Türkiyə Azərbaycana yardım göndərdi

   Türkiyə Azərbaycana yardım göndərdi
  05 İyul 2020    Oxunub:5724
Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərib və bu çərçivədə qoruyucu ləvazimat ilə dərman preparatları göndərib.
Bu barədə Azvision.az -a Türkiyənin Azərbaycandakı səfiriliyindən məlumat verilib.

Bildirilib ki, bu gün Türkiyədən Azərbaycana 30 ədəd ventilyator, 55.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 əlcək və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndərilib:

"Türkiyə virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və hal-hazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhvəsini vermək üçün maksimum səy göstərir.

Bu gün etdiyimiz bu yardım da qardaş Azərbaycanın mübarizəsinə töhvə xarakterlidir. Aramızdakı yaxın münasibətlərin təbii nəticəsi olan bu yardım, iki ölkənin Prezidentləri Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlığımızın güclü təzahürüdür.

Yardımın Azərbaycanın koronavirusla mübarizəsinə töhvə verməsini arzu edir, fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımıza başsağlığı, xəstələrə tez bir zamanda şəfa diləyirik".

Azvision.az


Teqlər: Türkiyə   Yardım  





Xəbər lenti