“Prezidentin hər bir dövlət strukturuna konkret tələbi var” - Nazir

 “Prezidentin hər bir dövlət strukturuna konkret tələbi var” -  Nazir
  02 İyul 2020    Oxunub:2146
"Son illər ölkəmizdə islahatlar yeni, daha dinamik mərhələyə qədəm qoyub. Təsadüfi deyil ki, Azərbaycan xarici reytinq göstəricilərinə görə dəfələrlə "ən islahatçı ölkə” elan edilib, bu sahədə fəaliyyətin səmərəliliyi və nəticələri beynəlxalq miqyasda təqdir olunub".
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, Prezidentin hər bir dövlət strukturuna konkret tələbi var: "Fəaliyyət davamlı surətdə təkmilləşməli, müasirləşməli, yeni dövrün çağırışlarına uyğunlaşdırılmalıdır. İslahatların əsas məramı isə vətəndaş məmnunluğunu artırmaqdır. Daxili İşlər Nazirliyində, eləcə də tabeliyindəki struktur qurumlarda aparılan islahatlar da miqyaslıdır. Nəticə baxımından isə fəaliyyətin effektivliyinin yüksəlməsinə xidmət edir və Dövlət Başçısının müvafiq tapşırıqları, təklifləri ümumi işimizə əhəmiyyətli töhfələr verir. Həmçinin, ölkəmizdə aparılan geniş quruculuq işləri daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, infrastrukturunun müasirləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb. Bu gün polis minlərlə yeni nəqliyyat vasitəsi, qabaqcıl texnologiya və avadanlıqla təchiz edilmiş mobil dövlət qurumudur. Elektron xidmətlər, veb-saytlar, qaynar xətlər, "ASAN xidmət” mərkəzlərində fəaliyyət - vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlib. Bütövlükdə bu və digər innovasiyalar xidməti fəaliyyətin səmərəsini qat-qat artırıb".

General-polkovnik qeyd edib ki, Cənab Prezidentin, Ali Baş Komandanın tapşırıq və göstərişlərini icra etməyi, nazir kimi funksiyalarını tam və yüksək səviyyədə həyata keçirməyi əsas hesab edir:

"Dövlət Başçısı mənə böyük etimad göstərib, bu etimadı doğrultmaq, qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək borcumuzdur. Fəaliyyət hədəflərim barədə sual verdiniz. Ölkə rəhbərinin daxili işlər orqanları və mənim üçün müəyyən etdiyi başlıca hədəflər aydındır: daxili işlər orqanlarının qloballaşan dünyanın yeni çağırış və təhdidlərinə adekvat cavab verməyə hazır olması, cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi, kriminogen duruma nəzarətin gücləndirilməsi, ictimai sabitliyin davamlı olaraq möhkəmləndirilməsi, fəaliyyətimizlə vətəndaş məmnunluğunun artırlıması, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi və daha peşəkar, qətiyyətli, günün tələblərinə cavab verən kadrların hazırlanması əsas hədəflərdəndir.

Peşə bayramımız ərəfəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 26 əməkdaşımız dövlət mükafatlarına, 3 rəhbər vəzifəli şəxs ali xüsusi rütbəyə layiq görülüb. Xidməti fəaliyyətimizə verilən bu yüksək dəyərə görə bütün şəxsi heyət adından Dövlət Başçısına dərin minnətdarlığımı bildirirəm".

Azvision.az


Teqlər: Nazir   Vilayət-Eyvazov  





Xəbər lenti