Ermənistan beynəlxalq hüququn bütün normalarını pozur

Ermənistan beynəlxalq hüququn bütün normalarını pozur
  18 İyul 2020    Oxunub:3276
Hazırda bütün dünya COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizə aparır. Bu mübarizəyə ən çox töhfə verən dövlətlərdən biri də Azərbaycandır. Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizin atdığı addımları müsbət dəyərləndirir və xəstəliyə qarşı mübarizədə aparılan səyləri nümunə olaraq digər ölkələrə göstərir. Lakin belə bir çətin vəziyyətdə Ermənistan dövləti iyulun 12-dən etibarən ölkəmizin sərhədlərində təxribatlar törətməyə başladı. Həmin gündən etibarən Ermənistan Tovuz rayonu istiqamətində həyata keçirməyə başladığı təxribatçı fəaliyyətini hazırda da davam edir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Vitse-spiker deyib ki, Ermənistan tərəfinin budəfəki hücumu tarixin analogiyasına baxsaq 1992-ci ildə olan hücumla eyniyyət təşkil edir. Yenə ağır artilleriya silahlarından istifadə etməklə dinc əhalinin yaşadığı ərazilərə mütəmadi olaraq hücumlar təşkil edilir. Bu hücumlar nəticəsində bu günə qədər 11 hərbi qulluqçu şəhid olub, 1 mülki vətəndaş qətlə yetirilib. Qeyd olunan hücumlar pandemiyaya qarşı aparılan mübarizəni daha da çətinləşdirir:

"Hazırda Ermənistan rəhbərliyinin diktəsi ilə Azərbaycan sərhədində həyata keçirilən təxribat zamanı həlak olan hərbiçilərlə yanaşı, mülki əhali də ağır artilleriya silahlarının hədəfindədir. Belə ki, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu evinə düşən ağır artilleriya mərmisinin partlaması nəticəsində həlak olub. Bununla da mərhum vətəndaşın İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququ Ermənistan dövləti tərəfindən pozulub. Qeyd edək ki, bu, Ermənistan tərəfindən ilk belə hal deyil. Belə ki, Ermənistan təkcə müharibə dövründə yox, eyni zamanda, atəşkəs dövründə də müxtəlif vaxtlarda Azərbaycan ərazisində olan ayrı-ayrı mülki şəxslərə qarşı silah işlətmiş, 2017-ci ildə Fizuli rayonu ərazisində yaşayan 2 yaşlı Zəhra Quliyeva nənəsi ilə birlikdə öldürülmüşdür.

Həmçinin Ermənistan tərəfinin hazırda ölkəmizin sərhədlərində törətdiyi təxribat nəticəsində mülki əhalinin yaşadığı evlər silahlı hücumlara məruz qalır. Bunun əsas məqsədi isə yerli əhalidə vahimə yaratmaq və onları yaşadıqları yerlərdən uzaqlaşdırmaqdır. Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı silah işlədilməsi 1992-ci ildən başlamışdır. Həmin ildən etibarən Azərbaycana məxsus olan torpaqlar işğal edilmiş, nəticədə 1 milyondan çox məcburi köçkün öz ata-baba torpaqlarını tərk etməyə məcbur qalmışlar.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya əlavə edilmiş 4 saylı protokolun 2-ci bəndinə əsasən hər kəsin ölkə ərazisində sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək hüququ var. Lakin Ermənistan tərəfinin hazırda apardığı təxribat mülki əhalinin ərazini boşaltmasına istiqamətlənib. Bu səbəbdən də müxtəlif ağır artilleriya qurğuları vətəndaşların yaşadıqları evləri hədəf götürür, nəticədə ölən və yaralananlar olur.

Ermənistanın Azərbaycana olan hücumları ilə əlaqədar Birləşmiş Millət Təşkilatı tərəfindən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edilib. Həmin qətnamələrdə Ermənistan tərəfinin Azərbaycana məxsus olan əraziləri işğal etməsi, Azərbaycan ərazisində qırğınlar törətməsi, nəticədə minlərlə insanın öldürülməsi, əsir götürülməsi və bir milyondan çox şəxsin qaçqın düşməsi təsdiq edilib. Ermənistan tərəfinin hazırda etdiyi bu hərəkətlər beynəlxalq hüququn hamılıqla qəbul edilmiş “ius cogens” normalarının ən kobud şəkildə pozulmasıdır.

Azərbaycan torpaqlarının işğal edilməsinə, ərazisində qırğınlar törədilməsinə baxmayaraq, beynəlxalq hüququn müddəalarını əsas götürür, güclü ordusunun olmasına baxmayaraq, ölkəmiz münaqişənin dinc yolla həll edilməsinin tərəfindədir. Lakin Ermənistan öz işğalçı siyasətindən bir addım da geri çəkilmir, əksinə, Ermənistan hakimiyyəti təxribatlar törətməkdə davam edir. Ermənistan tərəfinin həyata keçirdiyi təxribatçı hərəkətlərə dünyanın ədalətli qiymət verməsini tələb edirik".

Azvision.az


Teqlər: Adil-Əliyev  





Xəbər lenti