstəliyin əlində aciz qaldı. Amma bizdə vəziyyət fərqli oldu. Çünki burada iki güclü tərəf oldu - dövlət və vətəndaş. Dövlət üzərinə düşəni etdi və edir də, vətəndaş da çalışmalıdır ki, bundan sonra da məlum qərarlar və qaydalara tam əməl etsin”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti