PJB beynəlxalq videokonfrans keçirdi

PJB beynəlxalq videokonfrans keçirdi
  18 İyul 2020    Oxunub:4047
Parlament Jurnalistləri Birliyi (PJB) Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illik yubileyi ilə bağlı silsilə tədbirlərini davam etdirir.
Azvision.az xəbər verir ki, növbəti belə tədbir Qlobal Jurnalistlər Şurası (GLOBAL JOURNALİSM COUNCİL) ilə birlikdə “Azərbaycan mətbuatı-Dünəndən gələcəyə” adlı beynəlxalq video-konfransın keçirilməsi olub.

PJB sədri Elşad Eyvazlının moderatorluğu ilə keçirilən onlayn konfransda Türkiyə, ABŞ, İran, Almaniya, Orta Asiyada yaşayan jurnalistlər, həmçinin Azərbaycan media ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər. Müzakirələrdə Azərbaycan mətbuatının yaranma tarixinə nəzərə salınıb, həmçinin indiki durumu ilə bağlı fikir mübadiləsi aparılıb. Pandemiya zamanı dünya media nümayəndələrinin üzləşdikləri çətinliklər, postpandemiya dövründə yarana biləcək problemlər və onların həlli ilə bağlı fikirlər səslənib. İştirakçılar Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlar dövründə azərbaycanlı jurnalistlərin fəaliyyəti, bu hadisələrin dünya mediasında işıqlandırılması ilə bağlı də fikirlərini açıqlayıblar.

“Dünya mediasında Azərbaycan mətbuatının yeri” mövzusunda çıxış edən Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim yerli jurnalistlərin beynəlxalq KİV-lərdə təmsil olunmasının vacibliyini vurğulayıb. O, rəhbərlik etdiyi Şuranın bu istiqamətdə Türkiyə ilə yanaşı, Azərbaycandan olan media nümayəndələri üçün fərqli imkanlar təqdim etdiyini qeyd edib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı milli mətbuatımızın təməli olan “Əkinçi” qəzetinin yarandığı dövrün ictimai-siyasi vəziyyətini təhlil edərək, mətbuatın keçdiyi tarixi inkişaf yolundan bəhs edib. Bildirib ki, “Əkinçi” ölkəmizdə məhz Azərbaycan dilində mətbuatın əsasını yaradıb, bundan sonra milli jurnalistikanın formalaşması prosesi başlayıb.

Tanınmış savaş müxbiri, hazırda ABŞ-da yaşayan İrfan Sapmaz Azərbaycanda işlədiyi illəri xatırladıb. Xocalı soyqırımının lentə alan azsaylı jurnalistlərdən biri olan İrfan Sapmaz həmin görüntülərin televiziyada yayımlanmadığını bildirib. İrfan bəy müasir dövrdə Dağlıq Qarabağ probleminin dünya miqyasında lazımınca işıqlandırılmamasını qeyd edərək bu məsələdə Türkiyə və Azərbaycan jurnalistlərinin daha güclü həmrəyliyinə ehtiyac olduğunu qeyd edib.

Müzakirələr zamanı Azərbaycan və Türkiyənin iştirakı ilə dünya miqyaslı informasiya agentliyi, yaxud televiziyanın yaradılması zərurətindən də söz açılıb.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid , Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı qlobal müstəvidə Azərbaycan mediasının rolundan danışıblar. Tanınmış telejurnalist Qulu Məhərrəmli və “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy baş tutan konfransın gələcəkdə Azərbaycan mediasının xarici müstəvidə inkişafına müsbət təsir edəcəyini vurğulayıblar.

Konfransda çıxış edən Türk Şurasının mətbuat xidmətinin rəhbəri Kahraman Halisçelik, İsraildən jurnalist-politoloq Arye Qut, İrandan jurnalist Yaqup Arslan, Krımdan jurnalist Zera xanım, Almaniyadan jurnalist Səfa Doğanay çıxış edərək Azərbaycan həqiqətlərinin dünya mətbuatında yayılması üçün öz təkliflərini irəli sürüblər.

Krım tatarı Zera Bəkirova Həsən bəy Zərdabini İsmayıl Qaspralının müəllimi adlandırdı. Və bildirdi ki, məhz Azərbaycanın və Həsən bəy Zərdabinin köməyi ilə İsmayıl bəy Qaspralı Krımda Tərcüman qəzetini çap etdirməyə başlamışdı.

Dünyanın 10-a yaxın ölkəsindən iştirakçıların qatıldığı toplantıda Azərbaycan media nümayəndələrinin beynəlxalq əlaqələrinin gücləndirilməsinin vacibliyi, bu məsələdə Qlobal Jurnalistlər Şurasının böyük işlər görə biləcəyi vurğulanıb. Artıq PJB ilə Şura arasında bəzi müştərək layihələrin reallaşdırılması barədə ilkin razılığın əldə olunduğu da bildirilib.

Azvision.az


Teqlər:





Xəbər lenti