Mətbuatın 145 illiyinə həsr olunmuş vebinar keçirilib

Mətbuatın 145 illiyinə həsr olunmuş vebinar keçirilib
  22 İyul 2020    Oxunub:3034
İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşəbbüsü ilə Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş vebinar keçirilib.
Azvision.az xəbər verir ki, tədbir iştirakçıları Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində hərbi təxribatının qarşısı alınarkən şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Vebinarda çıxış edən KİVDF-nin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, keşməkeşli yol keçmiş milli mətbuatımızın intibah dövrü məhz müstəqillik illərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil və güclü dövlətçilik ənənələrini bərqərar edərək mətbuatın demokratik məzmunu üçün lazım olan zəruri şəraiti təmin edib. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı mətbuatın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirir.

Ə.İsmayılov KİVDF-nin yeni dövrün çağırışları və tələbləri ilə əlaqədar son aylar ərzində KİV-in inkişafına töhfə verəcək layihələrindən danışıb. Həmçinin bildirib ki, Fondun yeni saytı təqdim edilib. Saytda “Azərbaycan Milli Mətbuat tarixinin virtual inciləri” sərgisi, Həsən bəy Zərdabinin xatirə muzeyinə virtual tur imkanı da yaradılıb.

Vebinarda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Sədaət Yusifova Azərbaycan mətbuatının 145 illiyi və informasiya-kommunikasiya sahəsində yeni çağırışlar barədə çıxış edib. Vurğulayıb ki, “Əkinçi” qəzetinin maarifçilik, müasirlik və istiqlal məfkurəsi kimi təməl prinsipləri bu gün də aktualdır.

Səadət Yusifova qeyd edib ki, son illər ərzində KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir çox tədbirlər həyata keçirilib. Ulu öndərimiz Heydər Əliyevin mətbuatın inkişafına yönəlmiş siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının milli mətbuatın 145 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamında KİV-in fəaliyyət prinsipləri və istiqamətləri əksini tapıb.

Diqqətə çatdırılıb ki, fasiləsiz rejimdə informasiya axınının səmərəli idarə edilməsi, “fake news” və “deepfake” texnologiyaları dövründə informasiya təhlükəsizliyinin təmin edilməsi ən aktual məsələlərdən biridir. İnformasiya və hibrid müharibələrin üstünlük təşkil etdiyi hazırkı qlobal gündəm informasiya siyasətinin səmərəli qurulmasını, onun həyata keçirilmə mexanizmlərinin daim yenilənməsini, çevikliyin təmin edilməsini, media və kommunikasiya sahəsində islahatların dərinləşdirilməsini şərtləndirir.

Qeyd olunub ki, Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətməklə yanaşı, informasiya hücumlarının birgə tətbiqinə əsaslanan hibrid müharibə taktikasından istifadə edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın son hadisələrlə bağlı xalqa müraciətində münaqişə dövründə informasiya təhlükəsizliyi məsələləri əhatə olunmaqla, sosial mediada müşahidə olunan mənfi təmayüllər dolğun şəkildə təhlil edilib. Müraciətdə hamımıza çağırış edilərək vurğulanır ki, bu gün hər birimizin borcu Azərbaycanın mövqeyini nəinki döyüş meydanında, həm də kompüter qarşısında müdafiə etməkdir.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev milli jurnalistikamız üçün kadrlar hazırlanmasında Jurnalistika fakültəsinin xidmətlərindən danışıb. Onun sözlərinə görə, əksər tanınmış jurnalistlər üçün Bakı Dövlət Universiteti alma materdir. 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən ay yarım sonra onun xeyir-duası ilə fəaliyyətə başlamış Jurnalistika fakültəsi peşəkar kadr hazırlığının əsas ağırlığını öz üzərinə götürüb.

“Sovet dövründə Nəsir İmanquliyev, İsrafil Nəzərov, Qılman İlkin, Rza Quliyev, Cümşüd Əzimov və başqaları jurnalist kadrların hazırlanması işinə töhfə veriblər. Həmçinin akademik Məmməd Arif Dadaşzadə, professorlar Mir Cəlal Paşayev, Əli Sultanlı və digər alimlər gələcək jurnalistlərin ilk müəllimləri sırasında olublar və belə müəllimlərin tələbəsi olmaq özü böyük bir şərəf idi”, - deyə E.Babayev qeyd edib.

Rektor, həmçinin hazırda Jurnalistika fakültəsində tələblərə nəzəri biliklərlə yanaşı, təcrübə aşılanması istiqamətində görülən işlərdən danışıb və qeyd edib ki, bu məsələdə universitet həm də KİV-lərdən dəstək gözləyir.

Vebinarda AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Sevil Mikayılova, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Real TV-nin baş direktoru Mirşahin Ağayev, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov çıxış ediblər.

Qeyd olunub ki, düşmənin bizə qarşı həm də informasiya müharibəsi apardığı bir vaxtda Azərbaycan həqiqətlərini dünyaya yaymaq, eləcə də erməni yalanlarını ifşa etmək mətbuatımızın bir nömrəli vəzifəsidir. Unutmaq olmaz ki, yaşadığımız informasiya əsrində söz də bir silah, jurnalist də bir əsgərdir. Biz bu məsuliyyəti hamılıqla dərk etməliyik, milli maraqlarımızın müdafiəsində dayanmaq üçün maksimum səfərbər olmalıyıq.

Sərhəddə ağır döyüşlər getdiyi bir vaxtda vətənpərvər insanların Azərbaycan Ordusuna və Ali Baş Komandan İlham Əliyevə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına axını xalq-iqtidar birliyini bir daha nümayiş etdirdi. Lakin bununla yanaşı, bir qrup təxribatçı qanunsuz əməllər törətməyə cəhd göstərdi. Biz bir jurnalist və vətəndaş olaraq antimilli qüvvələrə qarşı prinsipial mövqe tutmalı, sözümüzü daha cəsarətlə deməliyik.

Çıxışlarda Azərbaycan mətbuatının inkişaf tarixinə və müasir dövrdə jurnalistikanın aktual problemlərinə də toxunulub. Teleradio, KİV haqqında qanunlarda dövrün tələblərindən irəli gələn dəyişikliklər edilməsi, hərbi jurnalistlər, habelə dünya arenasına çıxa biləcək jurnalist kadrlar hazırlanmasının zəruriliyi bildirilib, bununla bağlı təkliflər irəli sürülüb. Eləcə də kadr hazırlığında jurnalistika ixtisasını tədris edən ali təhsil müəssisələri ilə KİV-lərin əməkdaşlığının vacibliyi qeyd edilib.

Vebinara yekun vuran Ə.İsmayılov Vətənimizin, dövlətimizin və dövlətçiliyimizin inkişafı naminə milli mətbuatımızın bundan sonra da həmrəylik nümayiş etdirəcəyinə əminliyini vurğulayıb.

Azvision.az


Teqlər: Metbuat  





Xəbər lenti