Tovuzdan Los-Ancelesədək: Satqınların erməni sevgisi

Tovuzdan Los-Ancelesədək:  Satqınların erməni sevgisi
  27 İyul 2020    Oxunub:15827
Erməni təxribatlarını “sivil mübarizə” kimi görənlər...
Xatırlayırsınızsa, aprel döyüşləri zamanı bəzi müxalifət təmsilçiləri, o cümlədən xaricdə məskunlaşan radikal mühacir qruplar Azərbaycan xalqına, ordumuza dəstək olmaq əvəzinə guya uğursuz əməliyyatlar, itki sayının çox olması barədə silsilə dezinformasiyalar yayırdılar. Bununla bağlı sosial şəbəkələrdə xeyli sayda paylaşımların, ordumuzu gözdən salmağa hesablanmış qeyri-rəsmi məlumatların dövriyyəyə buraxılmasının şahidi olurduq. Təəssüf ki, oxşar tendesiya iyul döyüşləri - Tovuzda baş verən erməni təxribatı zamanı da davam etdi.

Ümumiyyətlə, danılmaz faktdır ki, bizdə özünü “müxalifət” adlandıran qaragüruhçu dəstə sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək siyasi mübarizə adı altında manipulyasiyalara əl atır, hər məqamda dövlətə zərbə vurmağa çalışır. Özlərini “xalqın təəssübkeşi” kimi qələmə verən marginal dəstə ölkənin, xalqın ağır günlərində, hər kəsin həmrəy olub, yumruq kimi birləşdiyi vaxtda dağıdıcı mövqe ortaya qoyur, nəinki dövlətlə bir olur, hətta xalqa qarşı durmaqdan belə çəkinmirlər.

Başqa ölkələrə baxsaq, tamamilə fərqli mənzərə ilə qarşılaşarıq. Heç uzağa getməyək. Götürək qardaş Türkiyəni. Bir neçə il öncə Türkiyədə “darbe” hadisələri - Gülənin toruna düşmüş bir qrup hərbçinin dövləti parçalamaq cəhdləri zamanı ölkənin aparıcı müxalifət partiyaları bütün umu-küsüləri, siyasi mübarizə və düşmənçiliyi bir kənara qoyub hakimiyyətin yanında yer aldı, dövlətə yönələn xain planı qətiyyətlə pislədilər. Əlbəttə, bu kimi bir çox tarixi faktları göstərmək olar.

Bizim radikallar nə edirlər? Yaxud nələr etmirlər ki?!

Bir neçə gün əvvəl Tovuzda başlayıb, Bakıda baş tutmayan təxribatlar bir çox həqiqətləri üzə çıxardı. Hər kəs gördü ki, Əli Kərimlinin Milli Şura çətiri altına topladığı marginallar və onların xaricdəki uzantıları həssas məqamda orduya dəstək olmadılar, döyüşlər gedən dövrdə şanlı ordumuzu, dövlətimizi gözdən salmaq üçün xüsusi canfəşanlıq göstərdilər. Bu azmış kimi Milli Məclisin qapı-pəncərələrini qıraraq faktiki olaraq dövlət çevrilişinə cəhd etdilər. Təbii ki, belə çirkin plan baş tutmadı. Bu dəfə onların qarşısında hakimiyyət yox, məhz xalq dayandı və Bakı küçələrinə axın edən minlərlə insan dövlətin və ordunun yanında olduğunu bütün dünyaya nümayiş etdirdi.

Son hadisələr bir daha təsdiqlədi ki, bizim düşmənimiz tək səngərin o tərəfindən ordumuza güllə atan erməni ordusu deyil, həm də içimizdəki xainlərdir. Buna başqa cür necə qiymət vermək olar axı? Aprel savaşında torpaqlarımızın işğaldan azad olumasını adi əməliyyat sayanlar indi də az qala orduya “məğlub” damğası vurmaqla düşmənin marağından çıxış edirlər. Son döyüşlərin fonunda dünyanın dörd bir tərəfində Azərbaycan ordusuna dəstək və erməni təxribatlarına etiraz aksiyaları isə milli satqınların iç üzlərini bütün çılpaqlığı ilə ifşa etdi.

Tovuz döyüşlərindən sonra məğlub və aciz duruma düşən erməni diasporunun xaricdəki soydaşlarımızın keçirdiyi sivil aksiyalarda törətdiyi vandalizmə ilk dəstək milli satqınlardan gəldi.

