Azərbaycan və Türkiyə deputatları onlayn görüşdülər

Azərbaycan və Türkiyə deputatları onlayn görüşdülər
  10 İyun 2020    Oxunub:3134
İyunun 10-da Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn videokonfrans keçiriblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, videokonfransı Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, akademik Əhliman Əmiraslanov açıb.

O bildirib ki, bu görüş hər iki ölkənin parlament rəhbərlərinin təşəbbüsü və arzusu ilə təşkil olunub.

Hazırda dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verən komitə sədri Azərbaycanın dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülmüş qabaqlayıcı tədbirlər xeyli müsbət nəticə verdiyini diqqətə çatdırıb: “Hazırda ölkəmizdə koronavirusla mübarizə sahəsində 7 mindən çox çarpayı fondu olan 21 xəstəxana fəaliyyət göstərir və həmin xəstəxanaların imkanları son dərəcə genişdir. Azərbaycanda COVID-19-a yoluxmuş bütün xəstələr dövlət hesabına stasionarda müalicə alırlar. Eyni zamanda pandemiya dövründə digər ölkələrdən gətirilən soydaşlarımız dövlət hesabına, geniş imkanları olan otellərdə karantinə alınır, həkim nəzarətində saxlanılır. Dövlət COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib. Qalır insanların karantin rejiminə riayət etməsi. Əminik ki, görülən tədbirlər müsbət nəticəsini verəcək, yollar açılacaq və biz bir-birimizlə əyani surətdə görüşə biləcəyik”.



Videokonfransda Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım iki dövlət, bir millət olan ölkələrimizin və xalqlarımızın qardaşlığından söz açıb və pandemiya dövründə, böhran vəziyyətində belə bir-birindən dəstəyini əsirgəməyən Türkiyə və Azərbaycanın dostluğunun sarsılmaz olduğunu vurğulayıb.

Həmçinin, Şamil Ayrım da Türkiyədə COVID-19-la aparılan mübarizə barədə məlumat verib: “Parlamentlərarası əlaqələrimiz daha da inkişaf edəcəyinə əminəm. Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərəm ki, yubiley günümdə Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmağım sevincimi ikiqat artırdı”.

Milli Məclisin deputatları, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Sabir Rüstəmxanlı, Aqiyə Naxçıvanlı, Fazil Mustafa, Rəşad Mahmudov, Nizami Səfərov, Arzu Nağıyev, Ramil Həsən ölkələrimiz arasındakı dostluq-qardaşlıq münasibətlərindən, strateji tərəfdaşlıq əlaqələrindən bəhs etdilər. Qanunvericilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıbar.

Videokonfransda Türkiyə Böyük Millət Məclisinin üzvləri Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Aylin Cesur, Yaşar Karadağ, Yılmaz Tunc, Uğur Bayraktutan çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin mənəvi, siyasi əhəmiyyətini yüksək qiymətləndiriblər.

Söhbət zamanı Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin xatirəsi hörmətlə yad olunub və Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın mövqeyini dəstəklədiyi vurğulanıb.

Videokonfransı yekunlaşdıran Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov bildirib ki, hər iki ölkənin dövlət başçıları millət vəkilləri qarşısına böyük vəzifələr qoyub: "Əlaqələrimiz çoxşaxəli olmalı və daha sıx inkişaf etməlidir".

Videokonfransda TBMM-in millət vəkilləri, Azərbaycanla dostluq qrupunun üzvləri İbrahim Aydemir, Yaşar Tüzün, Mehmet Erdoğan da iştirak ediblər.

Azvision.az


Teqlər: Azərbaycan   Türkiyə   Parlament  





Xəbər lenti