Azərbaycan səfirinin videomüsahibəsi İtaliya mətbuatında

Azərbaycan səfirinin videomüsahibəsi İtaliya mətbuatında
  22 İyul 2020    Oxunub:3318
İtaliyanın nüfuzlu Askanews xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə ilə Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində Ermənistanın həyata keçirdiyi hərbi təxribatlara dair videomüsahibə və İtaliyada yaşayan azərbaycanlıların Ermənistanın təcavüzünə qarşı İtaliya parlamentinin qarşısında həyata keçirdiyi etiraz aksiyasına dair videoreportaj yayımlayıb.
Azvision.az xəbər verir ki, müsahibəsində səfir 30 ildir Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, torpaqlarımızın 20 faizinin, o cümlədən Dağlıq Qarabağın və ətrafındakı yeddi rayonun işğal edildiyini və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün olduğunu bildirib. Diplomat əlavə edib ki, Ermənistan beynəlxalq hüquqa və qurumlara, habelə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə məhəl qoymur.

Diplomat cəzasız qalmış cinayətlərin yeni cinayətlərə yol açdığını, buna görə iyulun 12-dən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi təxribata başlayaraq Azərbaycan Ordusunun mövqelərinə, o cümlədən mülki əhalinin sıx məskunlaşdığı ərazilərə hücum etdiyini, nəticədə ordumuzun 12 hərbçisinin, habelə 76 yaşlı mülki şəxsin həlak olduğunu, çox sayda insanın yaralandığını, evlərə ziyan dəydiyini deyib.

Sözügedən hərbi təxribatın səbəbi kimi səfir, ilk növbədə, Ermənistanda COVID-19 pandemiyası ilə daha da pisləşən çox ağır siyasi, iqtisadi, sosial problemlərdən diqqəti yayındırmaq olduğunu vurğulayıb. O əlavə edib ki, Ermənistanın hazırkı hərbi təxribatları işğal olunmuş ərazilərdəki təmas xəttində deyil, işğal olunmuş ərazilərdən uzaqda, Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində baş verir və bununla qarşı tərəfin məqsədi bu münaqişəyə üçüncü tərəfləri cəlb etməkdir.

Tovuz rayonunun Xəzər dənizindən neft və qazın beynəlxalq bazarlara, o cümlədən Avropaya nəqli üçün strateji ərazi olduğunu vurğulayan diplomat qeyd edib ki, Ermənistanın bu hərbi təxribatları yeni bazarlara və alternativ enerji mənbələrinə çıxışı təmin etmək baxımından Avropa üçün də vacib olan bu layihələrin fəaliyyətinin qarşısını almaq məqsədi daşıyır. Təsadüfi deyil ki, Ermənistanın bu hərbi təxribatları Azərbaycandan bir çox ölkələrə, o cümlədən İtaliyaya qaz nəql edəcək dəhlizin tam fəaliyyətə başlamasından bir neçə ay əvvəl baş verir.

Askanews xəbər agentliyi videoreportajına İtaliyada yaşayan azərbaycanlıların Ermənistanın Azərbaycana qarşı təcavüzü və son hərbi təxribatlarına etiraz məqsədilə İtaliya parlamentinin qarşısında həyata keçirdiyi sanksiyalaşdırılmış aksiyasından və hərbi təxribatlar nəticəsində Azərbaycanın mülki obyektlərinə dəyən ziyanı göstərən süjetlər də daxil edib.

Müsahibə İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrinin marağına səbəb olub. İl Sole 24 Ore, Libero Quotidiano, İl Tempo, İl Giornale d’Italia, Affari İtaliani, Quotidiano, Today.it, Notizie Tiscali, Gruppo Corriere, Corriere dell’Umbira, Corriere di Arezzo, Corriere di Rieti, TPI, Timgate, Virgilio və digər mətbuat orqanları tərəfindən də yayılıb.

Azvision.az


Teqlər: İtaliya   Səfir   Müsahibə  





Xəbər lenti