Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən
Azvision.az-a bildirilib ki, virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində iyulun 4-5-də Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional “ASAN xidmət” mərkəzlərində yalnız www.asan.gov.az saytı və 108 “Çağrı” Mərkəzi üzərindən müvafiq tarixlər üçün öncədən növbə götürmüş vətəndaşlara xidmət göstəriləcək. Eyni zamanda, sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar həmin mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər. Qeyd olunan tarixlərdə 108 “Çağrı” Mərkəzi və “ASAN xidmət” mobil tətbiqi vasitəsilə müvafiq mərkəzlər üçün onlayn növbələr verilməyəcək.
İyulun 11-12-də və iyulun 18-19-da həmin mərkəzlərdə qeyri-iş günü olacaq.
Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Belə ki, aprelin 27-dən etibarən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və “108” Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Azvision.az