Rezidenturaya imtahanının birinci mərhələsi keçirilib

  05 Avqust 2020    Oxunub : 2054
Rezidenturaya imtahanının birinci mərhələsi keçirilib
Dövlət İmtahan Mərkəzi bu gün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 7 imtahan binası, 110 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 142 nəzarətçi–müəllim, 14 buraxılış rejimi əməkdaşı cəlb olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

Avqustun 6-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Rezidenturaya qəbul imtahanının (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apelyasiya komissiyasına 7-9 avqust 2020-ci il tarixlərində müraciət edə bilərlər

Azvision.az

Teqlər: DİM