“Sevinc Osmanqızı özü ilə yanaşı Əli Kərimlini də ifşa etdi”

 “Sevinc Osmanqızı özü ilə yanaşı Əli Kərimlini də ifşa etdi”
  29 İyul 2020    Oxunub:6000
“İyul döyüşlərindən, Ermənistanın son təxribatından sonra diqqətçəkən hadisələr baş verir. Belə hadisələrdən biri yalançı vətənpərvərlərin, yalançı demokratların ifşasıdır”.
Bunu Azvision.az -a açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, xalqımız üçün taleyüklü, həlledici məqamlarda anti-milli qüvvələrin əsl siması üzə çıxmış oldu: “Bütün dünyada belədir ki, ölkə ağır günlərini yaşasa, siyasi mənsubiyyət və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hamı çəkici eyni nöqtəyə vurub həmrəylik göstərir. Hərbi vəziyyətin elan edilməsi və fövqəladə vəziyyət tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının konstitusiyasının 111-ci və 112-ci maddələrində də müəyyən izahatlar var. Yəni, ağır vəziyyət yaransa, qanunla necə davranılması bəllidir. Amma bir cəmiyyət, fərd olaraq bizim üzərimizə müəyyən məsuliyyət düşür. Bu cür hərbi vəziyyətlərdə bütün xalq kimliyindən asılı olmayaraq birləşir, partiya mənsubiyyətini, iddialarını kənara qoyub dövlətini, millətini müdafiə edir. Bizim anti-milli qüvvələr nə etdilər? Xalqın yanında olmaq əvəzinə absurd çıxışlar və davranışlarla yadda qaldılar. Ancaq bir tərəfdən baxanda bunu yaxşı hal hesab edirəm ki, özlərini bu formada ifşa etdilər. Heç kimə ehtiyac olmadı, özləri öz iç üzlərini açıb ortaya qoydular”.

Tahir Kərimli deyib ki, anti-milli qüvvələrə hələ də inananlar var idi. Bəzi dünya görüşü olmayan gənclər və digər insanlar inanırdılar ki, onlar həqiqi “demokratlar"dılar, həqiqi “vətənpərvər”dirlər. Son hadisələr fonunda onların yalanları tamamilə ifşa edildi.

“Qaragüruhçu insanlar son davranışları ilə birbaşa düşmənin maraqlarına xidmət etdiklərini göstərdilər. Bir dəfə də öz çıxışımda bu sualı qoymuşdum ki, nədənsə "demokratlar" həmişə elə bəyanatlar verirlər ki, hamısı ermənilərin xoşuna gəlir, onların maraqları ilə üst-üstə düşür. Bu necə olur axı? Dəfələrlə olub ki, anti-milli qüvvələrdən düşmənin xeyrinə olan yersiz bəyanatlar eşitmişik. Son hadisələr bir daha onlara inanan kütlənin yanıldığını göstərdi. Hər kəs əmin oldu ki, bu qruplar həqiqi demokratlar, Vətənə, xalqına bağlı insanlar deyillər. Vətənini sevən, dürüst siyasətçi və ya müxalifyönlü jurnalist dar gündə xalqının, dövlətinin sözünü deməli idi. Onlar nəinki xarici anti-Azərbaycan şəbəkələrin qaranlıq mənbələrinin maliyyəsi hesabına fəaliyyət göstərirlər, birbaşa erməni lobbiləri və ya ermənilərə bağlı dairələrlə mütəmadi əlaqələrdə olur, düşmən qüvvələrin istəklərini realizə edirlər”.

Deputat onu da vurğulayıb ki, bundan sonra sosial şəbəkə "qəhrəmanlarının" hazırkı əməllərinə, sərgilədikləri anormal mövqelərə heç nə ilə bəraət qazandırmaq olmaz. Sevinc Osmanqızının isə ümumiyyətlə danışmağa üzü olmamalıdır:

“Sən şəhid qızı olasan, ermənilərin qətlə yetirdiyi ən əziz adamının ruhundan utanmayasan və deyəsən ki, günah azərbaycanlılardadır, təxribatı guya biz yaratmışıq, sivil mübarizə apara bilmirik və s. Loru dildə desəm, bu cür mövqe sərgiləyən adam bundan sonra cəmiyyətimizin qarşısına çıxmaq əvəzinə gərək ölüb itərdi. Xocalı kimi dünyanın şahidi olub inkar etmədiyi soyqırımdan, bütün dünyanın qəbul etdiyi belə ağır işğal faktorundan, atası qarışıq minlərlə şəhid amilindən sonra sən dilinə bu sözləri necə gətirə bilərdin ki, günah dövlətimizdə, səfirliyimizdədir, ora toplaşıb haqq səsini ucaltmaq vətənşüvənlikdir və s.
Məsələ bundadır ki, ermənilərin xeyrinə olan açıqlamalar yalnız Sevinc Osmanqızı ilə yekunlaşmır. Vidadi İskəndərli kimi bizim Avropada oturub söyüş ritorikası ilə danışan anormal müxalifətçi, mühacirlərimiz də var. Əslində onu cəmiyyətimiz ciddi qəbul etmir və əminəm ki, zərrə qədər də olsun bu adamda ağıl yoxdur. Bu insanın hərəkətlərini müşahidə edəndə özünü idarə edə bilməməsi və ağılına güvənməyib hisslərlə tərbiyəsizcəsinə davranmasını görürük. Ağıldankəm biri durub təki Azərbaycan dövlətinin əleyhinə nəsə söz deyim deyə ermənilərin xeyrinə fikirlər səsləndirir. Bütün bunlar xaricdəki anti-milli şəbəkənin ermənilərlə sinxron hərəkətinin bariz nümunəsidir”.

