Ermənilər Azərbaycanın təbii sərvətlərini belə talayır

  Ermənilər Azərbaycanın təbii sərvətlərini belə talayır
  24 İyul 2020    Oxunub:3823
Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 30 ildir ki, davam edir. Bu müddət ərzində Ermənistanın təcavüzkar və işğalçı siyasəti onun tərəfindən müxtəlif müstəvilərdə həyata keçirilən qanunsuz fəaliyyətlərdə intensiv şəkildə özünü büruzə verməkdədir. Ermənistan hakimiyyətinin Azərbaycana qarşı təcavüzü dəstəkləməyə yönəlmiş fəaliyyəti, heç bir əsası olmayan yalanların beynəlxalq ictimaiyyətə həqiqət kimi təqdim edilməsi cəhdləri, habelə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində addımları həmin işğalçı siyasətin ayrılmaz tərkib hissəsidir.
Azvision.az xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib.

O qeyd edib ki, işğalçı rejim tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mövcud olan faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunur, flora və fauna sistemli şəkildə məhv edilir.

“Rəsmi məlumatlara əsasən, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində özündə müxtəlif növ faydalı qazıntıları birləşdirən 163 yataq yerləşir. Məlumdur ki, respublikamızın mineral ehtiyatlarının böyük bir hissəsi məhz işğal olunmuş ərazilərdədir. Azərbaycanın Kəlbəcər, Laçın, Tərtər, Ağdam ərazilərində yerləşən qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçını əhatə edən dəmir, xrom yataqları, Tərtər, Kəlbəcərdə yerləşən kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə kəşfiyyat və hasilat işləri aparılır.

İşğal olunmuş ərazilərdə aparılan bu cür qeyri-qanuni fəaliyyət nəticəsində əldə edilən gəlirlər işğalçı rejimin maliyyə təminatının çox böyük bir hissəsini təşkil edir. Qeyd etmək lazımdır ki, bu cür qeyri-qanuni fəaliyyətə bir çox xarici şirkətlər cəlb edilib ki, onların sırasında “Vallex Group”, “Base Metals”, “GeoProMining”, “GoldStar” və digər şirkətlərin adını çəkmək olar”, - deyə S.Qurbanov diqqətə çatdırıb.

Agentliyin İdarə Heyətinin sədri bildirib ki, dövlətimiz işğal olunmuş ərazilərimizdə erməni vandalları və onların xarici tərəfdaşları tərəfindən aparılan qeyri-qanuni fəaliyyətin ifşa olunması, dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə sistemli tədbirlər görməkdədir: “Belə ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2016-cı ildə “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” hesabatını dərc edib. Həmin hesabatda faydalı qazıntıların hasilatı da daxil olmaqla, qeyri-qanuni iqtisadi fəaliyyətin bütün aspektləri barədə müfəssəl məlumat açıqlanıb. Hesabatda həmçinin, bu cür fəaliyyətin beynəlxalq hüquq müstəvisində yaratdığı nəticələr də geniş şəkildə şərh edilib. Belə ki, Ermənistan Respublikasının apardığı qeyri-qanuni iqtisadi fəaliyyət 1949-cu ildə qəbul edilmiş “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasının, “Quru müharibəsinin qanun və adətləri haqqında” IV Haaqa Konvensiyasının, habelə insan hüquqları sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur və bu, həmin ölkə üçün məsuliyyət doğurur. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz sahibkarlıq fəaliyyəti göstərən, habelə dövlət sərhədlərimizi qanunsuz olaraq keçən Ermənistan və əcnəbi vətəndaşlar barədə cinayət işləri açılıb, istintaq tədbirləri həyata keçirilib və həmin şəxslər barədə milli cinayət qanunvericiliyinin imkanları daxilində müxtəlif tədbirlər görülüb.

İşğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyətə dair görülən tədbirlər qismində “AzerGold” QSC dövlət şirkəti tərəfindən, işğal olunmuş ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə dair cinayət işinin açılması təşəbbüsü ilə Baş Prokurorluğa müraciət edilməsini də vurğulamaq istərdim. Bu müraciət və təqdim edilmiş materiallar əsasında 2018-ci il ilin mart ayında müvafiq cinayət işi başlanılıb və əlaqəli istintaq tədbirləri hazırda da davam etdirilir. Həmçinin “AzerGold” QSC bu cür qeyri-qanuni hasilatın beynəlxalq müstəvidə müxtəlif instansiyalarda hüquqi qiymət alması üçün peşəkar beynəlxalq və yerli hüquq şirkətlərini layihənin icrasına cəlb edib.

İşğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyət haqqında danışarkən həmin ərazilərdə ətraf mühitə, ekosistemə, flora və faunanın vahidliyinə vurulan sistemli zərbərləri də xüsusi qeyd etmək lazımdır. Təkrar qeyd edim ki, Azərbaycan ərazilərində erməni işğalçıları və onların tərəfdaşları tərəfindən əlvan, qara metalların, habelə mineral su, ümumi yayılmış faydalı qazıntıların intensiv şəkildə hasilatı həyata keçirilir. Bu cür hasilatın həyata keçirilməsi zamanı ekoloji tələblərə heç bir formada əməl edilmir, resurslar faktiki olaraq Azərbaycan qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş istehsalat həcmlərini dəfələrlə aşmaqla hasil edilir, zəhərli tullantıların yerli su tutarlarına, çaylara axıdılmasının qarşısını almaq üçün heç bir tədbir görülmür. Bu isə öz növbəsində mineral və digər yataqların məhv edilməsinə, böyük həcmdə torpaq sahələrinin zəhərlənməsinə, şirin və içməli su mənbələrinin yararsız hala düşməsinə səbəb olur. İşğal olunmuş ərazilərdə kəskin müşahidə edilən digər bir problem çay şəbəkəsinin ciddi ziyana uğramasıdır. Belə ki, işğalçı rejimin yerli çayların üzərində çoxsaylı kiçik elektrik stansiyaları qurması səbəbindən çaylarda sululuğun kəskin azalması, həmçinin bu çaylarda yaşayan canlı növlərin kütləvi məhv olması barədə məlumatlar ictimai açıq mənbələrdə yayımlanır”.

S.Qurbanovun sözlərinə görə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə mütəmadi olaraq yanğınların törədilməsi də sadalanan ekoloji cinayətlər sırasına daxildir. Bu cür yanğınların nəticəsində çox böyük həcmdə torpaq sahələri yararsız hala düşür, zəngin meşə fondu torpaqları məhv olmaq təhlükəsi altında qalır, yandırılan torpaq sahələrində mövcud olan flora və fauna nümunələri məhv edilir: “İşğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına hasilatı, bu sərvətlərin işğalçı qüvvələrin ərazilərimizdə mövcudluğu və hərbi əməliyyatlar aparılması üçün əsas maliyyə mənbəyi olması, habelə işğal altında olan ərazilərin təbiətinin, endemik nümunələrinin, flora və faunasının məqsədli və sistemli şəkildə məhv edilməsi yalnız ölkəmizin deyil, bütün digər dövlətlərin, beynəlxalq ətraf mühit fəallarının diqqət mərkəzində olmalıdır. Çünki, ətraf mühitin qorunması məsələləri universal xarakter kəsb edir və yalnız bir dövlətin sərhədləri ilə məhdudlaşmır.

Bu cinayətlər və onların zəncirvari qaydada törətdiyi nəticələr dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməli və onların önlənməsi üçün beynəlxalq səylər Azərbaycan Respublikasının səyləri ilə birləşdirilməlidir. İşğal edilmiş ərazilərimizdə aparılan qeyri-qanuni iqtisadi fəaliyyətlərə müvafiq beynəlxalq instansiyalar və mexanizmlər çərçivəsində mütləq şəkildə hüquqi qiymət verilməlidir”.

Azvision.az


Teqlər: Agentlik  





Xəbər lenti