Başqa vaxtı vətənpərvər obrazına girən qaragüruhçu dəstə və onların xaricdəki tör-töküntüləri açıq-aşkar erməni barbarların tərəfini tutub, soydaşlarımızın ağır xəsarətlər aldığı, təhqirlərə məruz qaldığı təxribatları utanmadan Azərbaycan hakimiyyətinin üstünə atmaqla hansı yanda olduqlarını nümayiş etdirdilər. Cəmil Həsənli, Əli Kərimli, Arif Məmmədov, Arif Yunus, Tural Sadıqlı, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Orduxan Temirxan və bu kimi digər YANların sosial şəbəkə paylaşımları bir anda Ermənistan KİV-lərinin manşetlərini bəzədi və günlərdir ki, sosial şəbəkələrin erməni seqmenti adları çəkilən dostlarını “qəhrəman” kimi tərifləyirlər.

Yəqin ki, unutmamısınız. Bir müddət əvvəl Orduxan Temirxanın “ermənilər bizim tarixi abidələrimizi dağıtmayıblar” deməsi cəmiyyətimizdə necə hiddət və nifrətlə qarşılanmışdısa, ermənilər onun bu fikirlərini bəh-bəhlə tirajlayırdılar. İndi də Sevinc Osmanqızının açıqlamaları onu Kim Kardaşyandan sonra ermənilərin sevimli ulduzuna çevirdi.

Bədənində azərbaycanlı qanı daşıyan insan minlərlə günahsız soydaşımızı amansızcasına qətlə yetirən düşməni necə müdafiə edə bilər? Niyə? Onları buna məcbur edən nədir?

Müxalif jurnalist kimi özünü tanıdan Sevinc Osmanqızını nə vadar edirdi ki, belə həssas dönəmdə Qarabağa, Azərbaycana dəstək xarakterli aksiyaları təqdir etmək yerinə, hazırda bizimlə düşmən mövqedə olan ölkənin, xalqın maraqlarına xidmət edən fikirlər səsləndirsin? Adam o qədər naşı və sanki bəlli bir dairələr tərəfindən hazır yazılıb, mətn halında qarşısına qoyulmuş cümlələri səsləndirir ki, düşünürsən doğrudanmı bu jurnalist şəhid qızı olduğunu unudub? Axı onun atası Osman Mirzəyev indi də öz vəhşiliklərini davam etdirən ermənilərin xain hücumu nəticəsində həlak olmuşdu...

Bu amili, bu vəhşiliyi və anormal davranışı bir kənara qoyub konsulluğu, Azərbaycan hakimiyyətini yersiz şəkildə suçlamaq nə demək? Axı nəinki ABŞ, eləcə də digər ölkələrdə son günlər erməni vəhşiliklərinin, zorakılıqların şahidi oluruq. Dünyanın gözü qarşısında baş verən təxribat faktlarını təhrif etmək bu adamlara nə qazandırır? Budurmu onun şəhid atasının ruhuna qoyduğu hörmət?

Sevinc Osmanqızı özünə məxsus olan “Youtube” kanalında yaydığı videosunda bir çox anormal iddialar səsləndirib ki, bunlardan biri də guya sivil mübarizə aparıldığı halda Azərbaycan tərəfinin bu mübarizəni pozmasıdır. Konkret olaraq Azərbaycanın bu qarşıdurmanı təşkil etdiyini deyən Osmanqızı nümayişkaranə şəkildə bildirir ki, o, məlum toqquşmanın kimin başlaması məsələsinə toxunmayacaq. Bunu ayırd etmək guya çətin məsələ imiş və ən əsası əhəmiyyətli deyil...

Təsəvvür edin, az qala bütün dünya gördü ki, aqressiv ermənilər təxribatlara əl ataraq soydaşlarımıza hücum edib, onlara xəsarət yetirdilər, amma o, israrla iddia edir ki, guya Azərbaycan sivil mübarizəni pozub, qarşıdurmanı kimin başlaması isə onu maraqlandırmır və s.

Həqiqətən bu gün düşmən tərəfi ermənilərin maraqlarına sevə-sevə xidmət edən satqınların dezinformasiyalarından yetərincə faydalanır və "baxın, bunu azərbaycanlılar özləri etiraf edir", - deyə dünyaya car çəkirlər.

Son hadisələr növbəti dəfə kimin kim olduğunu aşkara çıxardı. Xalq gördü ki, “vətənpərvərlik” donuna bürünən satqınlar Azərbaycanın çətin günlərində, ermənilərin təxribatları ilə üzləşdiyimiz anlarda gerçək simalarını gizlətmirlər, düşmən cəbhədən Azərbaycana qarşı xaincəsinə vuruşmaları ilə fəxr edirlər.

Görünən odur ki, dövlətə xəyanət yolunu tutan bu satqınlar ermənilərdən daha pis və daha murdardırlar. Mənfur dəstə istəyir ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz, gücsüz qalsın. Azərbaycan xalqı isə buna heç vaxt imkan verməyəcək.

Azvision.az


Teqlər: Düşmən   Satqın   Xain  





Xəbər lenti