AzVision-5 | Kütlə Mirşahindən nə istəyir - VİDEO

  08 İyul 2020    Oxunub : 25400
      AzVision-5 |    Kütlə Mirşahindən nə istəyir -    VİDEO
Olub-keçənlərə azərbaycanlı gözü ilə nəzər salınan verilişə baxırsınız. Biz bu proqramda adətən sosial şəbəkədəki trendlərə, mövzulara, sual və müzakirələrə də yer ayırırıq. Sosial şəbəkənin əsas mövzularından biri isə hazırda... Mir Şahindir.


Sovet vaxtı belə bir maraqlı siyasi lətifə var idi. Bir həbsxanada eyni kamerada 3 nəfər cəza çəkir. Birindən soruşurlar:
- Sən nəyin üstündə yatırsan?
- Mən,- deyir,- Vasili İvanovu söymüşəm.
- Bəs sən? – ikincidən soruşurlar.
- Mən isə,- ikinci adam cavab verir,- Vasili İvanovu tərifləmişəm.
- Bəs sən nə eləmisən? – üçüncüdən soruşurlar.
- Mən... – o, dərindən bir "ah" çəkib, deyir,- mən Vasili İvanovam.
İndi sosial şəbəkədə təxminən belə bir vəziyyət yaranıb. Bir hissə Mirşahinin haqqında hərzəvü-hədyan danışır. Digər hissə Mirşahini cani-dildən müdafiə edir. Mirşahinin özü isə sakit və səssizcə, sanki bir Budda sükutu ilə hər iki növ viruslarla sözün hər iki mənasında mübarizə aparır.

Niyə belə alınıb? Milli Medianın əsas, mərkəzi fiquruna olan bu çoxmənalı münasibətin səbəbi nədir? Kütlə ondan nə istəyir?
Əslində bu suallar çoxdan cavablandırılmalı idi. Amma bir halda ki, mövzu indi aktuallaşıb, üstəlik, həm də milli mətbuat ayındayıq, gəlin, çərşənbənin nöqtələrini qoyaq.

(Mən, şübhəsiz, “Real” ailəsinin bir üzvüyəm və bununla fəxr edirəm. Amma eyni zamanda, mən AzVision.az saytının baş redaktoruyam. Yəni Mir Şahinin haqqında onun rəhbərlik etdiyi kanalın əməkdaşı kimi yox, sadəcə, həmkar kimi danışmağa vəziyyətim tam şəkildə imkan verir. Mən də bu imkandan istifadə edəcəyəm. Qarşıdakı dəqiqələrdə deyəcəklərimin Real Təhlil və Analiz Mərkəzinə heç bir aidiyyatı yoxdur. Bu, AzVision.az-ın baş redaktoru Vüsal Məmmədovun fikirləridir və hesab edək ki, mən efir vaxtımdan sui-istifadə etmişəm. Çünki etməyə bilməzdim.)

Azərbaycanda medianın, siyasətin və kütlə şüurunun kəsişdikləri nöqtələrdə yerləşən maraqlı, qəribə bir tale var. İnsan yox, məhz tale. Cəmiyyətin gözündə milli medianın az qala Allahı mövqeyinə qədər qalxan, bir qism üçün hələ də söz üzərində öz xudavəndi-aləmliyini yürüdən, bir qismin gözünə isə nəyə görəsə az qala cin-şeytan kimi görünən qəribə bir peşəkar taleyi. Bu həftə Mirşahinin koronavirusa yoluxduğunu eşidəndə həmin o ikincilərin sanki kəndiri qırıldı.

