“Dəfndən sonra hər kəs öz evinə getməlidir” - Mübariz Qurbanlı

  “Dəfndən sonra hər kəs öz evinə getməlidir” -    Mübariz Qurbanlı
  07 İyul 2020    Oxunub:3879
Koronavirus pandemiyası dövründə yas mərasimləri dəfn mərasimi səviyyəsində keçirilməli və bununla bitməlidir. Əvvəlki kimi məzarlıqdan gəlib vəfat edən insanın evinə yığışmaq, orada yenidən məclis qurmaq, yemək vermək lazım deyil. Bunlar virusun yayılması üçün münbit şərait yaradır.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, yaxın məsafədə təmasda olmaq virusa yoluxmağa şərait yaradır: "İctimai nəqliyyatda 15-30 dəqiqə olursansa, yas mərasimində saatlarla oturmaq məcburiyyətindəsən. Kimsə vəfat edirsə, dəfndən sonra hər kəs öz evinə getməlidir və ev sahibinə başsağlığı müxtəlif formada çatdırılmalıdır".

Komitə sədri qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin təyinatı olan imamlar arasında mərasimin ikinci yas hissəsinə qatılanlar yoxdur.

"Nadir hallarda belə hallar olur, dərhal bununla bağlı yerlərdən gələn məlumatı Qafqaz Müsəlmanları İdarəsinə göndəririk, fakt araşdırılır. Bu cür hal olarsa, imam xəbərdar olunur, cəzalandırılır. Şəmkirdə məlum yaş mərasimində olan din xadimi deyilən şəxs əslində təyinatı olmayan və dini baxımından təhsili olmayandır. Sadəcə Qurani-Kərimdən hansısa ayələri deyə bilər. Bunu ziyalı adamların əksəriyyəti edə bilər. Həmin şəxs özbaşına gəlib fəaliyyət göstərib. Təyinatı olmayan kimsə mərasimi idarə edirsə, bu, islam, xristian və başqa dindən də ola bilər, həmin şəxs hüquqi baxımından məsuliyyət daşıyır. Onunla bağlı məhkəməyə protokol göndərilir və müxtəlif cərimələrlə cəzalandırılır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Dəfn   Komitə   Yas  





Xəbər lenti