“Siz hər bir vətəndaşın dayağı, dar günün dostusunuz” - Prezidentə yazırlar

   “Siz hər bir vətəndaşın dayağı, dar günün dostusunuz” -    Prezidentə yazırlar
  17 İyun 2020    Oxunub:4165
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Azvision.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Laçın rayonundan məcburi köçkün Bəhruz Mehrəliyev : “Cənab Prezident, ulu öndərimiz Heydər Əliyev biz məcburi köçkünlərə hər zaman qayğı ilə yanaşardı. Allah Ulu Öndərimizə rəhmət eləsin, onun xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır. Siz Prezident seçilərkən sevindik ki, gələcəyimiz daha da yaxşı olacaq və Azərbaycanımız gündən-günə çiçəklənəcək, gözəlləşəcəkdir. Sonrakı hadisələr bizim yanılmadığımızı göstərdi. Xalqımız bu gün güclü, qüdrətli Azərbaycanla fəxr edir.

Təbii ki, Sizin və Mehriban xanım Əliyevanın ölkəmiz üçün gördüyünüz işlər danılmazdır. Uğurlu addımlarınızla Sizə olan güvənimizi, inamımızı daha da gücləndirirsiniz. Digər ölkələrlə müqayisədə bizim ölkə sürətlə inkişaf edir və əmin-amanlıq hökm sürür.

Cənab Prezident, ailəmiz adından Sizə və ailənizə cansağlığı, uzun ömür diləyirəm. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Yaşasın Azərbaycan”.

Gəncə şəhər sakini Rauf Abbasov yazır: “Hörmətli cənab Prezident, Azərbaycan bütün gözlənilməz hallara hazır olduğu kimi, bu gözəgörünməz virusla, təhlükəli düşmənlə də uğurla mübarizə aparır. Pandemiyanın ən kəskin günlərində belə biz digər ölkələrlə müqayisədə daha yaxşı statistika ortaya qoya bildik. Bu üç ay ərzində Azərbaycan beynəlxalq səviyyəli konfranslardan kənarda qalmadı. Biz bu dövrdə ölkəmizin texniki imkanlarının da yaxşı vəziyyətdə olduğunu gördük. Azərbaycanın ev sahibliyi ilə, Sizin müdrik rəhbərliyiniz sayəsində nüfuzlu beynəlxalq videokonfranslar keçirildi. Daha sonra dövlət hakimiyyəti orqanları öz sahələri üzrə videokonfranslar yolu ilə fəaliyyətlərini qurdu. Yəni görünən odur ki, ölkəmizdə heç bir sahədə işlər axsamadı. Demək ki, bu şərtlərdə də yaşamaq, müəyyən ölçüdə evdən də işləmək, dövləti uğurla idarə etmək mümkün oldu. Eyni zamanda, bütün təhsil ocaqlarımız da distant şəkildə idarə olundu. Bu da bir sınaq, keçid dövrüdür. Düşünürəm ki, insanlarımız nikbin olmalıdır, Sizin uzaqgörən siyasi baxışınız nəticəsində, el birliyi ilə biz bu problemi də aşacağıq. Allah Sizi qorusun, cənab Prezident. Biz həmişə Sizinləyik”.

Ağcabədi sakini Hafiz Atakişiyev dövlətimizin başçısına təşəkkürünü bu sözlərlə ifadə edir: “Möhtərəm Prezidentimiz, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində atdığınız zəruri qabaqlayıcı addımlar bir daha onu sübut etdi ki, Siz hər zaman xalqın yanında olmusunuz. Ağcabədi sakinləri, eləcə də biz gənclər rayonumuzda “ASAN xidmət” mərkəzinin açılacağı günü səbirsizliklə gözləyirdik. Bir tərəfdən rayon əhalisi bir məkandan şəffaf qaydada bir çox dövlət və özəl xidmətlərdən yararlanacaq, digər tərəfdən isə gənclərimizə əlavə fürsətlər açılacaq. Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm”.

