AzVision-4 | Feysbukun söyüş qaranlığında qanun işığı - VİDEO

  01 İyul 2020    Oxunub : 19268
      AzVision-4 |    Feysbukun söyüş qaranlığında qanun işığı -    VİDEO
Real TV-də efirə gedən “AzVision” proqramının dördüncü buraxılışını təqdim edirik. Çərşənbə günləri efirə gedən verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Veriliş siyasi təhlil janrına bir qədər fərqli yanaşma ortaya qoyur. Aparıcı vəziyyətin tam mənzərəsini yaratmaq üçün karikatur animasiya personajlarının köməyindən istifadə edir. Onlardan biri Demə Qoq adlı sosial şəbəkə istifadəçisi, jurnalistləri daim pisləyən narazı, tamaşaçıdır. Yığma obraz olan Demə Qoq aparıcıya daim opponentlik edir, onun fikirlərinə əks çıxır və yanıldığını sübut etməyə çalışır.

Bundan başqa, verilişdə siyasətçilərin də karikatur personajlarından müsahibə alınır. Real prototiplərin heç bir halda etiraf etməyəcəkləri həqiqətlər həmin personajların dililə səsləndirilir.



Verilişdən bəzi fikirlər:

Önəmli hadisələrdən biri ötən həftənin sonunda feysbukda söyüş söydüyünə görə 4-5 nəfərin yaxalanması idi. Bu, ölkənin ümumi qayğıları fonunda çox kiçik məsələ kimi görünə bilər, amma əsla elə deyil. Çünki bu, əslində o deməkdir ki, “feysbuk” adlanan aqressiya, söyüş, təhqir, bir sözlə, virtual zülmət səltənətinə hüquq və qanun işığı düşməyə başlayıb. Hələ ki lap azca, amma əsas odur ki, o işığın ucu göründü. Bu, kiçik hadisə, amma nəhəng presedentdir. Çünki o deməkdir ki, sosial şəbəkə söyüşün, əxlaqsızlığın baş alıb getdiyi qaranlıq dalan olmaqdan çıxaraq, normal, sivil məhəlləyə çevrilməyə başlayır. Bəli, şübhəsiz, 4-5 nəfərin məsuliyyətə cəlb olunması ilə hər şey düzəlməyəcək və söyüşün də kökü kəsilməyəcək, amma bundan sonra sosial şəbəkədə söyüş yazanlar ən azı iki dəfə fikirləşməli olacaqlar.

* * *

...Belə bir anlayış ümumiyyətlə, yoxdur – “söyülməli iş”. Hər hansı bir hərəkət müəyyən normalara uyğun ola, yaxud olmaya bilər. “Söyülməli hərəkət” anlayışını isə şəbəkə xuliqanları öz əxlaqsızlıqlarına haqq qazandırmaq üçün uydurublar. Amma xuliqanlıq divarının üstünə hansı malanı vursan da, hansı rəngi çəksən də, mahiyyət dəyişməz qalır. Necə ki, bizim şəbəkə xuliqanları öz əxlaq şikəstliyini, mənəvi cəhətdən naqis ailədən çıxdıqları faktını siyasət malası ilə malalayıb, ictimai mövqe rəngi ilə rəngləməyə çalışırlar. Guya ki, bunların söyüşü siyasi-ictimai mövqe ifadəsi imiş. Guya, bunların söyüşü xalqın səsi imiş və əgər bir az da dərinə getsək, haqq-ədalət tanrısı özü şəxsən bunların dilini tərpədirmiş. Yaxşı görək də... Az qala feysbukda söyüş söyənlərdən Soljenitsın səviyyəli dissidentlər düzəltmişdilər. Amma sən demə, onların əslində kim olduqlarını görmək üçün sadəcə, polisə çağrılmaları kifayət imiş.
Feysbukda bu adamlar şiri-nər, üçbaşlı əjdaha idilər. Söyüş güllələrini təhqir pulemyotuna doldurub, qarşı tərəfi amansız yaylım atəşinə tutmuşdular. Onda bunlar guya “siyasətlə məşğul olurdular”. Amma sadəcə olaraq, anturajı dəyişmək kifayət imiş ki, pərdələr qalxsın, əslində nə ilə məşğul olduqları görünsün.
Onda bu adamlar qarşılarında özlərindən zəifləri gördükləri üçün gərgədana dönmüşdülər. Qızmış fil kimi xortumları ilə gərənay çalırdılar. Nə gözəldir, deyilmi: Qarşındakı insanı ən ağır söyüşlərlə təhqir edirsən, onun isə sənə hətta cavab vermək imkanı belə, yoxdur. Və bunu qəhrəman ədası ilə, orta əsr cəngavəri kimi özünü dartaraq edirsən. Feysbuk cəngavərləri Şir Ürəkli Rəşad Ət və Qarasaqqal Barbar Ossa bu gün böyük rəşadət göstərərək, sosial şəbəkədə bir insanı həmçinin onun ailə üzvlərini küçə söyüşlərilə təhqir ediblər. Bununla Şir Ürəkli Rəşad Ət və Barbar Ossa “siyasi mövqe”, “ictimai mövqe” ortaya qoyub, “xalqın səsini” ifadə ediblər. Nə qədər absurd səsləndiyinin fərqindəsinizmi?
Əcaba, heç bütöv xalq da xuliqan ola bilərmi?! Özü də necə bir xalq. O xalq ki, əsrlərlə, hətta dünənə qədər... Nəinki dünən, elə bu gün də qıza-qadına söyüş söymək onun ən ağır tabularından sayılır. İndi həmin xalq qızı-qadını söyməyi qəhrəmanlıqmı sayacaq?! Yox, mənim əzizim, əxlaq çolağlığına siyasi don geyindirib, özünüzdən mübariz obrazı düzəltməyə çalışmayın.
Burada məqsəd insanları mənəvi şantaja - daha dəqiqi, əslində şantaj həddi də keçilib, baş verənlər sözün tam mənasında mənəvi terrordur,- məruz qoyub, belə bir şərt diqtə etməkdir ki, ya mənim xoşuma gələnləri danışmalısan, ya da sus. Dəhşətə bax ki, bu gün başqa xalqlar nə ilə məşğuldurlar, biz isə söyülmədən öz sözümüzü demək uğrunda mübarizə aparırıq.

