Hindistanın Azərbaycanla bağlı hansı planları var? - Səfirlə MÜSAHİBƏ

Hindistanın Azərbaycanla bağlı hansı planları var? -  Səfirlə MÜSAHİBƏ
  20 İyul 2020    Oxunub:9558
"Azərbaycanla Hindistan arasında ticarətdə çox böyük artım gözləyirik"

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Azvision.az -a müsahibə verib. Səfir müsahibə zamanı ölkəsində koronavirusla bağlı vəziyyət, pandemiyanın iki ölkənin münasibətlərinə təsiri, gələcək planlar və digər məsələlərdən danışıb.
Müsahibəni təqdim edirik:

- Cənab səfir, bu gün koronavirus epidemiyası bütün dünya üçün əsas problemə çevrilib. Ona görə də söhbətimizi məhz bu mövzuda başlamaq istəyirəm. Hindistanda hazırda vəziyyət necədir və ölkəniz koronavirusun gətirdiyi problemlərdən çıxmaq üçün hansı addımları atır?

- Koronavirus pandemiyası qlobal ictimaiyyət üçün böyük problemlər yaratmışdır və Hindistan da bu baxımdan istisna deyil. Hindistan hökuməti və Hindistan xalqı bu xəstəliklə mübarizə və onun aradan qaldırılması istiqamətində bütün səyləri göstərir. Baş Nazir Narendra Modinin rəhbərliyi ilə Hindistan böhranın idarə olunmasını sürətlə və miqyaslı şəkildə, qətiyyətlə təmin edib. Hindistan virusun yayılmasının qarşısının alınması üçün mümkün addımı atıb. Hindistanın sağlam səhiyyə sisteminə sahib olmasına baxmayaraq, biz fəaliyyətə başlamışıq və həm infrastruktur, həm də işçi qüvvəsi baxımından əlavə imkanlar yaratmışıq. Bu, ölkəmizdə bir milyon əhaliyə nisbətdə ən aşağı yoluxma və ölüm halının qeydə alınması ilə nəticələndi. Hindistan, həmçinin, təxminən 64% səviyyəsində çox yaxşı sağalma nisbəti sərgilədi.

Bu gün ölkəmizdə çox ağır və yüngül simptomları olan COVID-19 xəstələrinin müalicə edilməsi üçün 1201 xəstəxana, 2611 tibb mərkəzi, 9909 koronavirus xəstələrinə baxım mərkəzi var. Bir həftə ərzində 10 min çarpayılıq yer yaradılıb. Bu günə qədər 12 milyondan çox COVID -19 testi aparılıb.

Hindistan şirkətləri Bharat Biotech və Zydus Cadila tərəfindən COVAXIN və ZyCov-D adlı iki yerli COVID-19 əleyhinə peyvəndin bu ay 1-ci və 2-ci sınaqlardan keçməsi təsdiq edilib. Bundan əlavə, Hindistan sənayesi ən azı 6 digər namizəd peyvənd üzərində işləyir ki, bunlardan 2-si nisbətən hazırdır.

Onu da qeyd etmək istərdim ki, bu pandemiya dövründə Hindistan öz səhiyyə sektorunun gücünü və “dünyanın əczaçılıq mərkəzi” olaraq mövcudluğunu nümayiş etdirərək təxminən 150 ölkəyə vaxtında tibbi yardım tədarükü göstərdi.

- Hindistan dünyada turistlərin maraq göstərdiyi qədim tarixi məkanlara malik bir ölkə kimi tanınır. Bu baxımdan turizm sahəsinin itkiləri barədə nə deyə bilərsiniz?

- Həqiqətən Hindistan zəngin irsi ilə yanaşı təbiətinin gözəlliyi ilə də tanınır. Bu gün Hindistanda YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınan 38 məkan var. Bunlara 30 mədəni, 7 təbiət və 1 qarışıq məkan daxildir. Bu səbəbdən Hindistan dünyanın hər yerindən, o cümlədən Azərbaycandan olan səyahətçilərə öz nəhəng mədəni və təbiət müxtəlifliyini görmək üçün geniş imkanlar təklif edir.

