Meyitdən orqan götürülməsi ilə bağlı əsas tələblər

Meyitdən orqan götürülməsi ilə bağlı əsas tələblər
  06 İyun 2020    Oxunub:3834
Meyitdən transplantasiya məqsədi ilə orqanların götürülməsi yalnız mütəxəssislərdən ibarət həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və ya baş-beyin fəaliyyətinin tam dayanmasını (beyin ölümünün) təsdiq edən qərar qəbul edildikdən və protokollaşdırıldıqdan, imzalanıb möhürləndikdən sonra tibb müəssisəsinin baş həkiminin icazəsi ilə həyata keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, meyitin məhkəmə-tibb ekspertizası zərurəti olduqda ekspertiza məhkəmə-tibb ekspertinin iştirakı ilə donor orqanların götürülərkən və ya orqanlar götürüldükdən sonra həyata keçirilir. Bioloji ölümün baş verməsini və ya baş beyin fəaliyyətinin tam dayanmasını (beyin ölümünün) təyin edən diaqnostik göstəricilərin standartları, həkim konsiliumunun tərkibi, donor orqanın götürülməsi prosesində məhkəmə-tibb ekspertinin iştirakı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bioloji ölüm və beyin ölümü faktının təyin edilməsi barədə qərar donor orqanının götürüldüyü tibb müəssisəsində 15 (on beş) il saxlanmalıdır. Donorun ölüm aktının təsdiqində transplantoloqun və transplantasiya üzrə koordinatorun iştirakı qadağandır.

Həmçinin, ölümün qeydə alınmasından sonra və donor orqanların götürülməsi anınadək donor orqanların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi proseduralar - donorun kondisiyalaşdırılması həyata keçirilir, görülmüş tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada protokollaşdırılır.

Donorun kondisiyalaşdırılması, eləcə də xüsusi tibbi avadanlıqdan istifadə etməklə digər tədbirlər donorun olduğu tibb müəssisəsinin reanimasiya şöbəsinin donora cavabdeh həkimləri tərəfindən, zəruri olduqda digər tibb müəssisəsinin mütəxəssisləri cəlb edilməklə həyata keçirilir.

Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsində müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qanun   Layihə  





Xəbər lenti