* * *

Biz indi ən qorxulu vəziyyət ilə üz-üzəyik. Nədir “ən qorxulu vəziyyət”? Pandemiya? Xəstələrin artması? Yox. Ən qorxulu şey qeyri-müəyyənlikdir. Elə bir vəziyyətdəyik ki, bu gün heç kim gələcəklə bağlı proqnoz vermək istəmir. Suallar qalaq-qalaq, cavablar isə yox. Pandemiya nə vaxt bitəcək? – Bilinmir. Bitəndən sonra nə olacaq – bilinmir. Dünya iqtisadiyyatı hara qədər tənəzzül edəcək – bilinmir. Valyutaları, nefti yaxın aylarda nə gözləyir – bilinmir. Bütün bu sosial-iqtisadi problemlər dünyada hansı siyasi gərginliklərə yol aça bilərlər – bilinmir. Hazırda istənilən düşünən insanı narahat edən hər 10 sualdan 9-na istənilən normal ekspert “bilmirəm” cavabını verəcək. Qarşıda uzun və qapqaranlıq bir məchulluq tuneli var. Bütün bəşəriyyət sürətlə həmin tunelin içinə girib və zülmət qaranlıqda irəliyə şığıyırıq. Bu məchulluq adamı dəli edəcək gücdədir. Amma buna baxmayaraq, bu qədər “bilmirəm”lərin, bu qədər cavabsız sualların arasında hər kəsin etiraf etsə də, etməsə də, boynuna alsa da, almasa da dəqiq bildiyi bir məsələ var. O da budur: Nə olursa-olsun, heç bir halda bizi tək qoymayacaq bir dövlətimiz var. Bəli, buna hamı inanır. Çünki bu qədər məchulların arasında istənilən, hətta ən iradəli, ən möhkəm adam da ağlını itirərdi. Eyni vaxtda bu qədər cavabsız, son dərəcə ağır suallar insanın üstünə gəlirsə, normal adam dəli olardı. Amma biz olmamışıq, çünki bütün bu cavabsız suallara verilən bir universal cavabımız var – DÖVLƏT. Bax, ona görə indiki məqamda insanların dövlətə olan inamlarını sarsıtmaq siyasi-ictimai məsələ deyil. Bu, cəmiyyətin sürətlə üstünə getdiyi böyük, qaranlıq məchulluq qarşısında malik olduğu yeganə cavabı əlindən almaq cəhdidir. Hazırda proqnozlaşdırıla bilinməyən bir gələcəyin qarşısında insanların yeganə tutunacağı Azərbaycan dövlətidir. Ona görə, məhz indi onun güclü olması hər zamankından daha vacibdir. Vacibdir ki, biz ayaqda dura bilək.

Teqlər: AzVision   Real-TV