Tədqiqatlar göstərir ki, mövcud pandemiya Hindistanın turizm sənayesinə, bu sektorun bütün hissələrinə təsir edən ən pis böhranlardandır. Hindistan turizm sənayesinin faktiki itkiləri əhəmiyyətli ölçüdə olacaq və önümüzdəki aylarda daha aydın görünəcək.

- Məlum böhran Azərbaycanla Hindistan arasındakı əlaqələrə, xüsusilə iqtisadi-ticari sahəyə necə təsir göstərib? İki ölkənin nəzərdə tutulmuş hansı planları, layihələr təxirə salınıb?

- Bu müddət ərzində ölkələrimiz arasında malların dövriyyəsi üzərində əhəmiyyətli bir təsirin olmadığını müşahidə etdik. Yüklərin daşınmasına heç bir məhdudiyyətin tətbiq olunmaması nəticəsində iki ölkə arasında normal ixrac-idxal əməliyyatları davam edir. İki ölkənin ticarət və biznes palataları COVID-19-dan sonrakı dövrdə iş imkanlarını müzakirə etmək üçün videokonfrans vasitəsilə görüşlər keçirməkdə davam edir. Bu yaxınlarda Hindistan səfirliyi, Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) və Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) AZPROMO, ASK, Azərbaycan və Hindistan iş adamlarının iştirakı ilə onlayn görüşlərini koordinasiya etdi.

İyulun 7-də Hindistanın Ticarətin Təşviqi Şurasının (TPCI) Azərbaycan və Hindistan şirkətləri ilə onlayn B2B görüşü təşkil edildi. PHD Ticarət və Sənaye Palatası və Hindistan səfirliyi iyulun 29-da azərbaycanlı iş adamları ilə virtual B2B görüşü təşkil edəcək və bu ay ərzində BEML Limited (Hindistan hökümətinə məxsus şirkət) öz məhsullarını bu sektorla əlaqəli müvafiq nazirliklərə, qurumlara təqdim etmək üçün dağ-mədən və tikinti sahələrini əhatə edən onlayn görüş keçirəcək.

- Ümumilikdə siz iki ölkənin əlaqələrini necə xarakterizə edərdiniz?

- İki ölkə arasındakı münasibətlər, xüsusən də iqtisadi münasibətlər və xalqlarımız arasında əlaqələr inkişaf etməkdədir. Bu, Hindistanın Azərbaycanla ikitərəfli ticarətinin həcminin 2005-ci ildə 50 milyon ABŞ dollarından, 2019-cu ildə 1093 milyon ABŞ dolları səviyyəsinə qədər əhəmiyyətli dərəcədə artmasından aydın olur. Hindistan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafında fəal iştirak edir. Hər iki ölkə Hökumətlərarası Komissiya çərçivəsində ticarət və investisiya, nəqliyyat, gömrük, enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, səhiyyə, ətraf mühitin qorunması, turizm, mədəniyyət, rabitə və informasiya texnologiyaları, təhsil və s. də daxil olmaqla geniş sahələrdə əməkdaşlıq edir.

Hər il Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində Hindistan hökuməti Azərbaycandan olan mütəxəssislərə bütün xərcləri qarşılanan çoxsaylı təlim kursları təklif edir. Keçən il Azərbaycana 22 yer ayrılmışdı. Hindistan, həmçinin hər il Hindistan Mədəni Əlaqələr Şurasının Əsas Təqaüd Proqramı çərçivəsində azərbaycanlı tələbələrə bir elmi işçi yeri təqdim edir. Bu il beynəlxalq səyahətə tətbiq olunan məhdudiyyətlər səbəbindən ITEC kurslarının başlaması mümkün olmadı. Lakin, Hindistanda institutlar virtual platformada səhiyyə ilə bağlı qısa kurslar təşkil edir. Hindistan kinosu geniş tamaşaçı kütləsinə sahib olmaqda davam edir.