Niyə Mirşahini əsasən jurnalistlər müdafiə edirdilər? Çünki bir azərbaycanlı musiqi üçün məsələn, Üzeyir... - Hacıbəyovu deyirəm a,- kimdirsə, azərbaycanlı jurnalist üçün də Mirşahin odur. Toyda yarım litr içib, “ot duşu ley-pey, bomba kayfda” mahnısını sifariş edən adam Üzeyir Hacıbəyovun kim olduğunu dərk edə bilməyəcəyi kimi, sosial medianın xəbər adına sırıdığı zəhərli və üfunətli informasiya qırıntıları ilə bəslənən güruh töküntüləri də Mirşahini, onun jurnalistikasını dərk və qəbul etmək iqtidarında deyillər. Bu, o kütlədir ki, sosial medianın pozucu təsirilə jurnalistə “Aşıq, bir ağız da Yanıq Kərəmdən oxu!” tərzilə mahnı sifariş verəcək qədər pis ictimai tərbiyə olunub. Özlərini nəyə görəsə jurnalistə “Manıs, oradan bir ağız da məmur villalarından danış görək!” ədası ilə sifariş verməkdə haqlı hesab edirlər. Əgər danışsan, cibindən tapdığı əzik, nimdaş beşliyi musiqiçilərin qabağına atarcasına sənə inək ağzından çıxmış bir “layk” tullayacaq. Danışmasan, deyəcək ki, “Ey özünə jurnalist deyən, əgər sən məmur villalarından danışa bilmirsənsə, deməli, qələmini satmısan”. “Satqınsan, yaltaqsan, xainsən, qorxaqsan!”,- deyib, keçəcək sənə oksigen verən ağacın yarpaqlarını söyməyə.

Belə kütlənin qabağında normal jurnalistika ilə məşğul olmaq Hindistanda Krişna məbədinə girib, dana basdırması sifariş etmək qədər çətindir. Bu kütlə hətta hipnoz altında belə Mirşahini, onu jurnalizmini, publisistikasını anlamaq iqtidarında deyil. Onlar başa düşmürlər ki, Mirşahinin Azərbaycanında, yaxud, Azərbaycanın Mirşahinin gözü ilə görünən mənzərəsində hansı problemlər var və onların arasında məmur villaları neçənci yerdədir. Çünki bunu görmək üçün ayağının altına nəsə qoyub, qalxıb, bir az yuxarıdan baxmalısan. Mirşahin jurnalist kimi qazana biləcəyi kütlə bəh-bəhini ayağının altına qoyub, ona görə də, bizdən bir boy yuxarıdadır və oradan Azərbaycana daha yaxşı bilir. Onu söyənlər isə öz eqoizmlərini, cahilliklərini və nadanlıqlarını ayaqlarının altına qoyub, bir az yuxarıdan baxmaq istəmirlər ki, daha geniş reallıq görsünlər. Bu sadə səbəbdən, dərk etmirlər ki, özlərinin gördüklərindən qat-qat böyük, ağır, ciddi problemləri görür Mirşahin və bağırıb, bunları çatdırmaq istəyir ki, bir baxın, bu tərəfə baxın, görün nələr gözləyə bilər bizi!

Orta əsrlərin gəmiləridə dor ağacının başına bir adam çıxıb, diqətlə üfüqü seyr edir, uzaqda torpaq görən kimi “Torpaaaq” deyə qışqırıb, hamıya xəbər verirdi. Bax, indi Mirşahin Azərbayca cəmiyyətinin həmin o “Torpaq” qışqıranıdır. O, olduğu dor ağacının başından Azərbaycan adlı gəminin üzdüyü üfüqlərə diqqətlə baxır, qarşıdakı fırtanaları görür və bunu çatdırmaq istəyir. O, bilir ki, üfüqdə tərəfdə bizi gözləyən problemlərin ən kiçiyi reallaşarsa, məmur villaları onu söyən kütləni bu dünyada narahat edən ən axırıncı məsələ olacaq. Əsas odur, Azərbaycan var olsun, güclü olsun, bu halda sizi narahat edən həmin o ikinci-üçüncü dərəcəli problemlər avtomatik həllini tapacaq.

Vəssalam. Mirşahin öz publisistikasında bunu deyir. Deyir ki, gəlin, kiçilməyək, problemlərin də böyüyünü qoyub, kiçiyindən yapışmayaq. Çünki belə etsək, bir gün o böyük problemlər ağır daş kimi başımıza düşəcək. O deyir, “qarşıda fırtına var”, amma insanlar tələb edirlər ki, yox, sən fırtınanı boş ver e, gəminin anbarındakı tarakanlardan danış!

Mirşahin öz publisistikasında onu deyir ki, əvvəlcə Azərbaycanın güclü olması üçün birləşək, sonra Azərbaycanı daxildən zəiflədənləri cəzalandırmaq üçün parçalanarıq. Tarakanlarla həmişə bacarmaq olar, əsas odur, gəmini limana salamat çatdıraq.

