“Torpaqlarımızı güc yolu ilə azad etməli olacağıq” - Polkovnik Ramaldanov

  07 İyul 2020    Oxunub : 8598
 “Torpaqlarımızı güc yolu ilə azad etməli olacağıq” -  Polkovnik Ramaldanov
"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün çıxışlarında Dağlıq Qarabağ probleminə toxunur, münaqişənin həlli ilə bağlı fikirlərini cəmiyyətlə bölüşür".
Bunu Azvision.az -a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, cəmiyyəti narahat edən, maraqlandıran əsas məsələlərdən biri işğal olunmuş torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpasıdır:

"Bu gün Azərbaycan cəmiyyətində bir nəfər də olsun bu məsələyə biganə qalmır. Azərbaycan xalqı tam şəkildə Ali Baş Komandana dəstək nümayiş etdirir. Azərbaycan dövləti beynəlxalq hüquq normaları çərçivəsində addım atmalı olur. Minsk qrupu yarananda bu qrupun nə qədər iflic, oyunbaz, səriştəsiz, Azərbaycanın mənafeyinə biganə yanaşan olacağını bilsəydik, Azərbaycan buna getməzdi. Azərbaycan burada təmsil olunan dövlətlərin nüfuzunu, beynəlxalq geosiyasi arenada özünəməxsus mövqeyini nəzərə alaraq, problemin tezliklə, sülh yolu ilə, ərazi bütövlüyümüz çərçivəsində həll olunacağını gözləyirdi. Ölkəmizin ərazi bütövlüyünü bütün dövlətlər qəbul edir. Böyük və kiçik dövlət olmasından asılı olmayaraq, Minsk qrupunun üzvü olan ölkələr də ərazi bütövlüyümüzü qəbul edir".

Hərbi ekspert bildirib ki, Minsk qrupunun hazırki və indiyə qədər olan fəaliyyətinin qiyməti qeyri-kafidir:

"Ona görə də birinci dəfə deyil Minsk qrupuna belə iradlar tutulur. Azərbaycan beynəlxalq hüquq normalarına hörmət edərək münaqişəni güc variantına keçirmir. Əgər deyirsinizsə, güc variantı yoxdur, onda digər variantı bizə göstərin. BMT-nin qərarları əsasında özünü müdafiə etmək hüququ heç kimdən alınmayıb. Azərbaycan ərazi bütövlüyünü bərpa etməli olanda özünü müdafiə imkanlarından, hüququndan istifadə edəcək. Çünki Azərbaycanın torpaqları işğal olunub. Cənab Prezident Aprel döyüşlərini elə-belə demədi. Aprel hadisələri də beynəlxalq qurumların yatmış mövqeyindən irəli gəldi. Ermənilər həyasızcasına bizim kəndləri atəşə tutmağa başladılar, evlər dağıdıldı, mülki insanlarımız arasında ölənlər oldu. Azərbaycan Ordusu düşmənə öz gücünü göstərdi. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu yaxınlarda belə bir fikir söylədi ki, əgər Azərbaycan Ordusunu və dövlətini məcbur etsələr, yenə də güc vasitəsilə hansısa məsələni həll etmək və ya düşmən təxribatının qarşısını almaq mümkün olacaq. Onda Aprel hadisələri olmayacaq. Bu, artıq Azərbaycanın sona qədər gedəcək addımı olacaq. Biz güc tətbiq etməli olsaq, haqqımız var ki, tarixi torpaqlarımız barədə də düşünək. Bu, birinci növbədə beynəlxalq qurumlara olan ismarıcdır. Dövlət başçısı dünənki çıxışında Azərbaycanın mövqeyini bir daha ortaya qoydu və bunun dəyişməz olduğunu göstərdi".

"Prezident çıxışında beynəlxalq qurumlara bəyan etdi ki, Azərbaycanın səbri tükənmək üzrədir. Cənab Prezident bildirdi ki, mən sizdən söz yox, konkret olaraq hərəkət, nəticə gözləyirəm. Nəticə olmasa, Azərbaycan öz torpaqlarını azad etmək və beynəlxalq hüquq normaları çərçivəsində güc yolu ilə ərazi bütövlüyünü bərpa etmək hüququndan istifadə etməli olacaq. Cənab Prezidentin bu çıxışı digər çıxışları kimi Azərbaycan dövlətinin, Ali Baş Komandanın Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı qətiyyətli mövqeyini göstərdi. Bu fikirlərdən beynəlxalq qurumlar da, düşmən də öz payını aldı. Cəmiyyət bildi ki, Azərbaycan dövləti və cənab Prezident torpaqlarımızın işğal olunması ilə heç vaxt barışmayacaq, ərazi bötüvlüyümüzün bərpası haqqında daim düşünür", - deyə Ramaldanov qeyd edib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Ekspert   Polkovnik   Ramaldanov