İlham Əliyev: `O gün gələcək`

İlham Əliyev: `O gün gələcək`
  22 Yanvar 2014    Oxunub:829
Prezident İlham Əliyev Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olub. Dövlət başçısı ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olan Ofeliya Məmmədovanın dördotaqlı mənzilinə qonaq gedib.
Çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edən Prezident deyib ki, son illərdə köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün çox böyük işlər görülür: “Biz elə etməliyik ki, bu gün uşaq bağçalarında, məktəblərdə, hərbi hissələrin ərazilərində yaşayanlar üçün daha yaxşı şərait yaradaq. Ancaq əsas tikinti işləri torpaqlarımız işğaldan azad olunandan sonra başlanacaq. Biz buna hazırlaşırıq, hazır olmalıyıq. Bu gün gücümüz də, texniki imkanlarımız da, peşəkar inşaatçılar da var. Bütün bu şəraiti bizim yerli inşaatçılar yaradırlar, tikirlər. Ona görə, işğala son qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcək, - biz Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaq.
O gün gələcəkdir. O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır”.

Dövlət başçısı deyib ki, bu gün Ermənistan xarici yardım olmadan yaşaya bilmir:
- Nəinki inkişaf edə, yaşaya bilmir. Özləri, ən yüksək vəzifəli şəxslər açıq etiraf edirlər ki, biz xarici yardımsız yaşaya bilməyəcəyik. Nəyə görə? Çünki işğalçı siyasət onları bu vəziyyətə salıb. Azərbaycan isə bu işğala, çətinliklərə baxmayaraq, son 20 il ərzində müstəqil dövlət kimi görün nə qədər inkişaf edib! İnkişaf hələ daha da sürətlə davam edəcək. Ona görə, ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq həll ediləcək. Heç kimdə bu barədə şübhə olmasın. Eyni zamanda, mən bu barədə demişəm və bir daha demək istəyirəm ki, gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq.

Prezident deyib ki, bu gün Azərbaycan 1993-cü ildəki Azərbaycan deyil: “Ermənistan o vaxtdan bu günə qədər daha da tənəzzülə uğrayıb. Azərbaycan daha da inkişaf edib. O vaxt da - işğal zamanı və bu gün də Ermənistan xarici yardımsız heç nəyə qadir deyil. O vaxt da biz yaxşı bilirdik ki, torpaqlarımız necə işğal altına düşdü. Bu işğalda kim iştirak etmişdi. Ermənilərin nə ordusu, nə imkanı, nə də texnikası var idi. Bizdə də demək olar ki, ordu yox idi. Əlbəttə, torpaqlarımız xarici müdaxilə hesabına işğal altına düşdü. Bu, həqiqətdir. Bunu hamı bilir. Siz yaxşı bilirsiniz, mən bilirəm, uşaqlar da bilməlidirlər, bütün xalq bilməlidir. Çünki tarixi həqiqətləri danmaq mümkün deyildir. Müəyyən mərhələdə bəlkə də bu barədə çox danışılmır. Ancaq tarix tarixdir. Bunu heç kim dəyişə bilməz. Özü də bu, o qədər də uzaq tarix deyildir, gözümüzün qabağında baş verən hadisələrdir. Biz daha da güclü olmalıyıq, olacağıq. Biz öz gücümüzə arxalanırıq. Bu məsələni öz xeyrimizə, ədalətli həll edəcəyik”.


Teqlər:





Xəbər lenti