Quba rayonunun Mirzəqışlaq kəndindən Alim Məmmədov, İbrahim Abasov, Rövşən Babayev, Ramin Kazımov və Ceyhun İsrafilov yazırlar : Möhtərəm cənab Prezident, bu məktubu Sizə və ailə üzvlərinizə dərin təşəkkürümüzü bildirmək üçün yazırıq. Yaşadığımız qədim Mirzəqışlaq kəndi Qubanın rayonunun mərkəzindən 20 kilometrlik məsafədə yerləşir. 1986-cı ildə kənd sakinləri qonaqpərvərlik göstərərək, məhsəti türklərindən olan 20 ailəni qəbul edib və hazırda onlarla mehriban yaşayırlar.

Son illər kəndimizə göstərilən qayğı bizi sevindirir. Belə ki, iki il əvvəl kəndimiz təbii qazla təchiz olundu. Bu il isə kəndimizə 3,5 kilometr uzunluğunda asfalt yol çəkildi. Kəndimizin sosial problemləri demək olar ki, öz həllini tapıb. Azərbaycanın şəhərlərində, rayonlarında, kənd və qəsəbələrində ölkə vətəndaşlarına yaradılan bu gözəl şəraitə görə Sizə təşəkkür edir, Ulu Tanrıdan Sizə və ailə üzvlərinizə cansağlığı, uzun ömür arzulayırıq.

Siyəzən rayonundan Əli Eldarov: “Möhtərəm cənab Prezident. Bir din xadimi kimi bildirmək istəyirəm ki, azad, firavan ölkədə yaşayıb rahat ibadətlə məşğul ola biliriksə, buna görə Sizə borcluyuq. Din bizim mənəvi dəyərimizdir. Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Amma Sizin rəhbərliyinizlə görülən işlər sayəsində Azərbaycan digər ölkələrlə müqayisədə daha az itki verdi. Siz COVID-19 pandemiyası dövründə böyük fədakarlıq göstərərək, insanların maddi ehtiyaclarının ödənilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində uğurlu işlər görürsünüz. Siz koronavirusun yayıldığı ilk günlərdən vətəndaşların yanındasınız, onlara kömək göstərirsiniz.

Cənab Prezident, bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz rəhbərimiz var. Azərbaycan xalqı Sizi daim dəstəkləyir. Allah Sizi və xalqımızı qorusun”.

Tərtər rayonundan Tunarə Məmmədzadə: Çox hörmətli cənab Prezident, Sizin Tərtər rayonuna hər səfəriniz biz tərtərli gənclər üçün toy-bayrama çevrilir. İndi biz gənclərin bir araya gəlməsi üçün gənclər mərkəzimiz, şahmat gənclər idman məktəbimiz, möhtəşəm olimpiya idman kompleksimiz var. Siz gənclərimizin təhsilinə, tərbiyəsinə diqqət və qayğı ilə yanaşdığınız kimi, onların sağlamlığına da xüsusi diqqət yetirirsiniz. Açılışını yenicə etdiyiniz olimpiya idman kompleksi bunun bariz nümunəsidir.

Cənab Prezident, dünyanı koronavirus pandemiyasının ağuşuna aldığı bir vaxtda, bütün çətinliklərə baxmayaraq, rayonumuza səfər etdiyiniz, bizimlə birgə olduğunuz üçün cəbhə bölgəsində yaşayan vətənpərvər gənclər adından Sizə minnətdarlığımızı bildiririk. Biz gənclər həmişə Sizinləyik və Sizin rəhbərliyinizlə istər təhsildə, istər istehsalat, istərsə idman sahəsində yeni-yeni uğurlara imza atmağa söz veririk. İnanırıq ki, Qarabağımız tezliklə işğaldan azad ediləcək, o torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanacaq. Tanrı Sizi, ailənizi və xalqımızı qorusun”.

