Tovuz əməliyyatları: Xalqın, Dövlətin və Ordunun monolit birliyi

  Tovuz əməliyyatları:  Xalqın, Dövlətin və Ordunun monolit birliyi
  24 İyul 2020    Oxunub:3700
“...Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq”.
Prezident İlham Əliyev
İyulun 12-də müxtəlif çaplı silahlarda və artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücum etməsi ilə başlayan Tovuz əməliyyatı altı gün davam etdi və düşmən heç bir uğur qazanmadan yenə əvvəlki mövqelərinə çəkilməyə məcbur edildi. Bu döyüşlərin hərbi-siyasi aspektləri və Ermənistanın təxribatlarının səbəbləri barədə aparılan müzakirələr, yürüdülən mülahizələr, ekspert rəyləri mətbuatda, televiziyalarda, sosial şəbəkələrdə hər gün kifayət qədər geniş yer alır. Düşünürəm ki, Tovuz döyüşləri hələ uzun müddət mövzusu müzakirə obyekti olaraq qalacaq. Həmin əməliyyatların bitməsindən altı gün keçdikdən sonra bu döyüşləri səciyyələndirən bir neçə amil barədə fikirlərimi oxucularla bölüşmək istərdim.

Tovuz əməliyyatlarından danışarkən dəyərləndirmək istədiyim birinci amil hərbi qulluqçularımız haqqında səsləndirilən xoş sözlər və onlara verilən qiymətdir. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Ordusu barədə danışarkən “Bu gün Azərbaycan Ordusu tam komplektləşdirilib, müasir silahlarla təchiz edilib. Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən verilən bütün tapşırıqları şərəflə yerinə yetirir”, - deyən Prezident İlham Əliyev bütün çıxışı boyu bir neçə dəfə Ordumuzun ünvanına xoş sözlər səsləndirdi. Bu səbəbdən də düşmənlə üz-üzə səngərlərdə ayıq-sayıq dayanan igidlərimizə ehtiramımızı bildirməklə, onu da qeyd etmək yerinə düşər ki, öz növbəsində Ordumuz da ünvanına deyilən xoş sözlərə və verilən qiymətə layiq olduğunu döyüş meydanında inamla sübut etdi. Ordumuzun növbəti uğuru Prezident, Ali Baş Komandan və bütün xalq tərəfindən yüksək dəyərləndirildi. “Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu” deyən Azərbaycan Prezidenti ərazi bütövlüyümüzün təmin olunması uğrunda aparılan əməliyyatlarda iştirak edən bölmələrimizin uğuruna, bu döyüşlərdə göstərilən igidliklərə yüksək qiymət verdi və bu igidliyin cəmiyyətimizə müsbət təsiri də ön plana çıxarmaqla Ordumuzun qürur mənbəyi olduğunu bəyan etmiş oldu.

Fikrimizcə, Aprel döyüşlərini, Günnüt əməliyyatını və Tovuz döyüşlərini səciyyələndirən əhəmiyyətli amillərdən ikincisi də xalq-dövlət-ordu birliyinin nümayişi oldu. Tam səmimiyyətlə demək olar ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində başlayan döyüş əməliyyatları xalq-dövlət-ordu birliyinin monolitliyinin tərənnümü oldu. Prezident İlham Əliyevin səsləndirdiyi “Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi” fikri də dövlətimizin başçısının birlik, həmrəylik amilinə verdiyi dəyərin ən bariz nümunəsidir. Fikrimcə, düşməni ən çox təşvişə salan amillərdən biri də məhz bu oldu: Xalqın, Dövlətin və Ordunun monolit birliyi.

Eyni zamanda, Tovuz əməliyyatlarından bir neçə gün sonra xalqa növbəti müraciətində Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən “Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir” fikirlərinin yenidən səsləndirilməsinin də böyük əhəmiyyətini qeyd etməklə yanaşı, onu da vurğulamağı özümə borc bilirəm ki, bu fikirlər bütün dünya azərbaycanlılarının arzusunun, amalının, iradəsinin ümumiləşdirilmiş ifadəsidir.

