Pusquda gözləyən gizli düşmən - Nurlan Həsənovun şərhi

 Pusquda gözləyən gizli düşmən -  Nurlan Həsənovun şərhi
  15 İyul 2020    Oxunub:4019
"Dünənki yürüş Azərbaycan xalqının əsgərimizə bağlılığının, dəstəyinin, vətənpərvərliyinin sübutudur. Düşmənə gözdağı, ehtiyac yaranarsa necə birlik nümayiş etdirə biləcəyinin faktıdır".
Bunu Azvision.az -a deputat Nurlan Həsənov deyib. Deputat bildirib ki, Milli Məclisə zor gücünə daxil olanlar bilərəkdən və ya bilməyərəkdən Azərbaycana xəyanət ediblər.

"Ermənistanla birbaşa müharibə şəraitindəykən, olanları bəhanə edib dövlətin ali qanunverici orqanının, Milli Məclisin inzibati binasına zor gücünə daxil olmaq, dağıntılar törətmək nə deməkdir? Milli Məclisin foyesində “Allahu Əkbər” qışqırmaq nə deməkdir? Kimdir bunlar, özlərini nə hesab edirlər? Bunu təşkil edənlər sadə vətəndaşlar deyil. Çünki, ölkə parlamentinə zor gücünə daxil olmaq Tovuzda düşmənlə vuruşan hərbçilərimizə dəstək ifadə etmir. Əksinə, məqsəd Azərbaycanda qarışıqlıq yaratmaq olub. Cəbhədə əsgərimiz görünən düşmənə qarşı vuruşduğu vaxtda, fürsətdən istifadə edən, əsl niyyətini gizlədən, içimizdə olan bu görünməz düşmən dünən Milli Məclisin binasına zor gücünə daxil olanlar arasındadır. Bu hadisə təsadüfən baş verməyib. Bu dövlət çevrilişinə cəhddir".

N.Həsənov qeyd edib ki, hüquq-mühafizə orqanlarının müvafiq tədbirlər görəcəyinə və ən uyğun qərarı verəcəyinə əmindir:

"Hər kəs görür ki, Azərbaycanı 90-cı illərin əvvəllərinə qaytarmaq cəhdləri var. Əgər içimizdəki görünməz düşmənə qarşı dövlət və xalq olaraq birgə sərt mövqe nümayiş etdirsək, emosional hisslərə qapılıb yanlış hərəkətlərə yol verməsək, ətrafımızda bu təxribatlara yol verənləri özümüz cəzalandırmağı bacarsaq, dövlətimiz torpaqlarımıza gözünü dikən işğalçıya qarşı var gücü ilə vuruşacaq və qalib gələcək. Hər birimiz etdiyimiz və edəcəyimiz hərəkətlərin Azərbaycana nə qazandırdığını iki dəfə düşünməliyik. Dövlət orqanlarının fəaliyyətini pozan hər hansı hərəkətlərə qətiyyən yol verməməliyik. Yoxsa sadəcə düşmənə fürsət tanımış olarıq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Nurlan-Həsənov  





Xəbər lenti