Naxçıvanda gənc əsgərlər xidmət yerlərinə yola salındı - VİDEO

Naxçıvanda gənc əsgərlər xidmət yerlərinə yola salındı -  VİDEO
  29 İyun 2020    Oxunub:4403
Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını uğurla başa vurmuş gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov xidmətə çağırılmış gənclərin ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanması üçün plana uyğun dərs və məşğələlərin keçirildiyini bildirərək gənc əsgərləri ixtisas hazırlığı kursunu uğurla başa vurmaları münasibəti ilə təbrik edib.



Əsgər Cahandar Nəsirov məşğələlərdə qazandıqları bilik və bacarıqların onları yenilməz və möhkəm iradəli döyüşçülərə çevirdiyini deyərək bundan sonra da Vətənin müdafiəsində ayıq-sayıq dayanacaqlarına söz verib.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Teymur Eyyubov bildirib ki, təlimlər zamanı və döyüş növbətçiliyinin təşkilində şəxsi heyətin yüksək peşəkarlıq nümayiş etdirməsi kurslarda qazanılanların nəticəsidir. İnanırıq ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz də nümunəvi xidmətləri ilə komandirlərinə və valideynlərinə hər zaman başucalığı gətirəcəklər.



Tədbirdə əsgərlər müxtəlif ixtisaslar üzrə elementləri praktiki yerinə yetiriblər. Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar. “Əlahiddə Ümumqoşun Ordunun marşı” ifa edildikdən sonra bölmələrin təntənəli keçidi olub və gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.



Azvision.az


Teqlər: Naxçıvan   Əsgər  





Xəbər lenti