Salyan rayonunun Kürsəngi kəndinin ağsaqqalları adından Ağalı Osmanov, Habil Qurbanov, Hümmət Qəribov, Əflan Hüseynov və Əli Cavadov yazırlar: “Möhtərəm cənab Prezident, kəndimizdə aqrar sektorda inkişaf dinamikası müşahidə edilir. Hazırda taxıl biçini mövsümüdür. Biçinə yeni kombaynlar cəlb edilmişdir. Ümumilikdə kəndimizdə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur. Həmçinin dövlət dəstəyi ilə özəl sektor tərəfindən lazımi texnikalar alınmaqdadır. Fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə müvafiq işlər görülmüşdür. Pambıq əkinini də uğurla başa çatdırmışıq.

Hörmətli Prezident, kənd ağsaqqalları Sizi əmin edir ki, taxıl biçinini uğurla başa vurub, bol məhsul əldə edəcəyik. Bu da kəndimizdə əhalinin güzəranının yaxşılaşdırılmasına zəmin yaradacaqdır. Bütün bu işlərin uğurla həyata keçirilməsi üçün kəndin ağsaqqalları Sizə minnətdarlıqlarını bildirirlər”.

İsmayıllı rayonundan Elməddin Seyidov: “Çox hörmətli cənab Prezident.

Son illərdə ölkəmizdə baş verən hadisələr göstərdi ki, Siz hər bir vətəndaşın dayağı, dar günün dostusunuz. Bizim ailə də bunu öz həyatında gördü. Ötən il Dağlıq Şirvan zonasında baş vermiş zəlzələ nəticəsində evimiz qəzalı vəziyyətə düşmüşdü. Arzu edirəm, o günləri Allah bir də bizə göstərməsin. Öz doğma ocağını dağınıq görmək çox ağır taledir. Belə bir vaxtda biz Sizi yanımızda gördük, böyük təsəlli və sonda nicat tapdıq. Ailəm üçün yeni ev tikilmişdir.

Möhtərəm Prezident, bizi evsiz-eşiksiz qoymadığınız üçün Sizə ailəmin adından minnətdarlığımı bildirirəm. Xudavəndi-aləm ocağınızı gur eləsin, həyatınız daim firavan olsun”.

Siyəzən rayon sakini Pərvin Ağasiyev “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması ilə bağlı təşəkkürünü belə ifadə edir: “Möhtərəm Prezident. Siyəzən ərazisində yerləşən nadir təbiət abidələrindən olan Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin qorunmasının daha da gücləndirilməsinə imkan verəcək “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncamınız rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Bu addımınız bir daha sübut edir ki, Siz Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin himayədarısınız.

Regionlarda mədəniyyətin inkişafına, tarixi abidələrin və müqəddəs məkanların bərpasına göstərdiyiniz qayğı milli-mənəvi dəyərlərimizə olan sevginizin və hörmətinizin göstəricisidir. Sizin və hörmətli birinci xanım Mehriban Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafı ilə yanaşı, mədəniyyətimizə də diqqət və qayğınızın nəticəsi olaraq, fəaliyyətiniz xalqımız tərəfindən hər zaman bəyənilir və dəstəklənir.

Dünyada COVID-19 pandemiyası təhlükəsinin tüğyan etdiyi dövrdə ölkəmizdə bu bəlanın qarşısının alınması və insanların sağlamlığının qorunması üçün həyata keçirdiyiniz tədbirlərə görə də bir vətəndaş olaraq Sizə təşəkkür edirəm”.

Mingəçevir şəhərinin sakini Rafiq Əliyev: “Möhtərəm cənab Prezident. “Azərbaycan” İstilik Elektrik Stansiyasında aparılan abadlıq-quruculuq işləri biz energetiklərin ürəyincədir. Stansiyanın təmiri ilə yanaşı, həmin ərazidən keçən Qarabağ kanalının da təmir edilməsi, onun “Borçalı” bağ massivinə gedən hissəsində yeni körpünün salınması sakinlərin rəğbətinə səbəb olub. Uzun illər idi ki, həmin bağ massivində yaşayan sakinlərinin gediş-gəlişində çətinlik var idi. Artıq yaşadığımız bağ massivinə rahatlıqla gedirik.

Cənab Prezident, görülən bütün bu işlərə görə Sizə minnətdarıq. Qoy, Uca Tanrı Sizi qorusun!”

