Suriyalı uşaqların ürək ağrıdan dramı… - REPORTAJ

Suriyalı uşaqların ürək ağrıdan dramı… - REPORTAJ
  17 Yanvar 2014    Oxunub:8673
Uşaq əməyinin istismarına bütün ölkələrdə rast gəlinir. Bunun qarşısını almaq hələki mümkün deyil. Hazırda yaşadığım ölkə olan Türkiyədə də bu gündəmdən düşməyən problemlərdəndir. Jurnalistlər zaman -zaman bu məsələni gündəmə gətirir, uşaqları çalışdıran valideynlərə “insaf” deyirlər. Amma bu gün soyuqda, istidə kağız dəsmal sataraq valideynlərinə yaşamaq üçün dəstək verən uşaqlar tək Türkiyə vətəndaşları deyil. Son illər bu ölkənin qlobal problemlərindən birinə çevrilmiş Suriyadan gələnlərin övladlarıdır.

Parkda oturduğum 5 dəqiqə ərzində bəlkə də 5 uşaq yaxınlaşıb, danışmadan israrla əlindəki kagız dəsmalı mənə tərəf uzadır.
Əslində ondan əvvəlki 4 uşaqdan kağız dəsmal alsam da urəyim sızıldayır. Kiçik, üşümüş əlləri və rica dolu baxışları… Onun da kağız dəsmalını alıb parkdan uzaqlaşıram. Amma bu uşaqlar haqqında düşünürəm. Onlara bu yaşda həyat necə zərbə vurub. 20 il bundan əvvəlki Azərbaycandakı məcburi köçkünlük dövrünün başlanmasını xatırlayıram. O zaman da bir çox məcburi köçkünün övladı ailələrinə yardım üçün küçələrdə maşın təkərləri yuyur, su satırdı…



Bir neçə gün keçir yenə eyni parka gedirəm…yenə də eyni mənzərə… Suriyadakı rejimin soyuq üzü bu körpələri yurdlarından didərgin salıb. Onlar televizorda gördükləri, eşitdikləri Türkiyədə yaşamağa və kiçik çiyinləri ilə birilərini daşımağa məcbur qalıblar. Bu uşaqların valideynləri Suriyada işləyib, onlar isə oxuyub, indi isə su və ya kağız dəsmal satmaqla onlar böyüklərinə yardım etməyə məcburdurlar.



Parkda yanımda əyləşən qadın deyir ki, bu uşaqlar hələ şanslı olanlardır. Bunu bacarmayıb ac- susuz qalan uşaqlar da var. “Şanslı olanlar”… Rejimin körpələrə verdiyi şans hədiyyəsi.
Uşaqlarla danışmaq istəyirəm. Amma deyəsən bu bir az çətin olacaq. Çünki onlar türkçə çox az bilir. Bu da “abla, abi mendil al ”, “Lütfən al” və bu kimi kiçik kəlmələri əzbərliyiblər. Əlimlə başa salmağa çalışram , “Soyuqdu evə get”, “mendil satma” və s. sözlər. Kağız dəsmal satanların ən kiçiyi olan qız əllərini göyə açır, sonra da ağzını göstərib “acam” demək istəyir. Belə başa düşürəm ki, bu uşaqların heç yatmağa yeri belə yoxdu…Parklar və baxçalar onların evidir. Düzdür, qış gələndə Türkiyə hökuməti küçələrdə yatan suriyalılar üçün çadrlar qurub, onlara az da olsa isti yuva yaratmağa çalışır. Amma 75 milyon əhalisi olan Türkiyə özünün kasıb və evsiz vətəndaşları olduğu halda, ölkəsinə sığınmış 600 mindən çox suriyalının problemlərini tam həll edə bilməsi çox çətindir.



Əslində bu uşaqların kağız dəsmal, su satması da çox çətin olur. Çünki onların bunu rahat etmələri üçün İstanbulu və ya yaşadıqları başqa şəhərləri yaxşı tanımaları lazımdı. Bundan başqa həmin dəsmalları alıb bir qədər baha satmaq üçün də sərmayə lazımdı. Maraqlanıram və məlum olur ki, sərmayəni uşaqların ana-ataları yolda əl açmaqla qazanır. Səhərdən axşama qədər su və kağız dəsmal satan bu uşaqlar axşam parklarda gecələməyə, ya da kiçik, köhnə, 20 nəfərin kiraladığı bir otaqlı evlərdə soyuq örtülərin üzərində yatmağa gedirlər…Mənzərə ürək acıdıcıdır.
Dilənən və yarıdm gözləyən bu insanaların əzabları onların üzlərinə də yansıyıb. Müharibənin ağır güllələri altında ölməmək üçün qaçan və uşaqlarını qorumaga çalışan bu insanlar hər gün bu vəziyyətdə onsuz da ölürlər. ..



İraq müharibəsində fotomüxbirlik edən bir dostum deyir ki, bu suriyalı uşaqları görəndə zamanında Suriyada dilənən uşaqlar yadına düşdü. Əslində ingiliscə bilməyən suriyalıların dilənərkən ingiliscə danışmalarına təəccübənmiş dostum. Ona deyiblər ki, bu uşaqlar Suriyalı deyil, İraqdan Suriyaya gələn qaçqınlardır və çoxuda ziyalı ailədəndir.



İndi o uşaqlar başqa bir ölkənin bir tikə çörəyinə möhtacdı. İndi eyni dramı suriyalı uşaqlar yaşayır.
Fatihdəki evimə dönürəm.. Yolda əl açıb dilənən suriyalılarla rastlaşıram. Əllərini göyə açıb dedikləri ərəbcə kəlməni dinləyirəm: “Ya egi, Suriye!...



Məhsəti Şərif, İstanbul


Teqlər:  





Xəbər lenti