“Böyükşor gölü ekoloji problemləri olan su hövzəsidir” - Hikmət Əlizadə
Nazirliyin rəsmisi bildirib ki, Böyükşor gölü müəyyən ekoloji problemləri olan su hövzəsidir: “Ətrafda yerləşən bəzi məntəqələrin, istehsalat müəssisələrinin, yaşayış evlərinin tullantıları, çirkab suları vahid mərkəzləşmiş kanalizasiya sistemi olmadığına görə, həmin gölə axıdılır. Bu səbəbdən orada az da olsa iy-qoxu müşahidə edilirdi. Lakin dünənki kəskin qoxunun səbəbi həm analizlərdən, həm də digər istiqamətlər üzrə apardığımız təhlillərdən sonra müəyyənləşəcək. İlkin ehtimallardan biri iki gün öncə “Sobsan” boya fabrikində olan güclü yanğının söndürülməsi zamanı kimyəvi maddələrlə qarışan onlarla ton suyun birbaşa Böyükşor gölünə axıdılmasıdır. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə həmin məsələni də araşdırırıq. Aparılan araşdırmaların və kimyəvi-bioloji analizlərin nəticəsi məlum olduqdan sonra yekun rəy ictimaiyyətə açıqlanacaq”.
H.Əlizadə son illərdə Böyükşor gölünün təmizlənməsi istiqamətində dövlət tərəfindən kifayət qədər böyük tədbirlərin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bununla bağlı proqramların icrası davam etdirilir: “Təqribən 10 il əvvəl bu göl ekoloji fəlakət zonası elan edilmişdi. Son illər keçirilən tədbirlər gölün ekologiyasına müsbət təsir edib. Boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, onun təmizlənməsi üçün tədbirlər görüləcək. Həmçinin burada müəyyən məsuliyyət məsələsi də ortaya çıxacaq”.
Azvision.az
Teqlər: HikmətƏlizadə