Azərbaycan diasporunun inkişafında yeni mərhələ

 Azərbaycan diasporunun inkişafında yeni mərhələ
  04 Avqust 2020    Oxunub:3400
Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatla əlaqədar olaraq dünya ölkələrində fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları, ayrı-ayrı diaspor nümayəndələri, hətta uzun illər ərzində diaspor fəaliyyətində yaxından iştirak etməyən soydaşlarımız belə bir araya gələrək heç zaman olmadığı qədər həmrəylik, sarsılmaz birlik nümayiş etdirdilər.
Bu barədə Azvision.az -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib.

Onun sözlərinə görə, soydaşlarımız beynəlxalq təşkilatlara, yaşadıqları ölkələrin qanunverici və icraedici orqanlarına, dövlət təmsilçilərinə, nüfuzlu rəsmilərə, aparıcı kütləvi informasiya vasitələrinə xeyli sayda bəyanatlar, müraciətlər ünvanlayıblar. Aksiyalarda “Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!”, “Yaşasın Azərbaycan!”, Şəhidlər ölməz, Vətən bölünməz!" kimi şüarlar onlarla dildə səsləndirilib.

"İyulun 12-dən avqustun 4-nə qədər 26 xarici ölkədən müxtəlif diaspor təşkilatları və fəalları 99 bəyanat verib, onların 15-i Azərbaycanlıların Koordinasiya Şuralarının verdiyi bəyanatlardır. Göstərilən tarixdə 40 ölkədə 20 dildə 180 məqalə və xəbər çap edilib.
Ümumilikdə 27 xarici ölkədə 71 aksiya keçirilib ki, bu aksiyalarda təqribən 25000-dən çox soydaşımız iştirak edib. Keçirilən 71 aksiyadan 36-i Avropada, 13-i ABŞ-da, 8-i isə Türkiyədə baş tutub.

Biz aksiyalarda Azərbaycan diasporlarının koordinasiyalı, mərkəzləşdirilmiş fəaliyyətini gördük. Dost xalqlar soydaşlarımızın aksiyalarına dəstək oldular.

Məsələn, Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri olan deputatlar və senatorlar Azərbaycan-Ermənistan sərhəddində Ermənistan tərəfindən törədilmiş təxribat əməlləri ilə bağlı ölkə prezidendi Emmanuel Makrona müraciət ünvanlayıb. Deputatlar Guy Bricout, Jean Pierre Door, Jerome Lambert, Jean-Luc Reitzer, senatorlar Alain Houpert, Andre Reichardt tərəfindən imzalanmış müraciətdə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayonunu 30 ilə yaxındır işğal altlında saxladığı vurğulanıb.

"Azərbaycan Diaspor Könüllüləri"nin təşəbbüsü ilə formalaşmış "Karabakh is Azerbaijan!" milli platformasının beynəlxalq qanadı yaradılıb və xarici ölkələrin gəncləri arasında "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib. Bu platforma da Qarabağ həqiqətlərinin, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynayır. Qeyd etməliyəm ki, diaspor könüllülərinin yaratdığı "Karabakh is Azerbaijan" YouTube kanalı da bu sahədə ciddi töhfələrini verib".

V.Vahidqızı vurğulayıb ki, Komitənin rəhbərliyi iştirak etdiyi bütün yerli və xarici görüşlərdə Qarabağ həqiqətini həmişə diqqəti çatdırır.

"Eyni zamanda, xarici dövlətlərin eyni profilli dövlət qurumları və Azərbaycana dost olan xalqların diaspor təşkilatları ilə birgə layihələr icra edilir. Komitə xaricdə kitablar çap etdirir, xarici jurnalistlər ölkəmizə dəvət edilir və yaxud dəvət edilmədən xarici mətbuatda məqalələr çap etdirilir. Diaspor TV, Diaspor FM və bir sıra başqa layihələrimiz Komitənin əsas təbliğat vasitələridir.

Azərbaycanın diaspor siyasətinin ən mühüm istiqaməti birləşmə, fəaliyyətin mərkəzləşdirilməsi və təşkilatlanmadır. Son illər bu sahədə ciddi addımlar atılıb. 26 ölkəni əhatə edən 11 Koordinasiya Şurasının yaranması, xaricdə “Azərbaycan evləri”nin açılması, Azərbaycan məktəblərinin inkişafına xüsusi diqqət yetirilməsi bu işdə əvəzsiz rol oynayır. Komitənin həyata keçirdiyi beynəlxalq layihələr - “Liderliyin inkişafı”, “Beyin qazanma” proqramları, “Diaspor gənclərinin Yay Düşərgələri” və s kimi layihələr diasporun birləşməsinə və vahid platforma üzərindən hərəkət etməsinə ciddi təkan verib. Komitənin bir çox layihələrinin “Vətən uzaqda deyil” şüarı altında reallaşması Azərbaycan diasporunun əsas şüarını artıq müəyyən edib. İTV ilə birgə hazırlanan TV proqramı da məhz bu adı daşıyır - “Vətən uzaqda deyil".

Pandemiya dövrü və ən əsası xaricdə keçirilən aksiyalar bizim birliyimizi bir qədər də möhkəmləndirdi. Bu müddətdə Komitə 200-dən çox beynəlxalq videokonfrans keçirdi və onun əksəriyyətində də qurumun rəhbəri birbaşa iştirak edib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Diaspora  





Xəbər lenti