Partiya sədri qeyd edib ki, Arif Məmmədovun da onlarla bir sırada olması təəccüb doğurmur. O, çörək yediyi qaba tüpürən adam kimi tanınır:

“Bu adam diplomat olub və öz dili ilə deyirdi ki, məni böyük öndər qəbul edərək dinlədi, gənc olmağıma baxmayaraq, belə bir məsul postu mənə etibar etdi. Yaxşı, bəs səndə özünün də etiraf etdiyin kimi gənc yaşından şans verib irəli çəkən dövlətə, iqtidara olan nifrət haradandır axı? Yəni burada həqiqətən şübhəli məqamlar çoxdur və Azərbaycana qarşı şəbəkəyə qoşulan adamlar indi öz xalqı, dövləti əleyhinə aktiv fəaliyyətə başlayıblar. İnanın ki, xalqın böyük qismi bu adamlara simpatya bəsləmir".

Tahir Kərimli ipin ucundan yapışanda digər ucunun gəlib daxildəki - ölkəmizdə olan düşmənlərimizə çıxdığını qeyd edib: “Siz elə bilirsiniz ki, məsələ yalnız mühacirətdəkilərlə bitdi? Sevinc Osmanqızının özünü bu formada ifşa etməsi, eyni zamanda Əli Kərimli və digər ənənəvi müxalifət rəhbərlərinin də ifşası deməkdir. Çünki Osmanqızı onların ruporu idi. Hər kəs gözəl anlayır ki, az qala hər həftə Sevinc Osmanqızının “YouTube” kanalında qonaq olan bu şəxsləri həmin mühacir jurnalistlə sıx tellər bağlayır. Fikir verirsinizsə, nəinki Osmanqızının siyasi səhvini düzəltməyə çalışmırlar, əksinə bu biabırçılığa susurlar. Niyə? Susmaq razılıq əlamətidir və deməli, ortaq maraqlarınız var ki, onun siyasi səhvini belə düzəltmirsiniz. Yəni qısası, bu məqamı önə çəkmək istərdim ki, iyul hadisələri xalqımızda müəyyən ruh yüksəkliyi yaratdı, öz dövləti, millətini və Ali Baş Komandanını müdafiə edən on minlərlə insan küçələrə çıxdı, bir o qədər də könüllü surətdə orduya yazılmaq istəyən gənclər aktiv olduğu halda belə ünsürlərin iç üzləri açıldı və göründü ki, onlar xalq üçün nə qədər ziyanlı qruplardır. Siyasətin üz qaraları olan qaragüruhçular həqiqətən də göstərdilər ki, hökumətlə, iqtidarla deyil, Azərbaycan dövləti ilə düşmən mövqedədirlər. Bir daha şahidi olduq ki, onlar dövlətimizin mövqeyinin zəifləməsini istəyirlər. Dövlətin, xalqın maraqlarının əleyhinə bəyanatlar, fikirlər səsləndirirlər. Birbaşa olaraq bu bəyanatlar millətimizə təhqirdir, dövlətimizin alçaldılmasına hesablanıb, bu cür davranışların heç bir bəraəti yoxdur. Məşhur bir məsəli xatırlatmaq istərdim: “hər kəs öz dilinin altında gizlənib”. Elə Milli Şurada oturanların özləri də danışdıqca əsl üzləri görünür. Onların toplantılarının videogörüntüləri paylaşılmasaydı, bu iclaslarda olan söhbətlər ortaya çıxmasaydı, sadə insanların bir qismi haradan biləcəkdi ki, orada əslində siyasət adamları deyil, belə səviyyəsiz söhbətlər aparan insanlar toplaşıblar. Ona görə bu aralar mühacirlərin də, içimizdəki düşmənlərin də özlərini ifşa etməklərini müsbət qiymətləndirirəm. Qoy danışsınlar, danışdıqca batırlar!”

Tural Tağıyev
Azvision.az


Teqlər: Tahir-Kərimli   Deputat  





Xəbər lenti