Xüsusi olaraq onu da vurğulamaq lazımdır ki, dövlətimizin başçısının çıxışının leytmotivini təşkil edən aspektlərdən biri də məhz xalqımızda olan vətənpərvərlik hissi, ruh yüksəkliyi oldu: “... Mənə ünvanlanan məktublarda gördüyümüz işlərə tam dəstək ifadə olunur. Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”. Prezident İlham Əliyevin xüsusi vurğuladığı bu fikirlər ölkə gəncləri ilə birlikdə, Ordumuzun şəxsi heyətini də daha da ruhlandırdı, onun döyüş ruhuna, qələbə əzminə əvəzsiz pay verdi. Bu gün sözün həqiqi mənasında Azərbaycan Ordusunun əsgərləri sübut edir ki, döyüş ruhu, qələbə əzmi, yüksək mənəvi-psixoloji durum, vətənpərvərlik, Vətən sevgisi kimi müqəddəs duyğular peşəkarlıqla birləşdiyi üçün Ordumuzun istifadəsində olan silahların gücünü qat-qat yüksək, dağıdıcı, atəşlərini daha sərrast və dəqiq etdi.

Bu 6 gün ərzində xalqımız bir daha əmin oldu ki, düşmənə sipər olan igid, qorxmaz və qəhrəman hərbçilərdən ibarət qüdrətli Ordumuz var. Xalqın həmrəyliyi, mənəvi dəstəyi isə Ordumuzu tam arxayın etdi ki, Azərbaycan xalqının Ordumuza etimadı sonsuzdur. Sərgilənən bu coşqu göstərdi ki, Xalq Ordumuza inanır, ona etibar edir, rəğbət bəsləyir və onu qəlbən sevir. Dünyanın hər yerində həyata keçirilən Ordumuza dəstək aksiyası və könüllü olaraq ordu sıralarına yazılmaq və ərazi bütövlüyümüz uğrunda döyüşlərə qatılmaq istəyənlərin sayı da buna əyani sübutdur. Və bu hadisələr bir daha təsdiq etdi ki, Xalq öz Ordusunu, Şəhidini, Döyüşçüsünü sevir və dövlət ilə birlikdə onların arxasında dayanmağa, ona diqqət və qayğı ilə yanaşmağa qadirdir.

Prezident, Ali Baş Komandanın Təhlükəsizlik Şurasının toplantısında səsləndirdiyi fikirlərdən bəhrələnməklə oxucularla bölüşmək istədiyimiz növbəti, üçüncü amil isə əməliyyatlar gedən günlərdə düşmənlə aparılan informasiya qarşıdurmasında qazandığımız uğurdur. Həmişə olduğu kimi, bu dəfə də dövlətimizin başçısı tapşırıq verdi ki, bütün dövlət qurumları, diplomatik missiyalarımız, bütün təşkilatlar Ermənistanın təxribatları, atdığı cinayətkar və çirkin əməllər barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mütəşəkkil addımlar atsın. Fikrimcə, bu döyüşlər zamanı informasiya mübarizəsində, informasiya qarşıdurmasında düşmən təbliğat maşınını üstələməyimiz və onu “nakaut” vəziyyətinə salmağımız da fəxr ediləsi bir qələbədir. Ölkə vətəndaşları, ictimaiyyət vaxtında, operativ və dəqiq məlumatlandırıldı, mətbuat nümayəndələri, sosial şəbəkə istifadəçilərimiz hərbçilərimizə informasiya dəstəyi verdi, əsgər valideynlərini və hərbçi ailələrini nigaran qoymadılar. Eyni zamanda çox sevindirici haldır ki, internet istifadəçilərimizin böyük əksəriyyəti düşmən təxribatına uymadı, əksinə, onun yalanlarını, böhtanlarını ifşa etdi. Ermənistanın informasiya təxribatlarına, dezinformasiyalarına qarşı aparılan mübarizədə jurnalistlər, telereportyorlar, blogerlər, hərbi ekspertlər, sosial şəbəkə istifadəçiləri də dövlət qurumlarımıza, xüsusilə də Müdafiə Nazirliyinə mütəşəkkil dəstək verdilər, həmrəylik nümayiş etdirdilər. Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı xəbərlər əsasında döyüşlərin işıqlandırılmasında, cəbhə xəbərlərinin paylaşılmasında, rəsmi xəbərlərin geniş ictimaiyyətə və bütün dünyaya çatdırılmasında, eləcə də düşmən dezinformasiyalarının qarşısının alınmasında, qəsdən və ya bilməyərəkdən düşmən dəyirmanına su tökənlərin də haqqa gətirilməsində bütün ölkə əlbir oldu. Qəti addımlar atıldı, operativ tədbirlər görüldü. Nəinki ölkə mediasının, eləcə də xarici jurnalistlərin döyüşlər gedən ərazilərə səfərləri təşkil olundu, onlara Ermənistan silahlı qüvvələrinin təxribatları, amansız hərəkətləri, çirkin əməlləri sayəsində yaşayış məntəqələrimizə və mülki insanlara dəyən ziyanla, dağıntılarla yerində tanış olmağa imkan yaradıldı. Bölgəyə ezam olunan jurnalistlərin iştirakı ilə bir neçə dəfə brifinqlər, mətbuat konfransları keçirildi. Onu da demək lazımdır ki, istər döyüşlər gedən, istərsə də sonrakı günlərdə bəzi qüvvələrin və qurumların bu münaqişəyə yanaşma tərzində ikili standartlar yenə də açıq-aydın sezilməkdə idi. İkili standartların ən bariz nümunəsi odur ki, bəzi qurumlar, bəzi qüvvələr tərəfindən işğala məruz qalan Azərbaycan və işğalçı Ermənistanla eyni müstəvidə, eyni dildə, eyni diplomatiya ilə davranma cəhdləri oldu. Lakin düşmən qüvvələrin bütün cəhdlərinə baxmayaraq açıq döyüşdə heç bir uğur əldə etməsinə imkan verilməyən düşmən, informasiya məkanında da məğlubiyyətə düçar edildi.