Mirşahin dolayısı ilə onu deyir ki, Vaqif Səmədoğlunun “Millət, dövlət zirvəsindən İnsana enmək vaxtıdır” poetik liberalizminin vaxtı hələ yetişməyib, zira əgər biz indi dövlət zirvəsindən insana ensək, həmin strateji yüksəkliklər boş qalacaq və düşmən gəlib, onları tuta bilər. İndi dövlət zirvəsindəki həyati vacib postları qorumaq vaxtıdır,- deyir Mirşahin. Vaxtı çatanda insana da enəcəyik, amma hazırda dövlət zirvəsini tərk etmək fərarilik sayılmalıdır.

Əgər bunları demək satqınlıqdırsa, onda dövlətin mənafeyini düşünən hər kəs satqındır. Onda Mirşahinə ünvanlanan hədyan və söyüşlər əslində hamımıza aiddir. Sadəcə, biz KÜTləvi oxucunun jurnalistə mövzu sifariş etmək eqoizmini hələ kifayət qədər yaxşı satmamışıq.

Deməli, kütlə jurnalistlərdən tələb edir ki, onun istədiyini desin, istəmədiyini deməsin. İkinciləri öz əlində olan vasitələrlə cəzalandırır ki, bunların da ən yayğını söyüşdür. Arsenalda həmçinin nifrin, qarğış, bəddua da var – məsələn, insan xəstələnəndə qarğış və nifrin işə salınır. Xəstəyə yüngül yastıq arzulamaq əvəzinə, “Koronovirus, möhkəm ol, biz səninləyik” deyəcək qədər düşük, səviyyəsiz bir mərdümazar təfəkkürü qabarmağa başlayır. Və biz görürük ki, Mirşahin hətta xəstələnməsilə də həmin o mərdümazar təfəkkürünü ifşa edir.

Bu gün Mirşahini söyənlərin 99 faizi bilmirlər ki, ümumiyyətlə, onu niyə söyürlər. Soruşun, görəcəksiniz. Mən sorşmuşam. Heç biri ikinci - dəqiqləşdirici suala cavab verə bilmir. Deyirlər ki, satqındır, amma “nəyi satıb” sualının cavabı yoxdur. Deyirlər ki, mövqeyini dəyişib, amma “hansı mövqeyi” sualının cavabı yoxdur.
Reallıq isə budur ki, Mirşahin öz uğursuzluğunun səbəbini kiminsə boynuna qoymaq istəyən böyük bir insan kütləsinin əlinə düşmüş universal hədəfdir. Onların əlinə zatən kimsə düşməli idi, pis olan budur ki, həmin o düşən Azərbaycan siyasi publisistikasının zirvəsi oldu. Nəticədə, bu gün Mirşahinə atılan hər daş ölkənin siyasi publistikasından, geniş mənada isə jurnalistikasından nəsə qopardır. Bu gün Mirşahin təkcə özünün yox, Azərbaycan jurnalistikasının taleyini yaşayır. O, kütlənin qabağında durmağa qorxan milli jurnalistlərin hamısının günahını boynuna götürərək, söyüş çarmıxına çəkilib. Mirşahin olmasaydı, bütün bu küdurəti ünvanlamaq üçün başqa bir obraz düzəldiləcəkdi. Bəlkə də o halda, yəni, daha kiçik miqyaslı biri daşqalaq olunsa, Azərbaycan jurnalizmi indiki qədər zədə almazdı. Amma indi Mirşahinə atılan hər daş eyni zamanda Azərbaycan jurnalistikasına dəyir.

Bu gün Mirşahinin taleyi ilə yanaşı, belə bir həyati məsələ həll olunur: Azərbaycan jurnalistikası kütlədən qorxan, kütlənin qarşısında gözüqıpıq, başıqapazlı, dalıtəpikli, “birdən mənim də anamı söyərlər” deyə, sözünü deməkdən çəkinən bir jurnalistika olacaqmı? Yoxsa, “Əzizlərim, hamımız azərbaycanlıyıq, sizin ananız mənim anam, mənim anam da sizin ananızıdır; bunu biləndən sonra əgər söyəcəksinizsə söyün, amma mən yenə də deyilməsi lazım olanı deyəcəyəm” prinsipilə çalışan cəsarətli bir jurnalistika yaranacaq? Bu sualın cavabı həm də milli medianın Mir Şahin adlı taleyinin işidir.

Teqlər: AzVision   Real-TV   Mirşahin