“Həmsədrlərin fəaliyyəti daha spesifik olmalıdır” - Prezidentin köməkçisi

  04 Avqust 2020    Oxunub : 5142
 “Həmsədrlərin fəaliyyəti daha spesifik olmalıdır” -  Prezidentin köməkçisi
Azərbaycan tərəfi hesab edir ki, Minsk prosesinin mandatının əsasını məhz ATƏT-in müvafiq sənədləri, o cümlədən ATƏT-in Budapeşt sammitinin qərarları və BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Buna uyğun olaraq Minsk prosesində iştirak edən bütün dövlətlərin aktivliyi çox vacibdir. Və burada təmsil olunan dövlətlərin hamısının iştirakı ilə geniş tərkibdə iclasın keçirilməsi məsələsi müzakirə oluna bilər.
Bunu Azvision.az - a açıqlamasında Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

PA rəsmisinin sözlərinə görə, Ermənistan destruktiv fəaliyyəti ilə istər siyasi diplomatik müstəvidə olsun, istərsə də hərbi təxribatları vasitəsilə danışıqlar proseni pozmaqda və prosesə ciddi zərbələr vurmaqda davam edir.

“Birincisi, onların Tovuzda törətdiyi növbəti təcavüz aktı Azərbaycana qarşı törədilən təcavüzün bir hissəsidir və bu, onu göstərir ki, Ermənistana münasibətdə müvafiq sanksiyaların tətbiq edilməməsi və siyasi diplomatik cəza tədbirlərinin həyata keçirilməməsi İrəvanı növbəti hərbi avantüralara təhrik edir. Siyasi diplomatik müstəvidən baxdıqda isə biz yenə də görürük ki, Ermənistan tərəfi siyasi avantürizmə əl atmaqdadır, onlar atəşkəs rejiminin gücləndirilməsi və müxtəlif texniki məsələləri yenidən gündəmə gətirməyə çalışırlar. Açıq şəkildə deyirik ki, bu, Ermənistanın güddüyü növbəti riyakarlıqdır. Burada məqsəd münaqişənin həllinə xidmət etmək, ciddi danışıqlar aparmaq deyil. Əsas məqsəd işğala əsaslanan status-kvonun davam etdirilməsindən başqa bir şey deyil.

Bunu da bütün beynəlxalq ictimaiyyət bilməlidir və Ermənistanın addımlarına adekvat qiymət verməlidir. Ortada işğal faktı, təcavüz faktı var, işğal və təcavüz nə qədər gec deyil aradan qaldırılmalıdır. Bunun nəticələrinə görə şəxsən Ermənistanın siyasi rəhbərliyi, Ermənistanın hərbi strukturlarının rəhbərləri məsuliyyət daşıyırlar”.

"Ermənistanın son təxribatlarından çıxış edərək, danışıqlara yer qalıbmı" sualına gəlincə, H.Hacıyev bildirib ki, buna ATƏT-in Minsk Qrupunun həmsədrləri cavab verməlidir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri gələcək fəaliyyətlərində artıq daha konkret və daha spesifik olmalıdırlar. Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün törədilməsi və ərazilərimizin işğalı azmış kimi, Tovuz istiqamətində növbəti hərbi avantüra, işğal və təcavüz aktı törədildi. Bu məqamlara Minsk Qrupunun həmsədrləri də qiymət verməli, həmçinin onlar öz mandatlarına uyğun olaraq konkret istiqamətdə fəaliyyət göstərməlidirlər.

Fəaliyyətlərinin əsasını bir daha qeyd etmək istərdim ki, ATƏT-in Budapeşt sammitinin qərarları, BMT TŞ-nın qətnamələri təşkil edir. Burada əsas məqam işğal faktının aradan qaldırılmasıdır. Amma təəssüflər olsun ki, Ermənistan iddai etdiyi atəşkəs rejiminin arxasında gizlənərək, 30 ilə yaxındır münaqişənin həllinə imkan vermir, Azərbaycan ərazilərinin işğalını davam etdirir və işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparır”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Tovuz   Prezidentinköməkçisi