Hindistanın Mədəni Əlaqələr Şurasının maliyyələşdirdirdiyi Hindistan musiqi və rəqs qrupları müntəzəm olaraq Azərbaycanda keçirilən musiqi və rəqs festivallarında iştirak edir. Yoqa Azərbaycanda çox populyardır və 21 iyun Beynəlxalq Yoqa Gününun qeyd olunmasında Azərbaycandan bir çox yoqa məşqçiləri və həvəskarları çox həvəslə iştirak edir. Pandemiya ilə əlaqədar sosial məsafənin saxlanılması tələbi səbəbindən bu il Beynəlxalq Yoqa Günü ilə əlaqəli tədbirlər onlayn şəkildə təşkil edildi. Hindistandan turistlərin gəlişindəki sıçrayış Azərbaycanın Hindistan turistləri üçün ən yaxşı turizm məkanlarından birinə çevrildiyini göstərir. 2019-cu ildə Hindistandan 65 mindən çox turist Azərbaycana səfər edib.

- Pandemiya dövründə Azərbaycanla Hindistan arasında yüksək təmaslar həyata keçirilirmi?

- Qoşulmama Hərəkatının (NAM) təsisçi üzvü kimi Hindistan NAM ilə əlaqəli bütün fəaliyyətlərdə fəal iştirak edir. Hindistanın Baş Naziri cənab Narendra Modi 4 may tarixində Hərəkatın hazırkı sədri Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə NAM Təmas Qrupunun koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar keçirilən onlayn Zirvə Görüşündə iştirak etdi. Eynilə, Hindistanın Səhiyyə naziri, doktor Harş Vardhan videokonfrans vasitəsilə 20 mayda keçirilən Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun səhiyyə nazirlərinin iclasında iştirak etdi.

- Postpandemiya dövrü üçün nə kimi planlar nəzərdə tutulub?

- Koronavirus böhranını fürsətə çevirməli olduğumuzu düşünürük. COVID-19 pandemiyasının yaratdığı maneə Azərbaycanla ümümi əlaqlərimizi, xüsusən də iqtisadi əlaqəmizi şaxələndirmək və eyni zamanda artıq ixrac olunan məhsullar üzrə bazar payımızı artırmaq üçün uzunmüddətli imkanlar aça bilər. Hər iki ölkənin ticarət palataları və iş adamları Hindistan səfirliyinin fəal koordinasiyası ilə ticarəti artıra biləcəyimiz potensial sektorları müəyyən etmək məqsədilə vəziyyəti yaxından izləyirlər və biz yaxın aylarda ölkələrimiz arasında ticarətdə çox böyük artım müşahidə olunacağına ümid edirik. Yuxarıda da qeyd olunduğu kimi, Hindistanın ticarət palataları son aylar ərzində Azərbaycanın ticarət palataları və iş adamları ilə birlikdə üç dəfə onlayn görüş təşkil edib və iki belə onlayn görüşün yaxın iki həftə ərzində keçirilməsi planlaşdırılır.

- Cənab səfir, bildiyiniz kimi Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin vacib iştirakçılarındandır. Bu mənada qeyd edilən dəhlizin iki ölkənin ticari-iqtisadi əlaqələrində əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təsisçi üzvlərindən biri kimi Hindistan Azərbaycan da daxil olmaqla Avrasiya regionunda nəqliyyat əlaqəsini təkmilləşdirəcək və ticarəti artıracaq bu layihəyə yüksək əhəmiyyət verir. Dəhlizin tam işə salınması ilə Hindistandan Rusiyaya yüklərin daşınmasına sərf olunan vaxtın və xərclərin əhəmiyyətli dərəcədə azalacağına ümid edilir. Mumbaydan Moskvaya Bakıdan keçməklə İranın Bəndər-Abbas və Çabahar limanları vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi yolunun xərclər baxımından daha səmərəli və mövcud dəniz yolundan 40 faiz qısa olacağı təxmin edilir.

Beləliklə, dəhliz Hindistanın Avrasiya, eləcə də Avropa ilə ticarət və iqtisadi əlaqələrini asanlaşdıraraq Hindistan və Azərbaycan, həmçinin daha geniş Avrasiya regionu arasında əlverişli nəqliyyat əlaqələrinin qurulmasını təmin edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan   Koronavirus   Azərbaycan  





Xəbər lenti