Naxçıvanın Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvanın Nazirlər Kabineti yeni qərarlar qəbul edib
  31 İyul 2020    Oxunub:2925
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2020-ci ilin iyul ayı ərzində müəyyən qərarlar qəbul edilib və bir sıra tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti 7 iyul 2020-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edib. Bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar istisna olmaqla, muxtar respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Yaşıllıqların götürülməsi Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir.

Bundan başqa, 17 iyul tarixində koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə qərar qəbul olunub. Adıçəkilən qərarda koronavirus pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulunun qüvvədə olan norma və qaydalardan iki dəfə az olması və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahənin ikiqat artırılması, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmaması və bu kimi digər məsələlər nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 130 nömrəli Qərarına uyğun olaraq “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” təsdiq edilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında elektron alış aktının təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Həmçinin Nazirlər Kabinetinin 132 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının şəhər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları” da təsdiq edilib. Qərara əsasən yaşayış sahələrində sanitar vəziyyətinin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Yaşayış və ictimai binaların, mədəni-məişət obyektlərinin tikintisi, təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış ərazilərə daşınmalıdır. Sənaye müəssisələrinin utilizə olunmayan tullantıları bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi qurğulara və poliqonlara daşınmalıdır. Ayrı-ayrı obyektlərin, həmçinin müxtəlif yaşayış sahələrinin sanitar təmizlənməsi müəyyən yaşayış məntəqəsi üçün qəbul edilmiş müqavilə-qrafik əsasında xüsusi təyinatlı avtonəqliyyat vasitələri ilə həyata keçirilməlidir.

Nazirlər Kabinetində “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərar qəbul edilib. Qərara əsasən əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği əvvəlki il üçün müəyyən olunan ortaaylıq nominal əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların 50 faizini təşkil edir.

Eləcə də 23 iyul tarixli Qərara uyğun olaraq “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının ­dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 mart tarixli 50 nömrəli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən Qərarın qüvvədə olma müddəti 2020-ci il sentyabrın 1-dək uzadılıb.

“Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 aprel tarixli 53 nömrəli Qərarında dəyişiklik edilib. Həmçinin Nazirlər Kabinetinin 30 iyul tarixli Qərarı ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun və qanunvericiliyə uyğun olaraq tətbiq edilən cərimələrdən daxil olan vəsaitlərin həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 noyabr tarixli 113 nömrəli Qərarında dəyişikliklər olunub.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-4-cü maddəsinə əsasən həmin Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumundan toplanılan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” da təsdiq edilib.

Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Azvision.az


Teqlər: Naxçıvan   Nazirlər-Kabineti   Qərar  





Xəbər lenti