Ali Baş Komandan hərbi şəhərcikdə - FOTO

Ali Baş Komandan hərbi şəhərcikdə - FOTO
  18 Yanvar 2014    Oxunub:7099
Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuş, Xidmətin idman kompleksinin açılışında iştirak etdi.

AzVision.az xəbər verir ki, Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış oldu, Xidmətin idman kompleksinin açılışında iştirak etdi.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin hərbi şəhərcikdəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış oldu.

Dövlət başçısına son illər hərbi şəhərcikdə həyata keçirilən tikinti və yenidənqurma işləri barədə məlumat verildi. Qeyd olundu ki, hərbi şəhərciyin ərazisində kommunikasiya xətləri yenidən qurulub, ərazidəki köhnə tikililər sökülərək yeni binalar inşa edilib. Yeni tikilən beşmərtəbəli iki binada xidmətin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Bundan əlavə, futbol meydançasında yenidənqurma işləri həyata keçirilib, bütün idman qurğuları hamısı, o cümlədən qaçış zolağı yenilənmiş, tribuna yenidən qurulub.

Sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov məlumat verdi ki, 8 min kvadratmetr ərazisi olan kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait vardır. Burada yüksək standartlara malik üzgüçülük hovuzu yaradılmışdır. Xidmətin əməkdaşlarının kompleksdə təlim keçmələri üçün bütün imkanlar mövcuddur.

Dövlətimizin başçısı xidmətin əməkdaşlarının istifadəsində olan xüsusi geyim formalarına və ləvazimatlarına baxdı. Qeyd olundu ki, bu müasir avadanlıqlar vasitəsilə sualtı mühafizə tədbirlərinin təşkili yüksək səviyyədə həyata keçirilir. Müxtəlif növ dalğıc kostyumları, hidrokostyum, sualtı xüsusi avtomat, fənər və kompyuter saatı, həmçinin nəfəstənzimləyici, məsafəölçən, siqnalgücləndirici, sualtı videoçəkiliş aparatı, sualtı minaaxtaran və digər avadanlıqlar əməkdaşlara xidməti lazımi formada həyata keçirməyə imkan verir.

Diqqətə çatdırıldı ki, kompleksdə müasir avadanlıqla təchiz olunan tibb məntəqəsi də vardır. Buradakı təlimat zalları yüksək səviyyədə qurulmuşdur. Kompleksdə bir sıra idman növləri ilə məşğul olmaq üçün də lazımi şərait yaradılıb.
Dövlətimizin başçısı əlbəyaxa döyüş zalında şəxsi heyətin nümunəvi çıxışlarına baxdı.

Məlumat verildi ki, trenajor zalı ən müasir avadanlıqla təchiz olunmuş kompleksdə basketbol, voleybol və digər kütləvi idman yarışlarının keçirilməsi üçün 360 tamaşaçı yerlik zal da yaradılıb.

Kompleksdə yaradılan şəraitlə tanış olduqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə görüşdü.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyət adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Qalereya




Teqlər:  





Xəbər lenti