“Virusun yayılmasına sevinmək anormallıqdır” - Sərdar Cəlaloğlu

“Virusun yayılmasına sevinmək anormallıqdır” -  Sərdar Cəlaloğlu
  06 Avqust 2020    Oxunub:2513
“Elə situasiyalar var ki, orada iki pis variant olursa, o zaman həmin variantlardan mümkün qədər az zərərli olanını seçmək məcburiyyətində qalırsan. Koronavirusla mübarizədə də belə situasiya yaranıb. Yəni bütün dünyada olduğu kimi bizdə də koronavirus infeksiyasının yaratdığı məlum iqtisadi və sosial çətinliklərlə bağlı həm insanların maddi durumu geri düşüb, həm də bu virus təhlükəli düşmən kimi milli varlığımızı təhdid etməkdə davam edir”.
Bunu Azvision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O, Milli Şuranın “zoom toplantısı”nda həmkarlarının koronavirusun vətəndaşlarda yaratdığı iqtisadi çətinliklərin müxalifətə sərf edən amil olmasını demələri və insanların həyatlarını itirmələrinə səbəb olan infeksiyanın hələ uzun müddət davam etməsinə sevinmələrini anormal hal kimi qiymətləndirib.

“Təəssüf ki, virus kütləvi qırğınlara gətirib çıxara biləcək xəstəlik kimi hələ də ortalıqda dolaşır. Belə olan halda iki situasiyadan birini - ya həyatımızı, ya da karantini ləğv edib həyat şəraitimizi seçməli idik. Amma Milli Şuranın toplantısında karantin və koronavirusla mübarizəylə bağlı məsələyə o formada yanaşılıbsa, bu, düzgün mövqe deyil. Ümumiyyətlə, son zamanlar o qurumda olanların fikirlərini anlaya bilmirəm. Bir tərəfdən haray çəkib deyirlər ki, “ura”, yaxşı oldu ki, neftin qiyməti 14 dollara qədər düşdü. Əhalinin güzəranı pisləşəcək, insanların var-dövləti azalacaq və vətəndaşlar hökumətə qarşı üsyana qalxacaq. Digər tərəfdən hökumətin hansısa siyasətində insanlar sosial-iqtisadi çətinliyə düşürsə, deyirlər ki, bu, düzgün iqtisadi siyasət deyildi və s. Yəni, bu adamların doğrudan da məntiqini tutmaq olmur ki, nə istəyirlər? Əgər həqiqətən də ölkədə vətəndaşlarımızın, əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi Milli Şuranın maraqlarına uyğundursa, hökumət özü-özünə "qəbirqazan" hazırlamaz axı. İnsanların sosial-iqtisadi vəziyyətinin pisləşməsi siyasi proseslərə belə təsir edirdisə, o zaman niyə dedikləri düz çıxmadı ki, “neftin qiymətinin daha da aşağı düşməsini gözləyək, onda bizim üçün hər şey daha yaxşı olacaq”. Bu baxımdan şəxsən mən bu qurumun hansı məntiqlə hərəkət etməsini anlaya bilmirəm. Əlbəttə, mən də etiraf edirəm ki, hər iki variant ürəkaçan deyil. Həm vətəndaşlarımızın sağlıq durumuna heç vaxt olmayacaq qədər ciddi təhdid olan virusun tüğyan etməsi, həm də bundan irəli gələrək sərt karantin rejimi şəraitində geriləyən iqtisadi durumumuz”.

Virusun, karantinin kiminsə sevincinə səbəb olmasını absurd sayan ADP sədri bu durumun yalnız bizdə yaranmadığını, koronavirusun dünyanın bir çox ölkələrində dəhşətli fəsadlar törətdiyini, inanılmaz səviyyədə itkilərə səbəb olduğunu xatırladıb. O, Milli Şuradakılara ortaya normal konsepsiya, təklif və iradlar qoymağın da mümkün olduğunu göstərib:

“Dövlətin imkanı var ki, digər ölkələr kimi qarşıdakı aylarda koronavirusa qarşı effektiv mübarizə aparıla bilməsə, insanların sosial durumunun daha da yaxşılaşdırılması ilə bağlı ciddi işlər görsün. Məsələn, ehtiyacı olan ailələrin təminatı, iş adamlarına yeni dəstəklər baxımından bizim hökumətin imkanlarını geniş görürəm ki, yeni proqramlar həyata keçirə bilərlər və s. Amma koronavirus elə bir bəlaya çevrilib ki, hökumət istəsə belə, trilyonları da olsa, tezliklə nə dərman tapa, nə də vaksin hazırlada bilər. Yəni, infeksiyanın qarşısının alınması üçün effektiv üsul hazırda karantin və izolyasiyadır. Ona görə də, düşünürəm ki, koronavirus təhlükəsini nəzərə almaq şərti ilə lazım gəldiyi qədər sərt karantin rejimi saxlanmalıdır. Amma bir daha deyirəm ki, ehtiyacı olan ailələr, o cümlədən iqtisadiyyatımızın əsas dayağı olan iş adamları dövlət tərəfindən çox ciddi dəstəklər almalıdır. Dövlətin sosial-iqtisadi kursu daha geniş təbəqəni əhatə etməli, yardımların miqyası genişlənməlidir. Bunu mən də qəbul edirəm ki, vətəndaşların həyat səviyyəsi virusa, karantin rejiminin qaydalarına görə aşağı düşüb. Buna daha çox diqqət ayrılmalıdır. Bütünlükdə koronovirus kimi ağır bir təhlükə qala-qala “camaatın sosial-iqtisadi vəziyyəti pisləşir, bu, bizə sərf edir” deyib əhalini hansısa siyasi proseslərə cəlb etməklə kütləvi qırğına aparmaq olmaz!”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sərdar-Cəlaloğlu   Müxalifət   Milli-Şura  





Xəbər lenti