Anaları COVID-19-a yoluxan körpələrdə virus aşkarlanmayıb

Anaları COVID-19-a yoluxan körpələrdə virus aşkarlanmayıb
  06 İyun 2020    Oxunub:4203
COVID-19-a yoluxmuş analardan doğulan heç bir körpənin COVID-19 testi müsbət nəticələnməyib. Onu da qeyd edək ki, az sayda olan bu hallarda virusa nə amniotik maye, nə də ana südü nümunələrində rast gəlinməyib. Amma COVID-19 virusunun hamilə qadından hamiləlik və ya doğuş zamanı dölə və ya körpəyə ötürülmə ehtimalı hələ elmə tam olaraq məlum deyil.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin Biomühəndislik araşdırmaları sektorunun mütəxəssislərinin “Hamiləlik və laktasiya dövründə COVID-19 riski ” mövzusunda hazırladıqları elmi məqalədə qeyd olunub.

Bildirilib ki, hazırkı məlumatlara əsasən, hamiləlik dövründə COVID-19-a müsbət nəticəsi olan analardan doğulmuş körpələrdə hamiləlik və ya doğuş (məsələn, vaxtından əvvəl doğuş) ilə əlaqədar az sayda problem yaşanıb.

“Ancaq bu halların ananın yoluxduğu virus infeksiyası ilə əlaqəli olub olmadığı aydın deyil. Xüsusi nəzərə alınmalı məqamlardan biri də yoluxmuş ananın körpəsini ana südü ilə qidalandırmasıdır. Ana südü müxtəlif xəstəliklərə qarşı körpəni qoruyur. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC- Centers for Disease Control and Prevention) digər bənzər viruslarla (SARS-CoV və MERS-CoV) yoluxma zamanı körpələrin südlə qidalandırılmasına dair xüsusi tədbirlər planı təklif etməyib. Həmçinin, COVID-19 xəstəliyinin törədicisinin ana südünə, dolayısı ilə körpəyə necə təsir etdiyi hələlik məlum deyil. Süd verən ana öz həkimi və ailə üzvləri ilə məsləhətləşdikdən sonra süd verməyə davam edəcəyinə və ya saxlayacağına qərar verməlidir. COVID-19 diaqnozu qoyulmuş və ya xəstəliyin simptomlarını daşıyan analar virusun körpəyə yoluxmasının qarşısını almaq üçün bütün təhlükəsizlik qaydalarına əməl etməlidir. Belə ki, körpələrə toxunmadan öncə əllərin yuyulması və maska taxılması olduqca vacibdir. Ana övladını əmzik başlıqlı butulka ilə qidalandırırsa, əlləri yumadan öncə butulkanın heç bir hissəsinə toxunmamalıdır”.

Azvision.az


Teqlər: AQTA   Koronavirus  





Xəbər lenti