Ağcabədi rayonunun Rəncbərlər kəndinin sakini Eldəniz Məmmədov: “Hörmətli cənab Prezident, Tərtər, Ağdam, Ağcabədi rayonlarına səfəriniz bir daha göstərdi ki, Siz cəbhə bölgəsinə həssaslıqla yanaşır, həmin rayonların sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı göstərirsiniz.

Sizin Ağcabədiyə son səfəriniz bir kənd sakini olaraq mənə və bütün ağcabədililərə böyük ruh yüksəkliyi gətirmişdir. Səfər çərçivəsində Ağcabədidə bir sıra obyektlərin, o cümlədən kəndimizin ərazisində yerləşən dənli bitki toxumlarının emalı zavodunun açılışında iştirak etməyiniz gələcəkdə biz fermerlərin yüksək repreduksiyalı toxumlarla təmin olunması və yüksək məhsuldarlıq əldə etməsi üçün böyük təkan olacaqdır.

Bu şəraiti bizə yaratdığınıza görə kəndimizin fermerləri adından Sizə dərindən təşəkkür edir, cansağlığı, uzun ömür diləyirəm. Biz hiss edirik ki, Azərbaycan kəndlisi torpaq sahibidir, arxasında isə onu düşünən dövlət başçısı var. Allah Sizi qorusun”.

Kürdəmir sakini Sevinc Seyidova: “Möhtərəm cənab Prezident. Bütün dünyanı cənginə alan COVID-19 infeksiyası Azərbaycanımızdan da yan keçmədi. Koronavirus insanlarda qorxu, vahimə yaradırdı, əhali sonu ölümlə nəticələnən bu virusdan qurtuluşun mümkünsüzlüyünü düşünərkən Sizin qətiyyətlə verdiyiniz qərarlar, uzaqgörən siyasətiniz xalqımıza inam verdi. Sizin və Mehriban xanım Əliyevanın bu çətin günlərdə xalqımızın yanında olmağınız, bizə maddi və mənəvi dəstək verməyiniz, eyni zamanda, bu bəladan qurtuluş üçün lazım olan bütün tədbirlərin həyata keçirilməsinə nəzarət etməyiniz xalqımızın həyatında əvəzsiz rol oynamaqdadır. Sizin böyük zəhmət hesabına əldə etdiyiniz uğurlar nəticəsində ölkəmiz ən az itkilərlə bu koronavirusla gərgin mübarizə aparır. Tərəfinizdən aparılan bu mübarizənin nəticəsidir ki, bütün xalqımız bir daha Sizin nə qədər əzəmətli, Vətənini, xalqını sevən bir Lider olduğunuzun şahidi oldu.

Hörmətli cənab Prezidentimiz, Sizinlə fəxr edirik, Sizin kimi böyük bir Lideri olan ölkəmizin bundan sonra da hər bir mübarizədə qalib olacağına inanırıq. Bütün gücümüzlə Sizi dəstəkləyirik və hər zaman yanınızdayıq”.

Bakı şəhərinin Binəqədi rayonunun Xocasən qəsəbəsinin sakinləri Ağayar Məmmədov və Telman Abdullayev yazırlar: “Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız nəticəsində Binəqədi rayonu Xocasən qəsəbəsinin siması gündən-günə dəyişir. Qəsəbənin yollarının böyük əksəriyyətinə asfalt örtüyü çəkilib. Hazırda qəsəbənin yeni salınmış məhəllələrinin ayrı-ayrı küçələrində yenidənqurma işləri davam edir. Bu günlərdə rayonumuzun qəsəbələrində avtomobil yollarının yenidən qurulmasının davam etdirilməsi məqsədilə ayırdığınız maliyyə vəsaiti bir daha sübut edir ki, vətəndaşların rifahı daim Sizin diqqətinizdədir. Biz vətəndaşlar üçün çəkdiyiniz zəhmətə, insanların rifahı üçün gecə-gündüz yorulmadan çalışdığınıza görə bütün Xocasən əhalisi adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Məktub  





Xəbər lenti