“Düşmənin itkiləri daha çoxdur” - Polkovnikdən açıqlama

  13 İyul 2020    Oxunub : 8309
  “Düşmənin itkiləri daha çoxdur”   - Polkovnikdən açıqlama
"Ermənistan tərəfi bir neçə istiqamətdə təxribat törətmək hazırlığı görsə də, Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətlərdə düşmənə imkan vermədi".

Bunu Azvision.az -a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi mütəmadi olaraq cəbhə bölgəsinə gedib, yerində vəziyyətlə tanış olub, baş verə biləcək təxribatların qarşısını almaq üçün müəyyən göstərişlər verilib:

"Bütün bu tədbirlər öz nəticəsini verdi, düşmən təxribatının qarşısı alındı. Cəbhə bölgəsində vəziyyətə nəzarət Azərbaycan Ordusundadır. Cəbhə bölgəsində nəyəsə nail ola bilməyəcəyini görən düşmən diqqətini dövlət sərhədində təxribat törətməyə yönəltdi. Bunun birinci səbəbi anti-Paşinyan ritorikasının Ermənistanda getdikdə güclənməsidir. Narazılıq və sosial problemlərlə boğulan, pandemiya ilə əhatə ilə olunan, vəziyyəti daha da gərginləşdirən amillər bu gün Paşinyan hakimiyyətinin nəyə qadir olduğunu göstərir. Bu fonda dövlət sərhədində belə təxribatın edilməsi daxildə olan problemlərdən cəmiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır. Ermənistanda daxildə problem yarananda, bu alətdən istifadə olunur".

Ş.Ramaldanov qeyd edib ki, Ermənistanın Tovuz istiqamətində təxribat törətməsinin ikinci səbəbi üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən daha çox silah və sursatla təmin olunmaq istəyidir.

"Onların yetərincə silahlandırılmaması, dəstəklənməməsi barədə müraciətləri var idi. İradlar da tutulub ki, Azərbaycan gündən-günə silahlanır, güclənir. Ermənistanın vəziyyəti isə yaxşı deyil. Azərbaycan dövləti Ermənistanla sərhədə Dövlət Sərhəd Xidmətinin bölmələrini yerləşdirir. Artıq Qazax rayonu istiqamətində mövqelər sərhəd xidmətinin bölmələrinə təhvil verilib. Bu proses davam etməli, növbəti istiqamət Tovuz ərazisi idi. Ermənistan Tovuz istiqamətində vəziyyəti gərginləşdirir ki, Azərbaycan Ordusu Müdafiə Nazirliyinə tabe olan hərbi bölmə və hissələri oradan çıxarmasın. Bu, sərhəd xidmətinin təşkilini gecikdirmək məqsədi daşıyır. Onların fikrincə, orada azad olunan və boşalan Müdafiə Nazirliyinin hərbi hissələri ehtiyat kimi Dağlıq Qarabağda antiterror əməliyyatlarında istifadə edilə bilər. Bunun qarşısını müəyyən qədər almaq üçün Tovuz istiqamətində bu təxribatın həyata keçirilməsi reallaşdı".

Ş.Ramaldanovun fikrincə, Müdafiə naziri Zakir Həsənov bundan əvvəlki çıxışında bildirib ki, hər hansı təxribata Azərbaycan Ordusu adekvat cavab verəcək, artıqlaması ilə düşmənə öz gücünü göstərəcək.

"Ermənilərin sosial şəbəkələrdə yaydığı məlumata görə, düşmən tərəfinin itkisi daha çoxdur, bunu gizlətməyə çalışırlar. Onların itkiləri hələ bununla qurtarmayacaq. Düşmən təxribatından və çirkin niyyətindən əl çəkməsə, itkiləri bundan da çox olacaq. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri təmas xəttində, digər istiqamətlərdə, o cümlədən Tovuz istiqamətində lazımi tədbirlər görürlər. Vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Lazım olan gücləndirmə tədbirləri görülüb. Düşünürəm ki, əsgərlərimizin, zabitlərimizin professionallığı və səyi nəticəsində düşmən öz niyyətinə çata bilməyəcək".

Aytən Zəhra
Azvision.az

Teqlər: Azərbaycan   Ermənistan   Tovuz   Təxribat