“Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə inamı öldürüb” - Nurlan Həsənov
Deputatın sözlərinə görə, bir çox beynəlxalq təşkilatlar, Avropa İttifaqı, BMT və s. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıq bəyanatlar versə də, ATƏT-in Minsk qrupu susur:
"Bölgədə silah, insan, narkotik alveri, ağıla gələ biləcək bütün qanunsuz işlər görülür. Bəs bunlar ədalətsizliyə niyə susur? Nədən, kimdən qorxub çəkinirlər? Təəssüf ki, heç kəsdə ATƏT-in Minsk qrupuna inam qalmayıb. Minsk qrupu hətta insanların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inamını öldürüb. Bu isə ciddi problemdir, çünki insanlarda artıq elə bir düşüncə yaranır ki, münaqişənin sülh yolu ilə həlli onsuz mümkün deyil. Yəni, müharibə qaçılmazdır. Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə imkan verməmək üçünmü yaradılıb?".
N.Həsənov qeyd edib ki, əgər dünya ictimaiyyəti münaqişənin sülh yolu ilə həllində maraqlıdırsa, səmərəli və işlək bir mexanizm tətbiq edilməlidir:
"Yaradılan yeni format münaqişənin həlli üçün beynəlxalq hüquq normaları çərçivəsində, ədalətsizliyə göz yummadan, qorxmadan, haqlının yanında və haqsızın qarşısında açıqca mövqe nümayiş etdirməyi bacarmalıdır. Yoxsa hər dəfə mənasız təkliflərlə, kimdənsə çəkinməklə, kiminsə siyasi maraqlarını əsas tutmaqla, ədalətsizliyə göz yummaqla, bir sözlə, Minsk qrupu ilə biz hələ ən azı daha 30 il gözləməli olarıq".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Deputat Nurlan-Həsənov