“Koronavirusu simptomsuz keçirənlər daha təhlükəlidir” - Baş infeksionist

   “Koronavirusu simptomsuz keçirənlər daha təhlükəlidir” -    Baş infeksionist
  28 İyun 2020    Oxunub:22673
Son vaxtlar dad, iy bilməmək, istiqaməti təyin edə bilməmək, müxtəlif nevroloji əlamətlər COVID-19-un əlamətləri sırasına daxil edilib. Bunlar çox xəstədə qeydə alınmır. Belə simptomları olanlar mütləq həkimə müraciət etməlidirlər. Həkim həmin şəxslərin evdə və ya xəstəxana şəraitində müalicə olunmasına dair qərar verməlidir. Xəstə heç vaxt özbaşına müalicə qəbul etməməlidir.
Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

“Heç bir klinik əlamət qeydə alınmayan, lakin test cavabı müsbət çıxanlar digərləri üçün çox təhlükəlidir. Onlar təcrid olunmalıdırlar. Həmin şəxslər həm ev, həm də xəstəxana şəraitində təcrid oluna bilərlər. Hazırkı dövrdə onların evdə təcrid olunması məsləhət görülür. Çünki çarpayı fondunda yer azalıb. Həmin şəxslər yalnız həkim icazə verəndən sonra evdən çıxa bilərlər. Yeddi gündən sonra onlardan analiz götürülür. Sonra təkrar test aparılır. Cavablar mənfi olarsa, xəstəxanada olanlar yalnız 14 gündən sonra evə yazıla bilərlər. Ümumilikdə isə test cavabları iki dəfə mənfi olandan sonra onlar ətrafdakılar üçün təhlükə törətmirlər və normal həyatlarına qayıda bilərlər”, - deyə baş infeksionist bildirib.

Cəlal İsayev qeyd edib ki, ev şəraitində müalicə aparılması ilə bağlı protokol işlənib hazırlanıb. Belə ki, bu zamanı xəstənin orqanizminin immun sistemini gücləndirən müxtəlif preparatlar təklif olunur. Həmin xəstələr sahə həkimlərinin müşahidəsi altında olurlar. Əgər hər hansı bir xəstədə ağırlaşma və ya fəsad ortaya çıxarsa, o, mütləq xəstəxanaya aparılır. Ev şəraitində müalicə alanlar daim müşahidə altında saxlanılmalıdırlar. Burada xəstənin özü də maraqlı olmalı, səhhətindəki dəyişiklikləri müntəzəm olaraq həkiminə xəbər verməlidir. Ola bilsin ki, heç bir dəyişiklik baş verməsin. Çünki yoluxanların 70 faizində xəstəlik heç bir əlamət büruzə vermədən keçir. Həmin şəxslər ətrafdakılar üçün təhlükəli olurlar. Belə ki, onlarda heç bir simptom olmur, gündəlik fəaliyyətlərini davam etdirirlər və xəstəliyi daha çox yayırlar.

Baş infeksionistin sözlərinə görə, koronavirusa yoluxan insanlar sağaldıqdan sonra adətən onların ağciyərləri tam bərpa olunur: "Bəzi xəstələrdə, yəni, xəstəliyin ağır gedişi olanlarda ola bilər ki, ağciyərlərdə fibroz sahələr yaransın. Bu da müəyyən tənəffüs hərəkətlərinin çətinliyinə səbəb ola bilər. Onlarda da sonradan bədən tərbiyəsi və müəyyən terapevtik müalicə aparılır. Bir qismində ağciyərlər bərpa olunur. Lakin bəzilərində bərpa prosesi baş verməyə, daim tənəffüs hərəkətlərinin çətinliyi, tənəffüs çatışmazlığı müşahidə oluna bilər".

O, AzərTAc-a bildirib ki, insan orqanizmində hər bir infeksiyaya qarşı antitellər, anticisimciklər yaranır və çoxlarında immunitet formalaşır. COVID-19-a yoluxanlarda antitellərin inkişafına dair müxtəlif rəqəmlər var. Hələ dəqiq məlumat bəlli deyil. Ola bilər ki, spesifik antitelləri təyin edəcək reaktivlər yoxdur. Bununla yanaşı, həmin antitellər digər COVID qrup virusları ilə çox yaxın olub çarpaz reaksiya verə bilər. Ona görə bu məsələ çox mübahisəlidir.

C.İsayev, həmçinin qeyd edib: "Koronavirusun çox növü var. Koronavirusa yoluxan insanda immunitet formalaşsa da, ikinci dəfə yoluxma ehtimalı qalır. Lakin bu, hamıda baş vermir. COVID-19-da isə immunitetin nə dərəcədə davamlı, ikinci dəfə yoluxma ehtimalının nə dərəcədə yüksək olması hələ dəqiq məlum deyil. Onu da qeyd edim ki, bir dəfə bu xəstəliyi keçirənlərdə ikinci dəfə yoluxma baş verərsə, bu, nisbətən yüngül keçəcək. Çalışaq ki, heç yoluxmayaq. Özümüzü qoruyaq ki, nə vaksini, nə də spesifik preparatı gözləməyək.

Hazırda pəhriz saxlayaraq çəki atmaq tövsiyə olunmur. Virusdan qorunmaq üçün gündəlik zülal, karbohidrat, yağ, vitamin, mineral tələbatını ödəyən tam dəyərli qida məhsullarından istifadə vacibdir. Xəstəliyin ətrafa yayılmaması üçün simptomları olan və ya test nəticəsi müsbət çıxan insanlar özləri-özlərini təcrid etməli, təcrid olunan xəstələrə baş çəkmək üçün onların yanına başqaları gəlməməlidirlər.

Gigiyenik qaydalara əməl edilməsi, qidalanmaya fikir verilməsi, bol meyvə-tərəvəz qəbul edilməsi, yuxu rejiminin nizamlı olması tövsiyə olunur. Stressdən uzaq durmağa çalışmaq məqsədəuyğundur. Həmçinin spirtli içki qəbul etmək, siqaret çəkmək kimi zərərli vərdişləri tərgitmək lazımdır. Konservləşdirilmiş qida məhsullarından qaçmaq, sağlam həyat tərzi keçirmək məsləhət görülür. Bununla yanaşı, insanların sıx olduğu yerlərdə maska taxılmalı, sosial məsafə gözlənilməlidir. Sosial təcrid qaydalarına əməl etmək lazımdır. Bu dövrdə xəstəliyin yayılmasının qarşısı tam alına bilinməsə də, onun azalmasına nail olmaq mümkündür. Bizim hamımız buna cəhd etməliyik. Koronavirus gəncləşib və aqressivləşib. Ona görə də ehtiyatlı olmalıyıq".

Azvision.az


Teqlər: Cəlal-İsayev   Koronavirus  





Xəbər lenti