Bizdən fərqli olaraq öz çirkin əməllərinə, təxribatlarına haqq qazandırmaq məqsədilə düşmən yenə də erməni xislətinə sadiq qalaraq hiyləgərlik etdi, itkilərini təsdiq etməyərək nə öz ölülərinə hörmətlə yanaşdı, nə də mülki vətəndaşımızı qətlə yetirdiyini boynuna almağa cürəti çatmadı. Tam əksinə olaraq saxta, təxribat xarakterli materiallar yaymaqla düşmən tərəfi həm Ermənistan cəmiyyətinin fikrini yayındırmağa, uğursuzluqlarını ört-basdır etməyə, həm də ölkəmizdə çaxnaşma, nifaq salmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini yaratmaq üçün dəridən-qabıqdan çıxır. Fikrimcə, gələcəkdə Ermənistan tərəfi belə dezinformasiyalardan həm ölkəsində, həm də dünyada gözdən pərdə asmaq üçün bəhrələnəcək və öz çirkin niyyətlərində istifadə edəcək. Döyüş əməliyyatları bitdikdən bir neçə gün sonra düşmənin informasiya qarşıdurmasında düşdüyü şok vəziyyətdən qismən ayılması və yenə də yalanlarla, iftiralarla, təxribat xarakterli çıxışlarla ictimaiyyəti çaşdırmaq istiqamətində etdiyi cəhdlər və yaydığı dezinformasiyalar dediklərimizin təsdiqidir.

Xalqa müraciətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın informasiya qarşıdurması məsələsinə toxunaraq “Yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir” fikirlərini səsləndirməsi də dövlətimizin yuxarıda haqqında danışılan spesifik amilə - informasiya qarşıdurmasına nə qədər önəm verdiyini nümayiş etdirir. Müraciətində son günlər fəallıq göstərən, düzgün danışan, qanun və əxlaq normaları çərçivəsində, əsaslandırılmış şəkildə ölkəmizin maraqlarını qoruyan, eyni zamanda sosial şəbəkələrdə qarşılıqlı dəstək, səbir, həmrəylik, təmkin və özünənəzarət nümayiş etdirən hər kəsə təşəkkür edən Birinci vitse-prezident düşmənin informasiya təxribatlarına qarşı yenə də mütəşəkkil hərəkət etməyə, hamımızı sayıq olmağa, düşmən təxribatlarına uymamağa çağırır. Hesab edirəm ki, dövlətimizin bu istiqamətdə etdiyi çağırış, verdiyi tövsiyələr və qarşıya qoyduğu tapşırıqlar bütün qurumların fəaliyyət planlarında öz əksini tapmalı və düşmənə qarşı aparılan informasiya mübarizəsi koordinasiya edilərək yerinə yetirilməlidir.

Aprel döyüşlərini, Günnüt əməliyyatını və Tovuz döyüşlərini də səciyyələndirən daha bir qürurverici amil ordumuzun mənəvi gücünün nümayişidir. Bu mənəvi güc odur ki, Azərbaycan naminə Ordumuzun əsgərindən tutmuş generalınadək, hər kəs gözünü qırpmadan səngərə, ön xəttə atılmağa və Vətən üçün vuruşub, şəhid olmağa hazırdır. Şəhid olanların, yaralananların ailə üzvlərinin bu günlər nümayiş etdirdiyi təmkin, səbir və dəyanət də Ordumuzun şəxsi heyətinin mənəvi gücünə güc qatdı, onun mənəvi-psixoloji durumuna müsbət təsir göstərdi və hərbçilərimizi daha böyük qələbələrə ruhlandırdı.

Şəhidlərimizin dəfn mərasimində polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefon danışığı zamanı Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev “Bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib” deyərək Vətən yolunda canından keçən, sağlamlığını itirən qəhrəmanlarımızdan böyük hörmətlə, fəxrlə danışması igid döyüşçülərimizin qəlbini fərəh, iftixar hissi ilə doldurdu. Dövlət rəhbərinin dilindən səsləndirilən belə fikirlər də Ordumuzun mənəvi güc aldığı mənbələrdən biridir.

Aprel döyüşləri kimi, Tovuz əməliyyatları da göstərdi ki, döyüşdən yayınan, tərəddüd edən, çəkinən, hətta döyüş meydanında geriyə boylanan bir hərbçimiz belə olmadı. Düşmən üzərində hərbi qələbəmiz sübut etdi ki, belə cılız ünsürlər düşməndən fərqli olaraq Azərbaycan Ordusunun şəxsi heyətinə yaddır.

Zaman göstərdi ki, sözün əsl mənasında məhz hərbi qulluqçularımızın qürur doğuran davranışları Ordumuzun mənəvi gücünün təzahürü oldu. Dostluq, qardaşlıq, bir-birinə arxa-dayaq olmaq, çiyin-çiyinə vuruşmaq, nizam-intizam, əmrə sözsüz tabe olmaq, Hərbi Anda sədaqət, Vətənə məhəbbət, düşmənə nifrət Azərbaycan əsgərinin bu əməliyyatlarda qalib gəlməsini təmin edən silahlar qədər əhəmiyyətli oldu.

Hər kəs bu döyüşlərə qatılmağa can atdı. Döyüşlərə cəlb edilən bütün hərbi bölmələrimizin döyüşçüləri əlindən gələni canla-başla etdi, döyüş tapşırığını uğurla yerinə yetirmək üçün canını, qanını, gücünü və qüvvəsini əsirgəmədi. Vətən yolunda gedən bu savaşda kiminsə cüzi də payı oldusa, hər kəs bundan şərəf duydu, qürur hissi keçirdi. Bu da igid oğullar yetişdirən xalqımızın və onun Ordusunun mənəvi gücünün daha bir mənbəyidir.

Artıq qoşunların təmas xəttində nisbi sakitlik olsa da, əməyinə yüksək qiymət verilən hərbi qulluqçularımız bu gün yenə də ön xətdə, səngərlərdə ayıq-sayıq Vətənin keşiyində dayanıb. Təlim-məşqlərdə peşəkarlığını, döyüş qabiliyyətini günbəgün daha da artırmaqla düşmən üzərində qələbə qazanmaq və işğalda olan torpaqları azad etməklə ərazi bütövlüyümüzü təmin etmək üçün Ali Baş Komandanın verəcəyi əmrə hazır olduğunu Azərbaycan Ordusunun şəxsi heyəti inamla səsləndirir.

Sözardı: “Azərbaycan Silahlı Qüvvələrinə göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır, onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın”, - deyən Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin bu çağırışına Azərbaycan xalqı, Azərbaycan Ordusu və dünyada yaşayan bütün azərbaycanlılar hər an hazır olduqlarını bəyan etdilər. Bu isə tarixi həqiqətin, haqq işimizin təntənəsində, torpaqlarımızın işğaldan azad edilməsində, düşmənə qalib gələrək Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə davam edən müqəddəs mübarizəmizdə, şanlı döyüşlərimizdə əhəmiyyətli amillərdən biri, eləcə də güclü və təsirli vasitədir. Yaşasın Azərbaycan və onun Şanlı Ordusu!

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, jurnalistlər birliyinin üzvü,
hərbi jurnalist İsa İsmayılov


Azvision.az


Teqlər: Tovuz   Döyüş  





Xəbər lenti